EN

“Hərbi Doktrinanın dəyişməsinin zamanı gəlib” – “Naxçıvandan muxtariyyətin götürülməsi isə...”

“Milli Təhlükəsizlik Konsepsiyası ilə yanaşı, “Milli Təhlükəsizlik Haqqında” Qanunuun, Hərbi Doktrinanın məğzində duran birinci məsələ Qarabağın işğaldan azad olunması idi. Şükürlər olsun ki, biz bu məsələni həll etdik, Qarabağ işğaldan azad olunub və hesab edirəm ki, artıq həmin doktrinaların dəyişməsinin zamanı gəlib”.

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov “Modern.az” saytına müsahibəsində “2007-ci ildə Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası hazırlanıb. Bu konsepsiyada Azərbaycanın təhlükəsizliyi üçün əsas prioritet Qarabağ məsələsi idi, həmçinin Avro-Atlantik məkana inteqrasiya xarici siyasətdə əsas istiqamət kimi götürülmüşdü. Bu gün Qarabağ işğaldan azad edilib. Görünən odur ki, xarici siyasətimiz də xeyli dəyişib. Bu baxımdan Konsepsiyada hansı dəyişikliklər olmalıdır” sualını cavablandırarıkən deyib.

“Konstitusiyamıza və Hərbi doktrinamıza müvafiq olaraq biz müdafiə xarakterli siyasət aparmışıq. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur, Silahlı Qüvvələrimiz yalnız Azərbaycanın müdafiəsi ilə məşğuldur. Bizim heç vaxt kiməsə hücum etmək niyyətimiz olmayıb, olmayacaq da. Çünki bizim siyasətimiz sülh siyasətidir, amma dediyiniz məsələdə həqiqət var ki, həmin sənədlərə bir çox korrektələr olunmalıdır və zaman-zaman da olunacaq”, - o, əlavə edib.

Vitse-spiker həmçinin 2025-ci ildə Konstitusiya dəyişikliyinin mümkünlüyü, bu zaman Naxçıvanın muxtariyyət statusunun ləğv olunmasının mümkünlüyü barədə sualı cavablandırıb: “Cənab Prezident keçən ilin dekabrında verdiyi sərəncama əsasən bu ili “Konstitusiya və Suverenlik İli” elan etdi. Düşünürəm ki, bu çox yerində verilən qərardır. Çünki ilk milli Konstitusiyamızın qəbul edilməsinin 30 ili tamam olur və II Qarabağ müharibəsi, həmçinin lokal hərbi əməliyyatlar nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenlik məsələsi birdəfəlik həll olundu. Keçən ildən həm Prezident, həm parlament seçkiləri bütün ölkə ərazisində baş tutdu. Bir daha da sübut etmiş olduq ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan suverenlik Azərbaycanın bütün ərazisinə aiddir. O ki qaldı, əsas qanunda hər hansı dəyişikliyin edilməsi məsələsinə, şəxsən məndə belə bir məlumat yoxdur. Bilirsiniz ki, biz zaman-zaman Azərbaycan Konstitusiyasına dəyişikliklər etmişik. Məsələn, 2002-ci ildə seçki sistemi ilə bağlı dəyişikliklər, eyni zamanda 2009 və 2016-cı illərdə insan hüquqları, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı referendumlar keçirilib. Bugünkü Konstitusiyamız Heydər Əliyev Konstitusiyasıdır”.

Z.Əsgərov xatırladıb ki, Konstitusiyada hər bir sözün nöqtə, vergülünə qədər hər şeyi Ulu öndər Heydər Əliyev özü redaktə edirdı: “Məzmununa, mahiyyətinə, miqyasına görə Azərbaycan Konstitusiyası dünyanın sayılıb-seçilən Əsas qanunlarından biridir. Bu elə bir konstitusiyadır ki, burada insan hüquq və azadlıqları ilə bağlı məsələlərə çox yer verilib. Bu da başa düşüləndir, çünki biz hüquqi, demokratik dövlət qururuq və hər bir demokratik dövlətdə hüququn aliliyi bərqərar olmalıdır. O ki qaldı, sizin dediyiniz idarəetmə formasına, mən burada heç bir ziddiyyət görmürəm. Konstitusiya və “Normativ hüquqi aktlar haqqında” qanunda hər bir dövlət orqanının vəzifələri göstərilib. Yerli icra hakimiyyətləri haqqında Prezident tərəfindən təsdiq olunan, eyni zamanda Prezidentin xüsusi səlahiyyətli nümayəndələri haqqında Əsasnamə var. Misal üçün, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi dövlət orqanları arasında koordinasiya funksiyasını yerinə yetirir. Bu nə Azərbaycanın, nə də Naxçıvan Muxtar Respublikasının Konsitutusiyasına ziddir. Kimin nə deməsindən aslı olmayaraq, əlimizdə konkret sənəd var. Həqiqətən də o sənədə uyğun olaraq Prezidentin səlahiyyətli nümayəndəsi Əsasnamə ilə fəaliyyət göstərir”.

Naxçıvanın muxtariyyətinin götürülməsi məsələsinə gəlincə, Ziyafət Əsgərov bildirib ki, Naxçıvana muxtariyyətin verilməsi beynəlxalq hüquqi statusa əsaslanır: “Hətta Ermənistan özü də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın protektorluğu altında olmasının qarantilərindən biridir. Bu gün Naxçıvandan muxtariyyətin götürülməsi qeyri-ciddi söhbətdir və bunu gündəmə gətirmək qətiyyən düzgün deyil”.

“AzPolitika.info” 

Chosen
18
azpolitika.info

1Sources