EN

İrəvanda son barbarlıq- qədim türk yurdunda pivə çəkilir...

Image

Faiq Ələkbərli: “Milli-mədəni abidələrimiz erməni terrorizminin qurbanına çevrilib, başqa məqsədlər üçün istifadə edilir”

“Sosial şəbəkələrdə bir bloqerin İrəvanın Təpəbaşı məhəlləsində yerləşən tarixi Azərbaycan məscidinin qalıqlarını lentə aldığı görüntülər yayılıb. Həmin görüntülərdən aydın olur ki, məscid hazırda spirtli içkilərin istehlak edildiyi məkana çevrilib”. 

Bu sözlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı yaydığı bəyanatdandır. Bəyanatda bildirilir ki, bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır: “Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları bölgədə sülh və barışığın əldə olunmasına ciddi maneə törədir. Mədəni irs obyekti sayılan Təpəbaşı məscidinin dağıdılmasına, qalıqlarının isə bu cür təhqiramiz şəkildə istifadəsinə qətiyyətlə etiraz edərək, UNESCO-nu və digər beynəlxalq təşkilatları təxirəsalınmaz addımlar atmağa, o cümlədən, məscidin və digər dağıdılmış Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırırıq”.

Bəyanatda xüsusi olaraq qeyd edilir ki, biz Ermənistan hökumətindən Azərbaycan xalqına məxsus bütün dağıdılmış və ya saxtalaşdırılmış mədəniyyət abidələrinin bərpası və qorunması istiqamətində öhdəliklərini dərhal yerinə yetirməyi tələb edirik.

“Erməni separatçıları  abidələrimizi bilərəkdən başqa məqsədlər üçün istifadə edirsə buna qarşı müəyyən kampaniyalar aparılmalıdır”

Görəsən, beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsi üçün nə edilməlidir? Bu istiqamətdə hansı işlərin görülməsinə ehtiyac var? AMEA Fəlsəfə və sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanın tarixi şəhərlərindən biri olan İrəvanda milli, dini abidələrə qarşı amansızlığın davam etməsi yeni bir fakt deyil. Ümumiyyətlə, tək İrəvan şəhərində deyil, indiki Ermənistan ərazisində olan digər bölgələrdə olan milli, dini abidələrimizə qarşı təxribatlar davam edir.  İrəvan şəhəri də bunun bariz nümunəsidir. Yalnız Göy Məscidə ciddi şəkildə toxuna bilmirlər: “Ancaq digər milli, mədəni abidələrimiz erməni terrorizminin qurbanına çevrilib, başqa məqsədlər üçün istifadə edilir. Qloballaşan dünyada bütün gücümüzdən, müəyyən resurslardan istifadə etməklə bu halın qarşısını almalıyıq”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan xalqının milli-mədəni abidələrinə qarşı bu kimi yolverilməz addımların qarşısı alınmalıdır. Bunun üçün müvafiq işlər görülməlidir: “İrəvan bu gün Ermənistanın paytaxtı ola bilər. Ancaq ordakı abidələr Azərbaycana məxsusdur. Bu səbəbdən də tariximizə, milli mədəniyyətimizə, abidələrizə sahib çıxmalıyıq. Erməni separatçıları  abidələrimizi bilərəkdən başqa məqsədlər üçün istifadə edirsə buna qarşı müəyyən kampaniyalar aparılmalıdır. Mümkün olan bütün variantlardan istifadə edilməlidir”. 

F.Ələkbərli hesab edir ki, digər türkdilli dövlətlər də məlum hadisə ilə bağlı işlər görməlidir. Bu, ilk növbədə bizim işimizdir: “Abidələrimizin ermənilər tərəfindən bu cür alçaldılması və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilməməlidir. Ümid edirəm ki, aidiyyəti qurumlar da məlum hadisə ilə bağlı lazımi işlər görəcək”.

Günel CƏLİLOVA 





Chosen
62
baki-xeber.com

1Sources