EN

Vüqar Əsədli: “Teymur möhkəm şahmatçıdır”

“Azərbaycan çempionatında çıxışımı qənaətbəxş hesab edirəm”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Vüqar Əsədli deyib.

O, Şahmat Federasiyasının mətbuat xidmətinə ölkə çempionatında 1/4 finalda mübarizəni dayandırmasına münasibət bildirib: “İlk mərhələdə Kənan Qarayevi məğlub etdim. 1/8 finalda Eltac Səfərliylə tay-brekdə gərgin mübarizədə uğur qazanaraq mərhələ adladım. Eltacla partiyalar çox çətin oldu. 1/4 finalda Teymur Rəcəbovla oyunları bəyəndim. Rəcəbovla tay-brekdə ilk oyunda riskli variant seçdim və pis vəziyyət aldım. Tay-brekin ikinci partiyasında uduşa oynamağıma baxmayaraq hesablamada dəqiq olmadım. Ümumiyyətlə isə oyunumu normal dəyərləndirirəm”.

Əsədli 1/4 finalda Rəcəbova rəqib olmağının çətinliyindən danışıb: “İlk dəfə klassik şahmatda Rəcəbova qarşı oynadım. Teymur çox möhkəm şahmatçıdır. Oyun üslubumuz fərqlidir. Ölkə çempionatında bütün şahmatçılar güclüdür, zəif iştirakçı yox idi. Sadəcə başqa rəqiblə qarşılaşsaydım nəticə fərqli ola bilərdi. Belə şahmatçıyla mübarizə aparmaq mənim üçün təcrübədir. Bəzi şeyləri Teymurdan öyrəndim”.

Şahmatçı ölkə çempionatının təşkilatçılığı barədə suala cavab verib: “Azərbaycan çempionatı yüksək səviyyədə təşkil olunub. Dünya şahmat elitasında təmsil olunan iki şahmatçının çempionatda oynaması ciddi rəqabətdən xəbər verir. İştirakçı kimi şahmatçılara yaradılan şəraitdən razı qaldım. Belə yarışda oynamaq çox xoş oldu”.

Sonda Əsədli Rumıniyada təşkil olunacaq Avropa çempionatında iştirak etməyi planlaşdırdığını da deyib.

İdman.biz

Chosen
36
3
idman.biz

7Sources