EN

“Baş verən hadisə ilə bağlı Rusiyanın mövqeyi anlaşılmazdır” - Arzu Nağıyev

Yazını böyüt
Yazını kiçilt

“Baş verən hadisə ilə bağlı Rusiyanın mövqeyi anlaşılmazdır. Bunu ilkin bir versiya kimi ortaya ataraq çalışırlar ki, ciddi bir cavab verməsinlər. Kremldən tapşırıq alan bir sıra siyasətçilər, eyni zamanda kütləvi informasiya vasitələri ciddi-cəhdlə bu proseslərdə məhz pilotları günahlandırmağa çalışırlar. Bu da absurd məsələdir”.

Bunu hafta.az-a AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Azərbaycanın bununla bağlı irəli sürdüyü şərtlərdən rəsmi Moskvanın yayınması ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, ilkin araşdırmanın göstərdiyi kimi, Azərbaycana məxsus olan təyyarə dekabrın 25-də qəzaya uğrayıb? 38 nəfər həlak olub. Burada tək Azərbaycan vətəndaşları deyil, Rusiya, Qazaxstan vətəndaşları da var. A.Nağıyev qeyd edib ki, Rusiyanın hətta öz vətəndaşlarına qarşı bu qədər biganə qalması çox təəssüf doğuran haldır:

“Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı  bir daha göstərir ki, Rusiya hadisəyə qərəzli yanaşmasını dayandırmır. İlkin hesabatdan da məlum olur ki, bizim təyyarəmiz Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində bütün GPS siqnallarının itməsi halı ilə üzləşib və o, vurulub. Bu hesabatda da qeyd olunur - pilot Bakıya qayıtmaq barəsində qərar verib, çalışıb ki, geri qayıtsın, lakin o sistemin kənar müdaxilə nəticəsində işləməməsi buna imkan verməyib”.

A.Nağıyev qeyd edib ki, Rusiya tərəfi ciddi-cəhdlə “kavyor əməliyyatı”nı ortaya atır. Məlum məsələdir ki, “kavyor əməliyyatı” məhz AZAL-a məxsus təyyarə vurulduqdan sonra ortaya çıxıb:

“İlkin hesabatda da görülür ki, bunların arasında  hətta 10 dəqiqəyə yaxın fərq var. Yəni ilkin arayışlar, tədqiqatlar bir daha göstərir ki, təyyarənin vurulması faktı təsdiq olunur. Burada foto, audio, rəqəmsal qeydiyyatlar var. Birmənalı şəkildə Rusiya bundan qaça bilməz. Hesabatı verməklə Rusiya tərəfinə məsuliyyətini bir daha xatırlatmaq istəyirik. Beləki hesabat yayılandan sonra Rusiyanın inhisarında olan qurumlar, hətta “Rosaviasiya” məlumatdan yayınmaq üçün əsassız açıqlamalarla çıxış edir, mətbuatları da onların dediklərini təkrarlayır. Lakin ardıcıl şəkildə bu materialları oxuyanda bir daha məlum olur ki, Rusiya mətbuatında belə, qərəzli mövqe özünü büruzə verməkdədir. Yəni bu, birinci hal deyil, bu praktika ilə biz rastlaşmışıq. Vaxtilə Dombas üzərində Malayziya təyyarəsinin vurulmasında da Rusiya belə bir ajiotaj yaratdı. Guya bunlar deyil, Ukrayna günahkardır. İllər keçdikdən sonra sübut olundu ki, burada da Rusiya tərəf birmənalı şəkildə həmin təyyarənin vurulmasında iştirak edib”.

AZAL-a məxsus təyyarənin vurulmasında faktlar və dəlillərin tam ortada olduğunu vurğulayan deputat qeyd edib ki, ilkin hesabatdan da göründüyü kimi, təyyarəmizə bir neçə dəfə atəş olub, “kavyor əməliyyatı” 8-10 dəqiqədən sonra elan olunub:

“Yəni bu qədər faktlar, sübutlar qarşısında Rusiya tərəfinin öz təkidlərindən, siyasətindən dönməməsi ciddi təəssüf doğuran məsələdir. Fakt budur ki, Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədə istintaq aparılır. Azərbaycan təyyarəsinə atəşin məhz bu hərbi hissə ərazisindən açıldığına dair məlumatlar var. Onlar - Azərbaycan prokurorluğu, eyni zamanda hüquq mühafizə orqanları, xüsusi xidmət orqanları, cənab Prezidentin tapşırığına uyğun olaraq yaradılmış komissiya öz işini davam etdirməkdədir. Ən yüksək səviyyədə də bu məlum oldu ki, təyyarəmiz Rusiyanın hava hücumundan müdafiə sistemi ilə vurulub. Yəni bu qədər faktın qarşısında həm Qazaxıstan, həm Azərbaycan, həm Rusiya, həm Braziliyadan da iştirak edən mütəxəssislər də birmənalı şəkildə bilir ki, bu proses nədən ibarətdir və bu hadisə necə baş verib.

Azərbaycan öz şərtlərini irəli sürdü. Üzr istəmə prosesi, eyni zamanda gələcəkdə yəqin ki, kompensasiya məsələsi. Təbii ki, istintaqın gedişində ciddi məlumatlar alacağıq. Sübut bazası artıq formalaşır, faktlar var, dəlillər toplanır. Və beynəlxalq məhkəməyə də müraciət etmək Azərbaycanın haqqıdır.

Bir daha Azərbaycan tərəfi bildirir ki, istənilən vaxt Rusiya ilə münasibətlərin nədən ibarət olduğunu və bu hadisənin necə baş verdiyini hələlik bir dialoq şəklində danışa bilər, Moskva öz günahını açıq şəkildə etiraf edə, məsuliyyəti öz üzərinə götürə bilər. Düşünürəm ki, Azərbaycanın müstəqil daxili və xarici siyasəti buna imkan verir. Ümumiyyətlə, Azərbaycan istənilən dialoq üçün açıqdır. Bu gün də biz öz hüquqlarımızı qorumağa hazırıq. Eyni məsələni biz Azərbaycan-Rusiya münasibətində də gərginliyin qəsdən yaradılmaması üçün istifadə edən Rusiya tərəfinə də tövsiyə xarakterli fikrimizi bildiririk”.

Chosen
12
hafta.az

1Sources