EN

"Bu Amerikanın yeni dünyaya baxış bucağının göstəricisidir" - Hikmət Babaoğlu

Son aylarda Yaxın Şərqdəki gərginlik daha da artıb və Qəzza sektoru ətrafında baş verənlər beynəlxalq siyasətin əsas müzakirə mövzularından birinə çevrilib. ABŞ prezidenti Donald Trampın Qəzza sektorunun ələ keçirilməsi ilə bağlı maraq göstərdiyinə dair iddialar İsrail mətbuatı tərəfindən gündəmə gətirilib. Onun bu ideyanı artıq bir neçə aydır nəzərdən keçirdiyi bildirilir.

“Hazırda dünya siyasətində ciddi paradiqma dəyişiklikləri baş verir. Beynəlxalq münasibətlər sistemində mövcud olan ənənəvi beynəlxalq təşkilatlar getdikcə funksionallığını itirir. Eyni zamanda, qlobal iqlim dəyişikliyi yeni geosiyasi perspektivlər və imkanlar açır. Heç vaxt dünya siyasətinin əsas gündəmində yer almayan Şimal Qütbü və Qrenlandiya artıq yeni geosiyasi prioritetlər kimi ortaya çıxıb. Bu isə yaxın gələcəkdə beynəlxalq münasibətlər sistemində ciddi gərginliklərin yaşanacağından xəbər verir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu, Trampın Qəzzaya qarşı həyata keçirdiyi iddialar barədə danışarkən bildirib.

Millət vəkili qeyd edib ki, bu kontekstdə ABŞ mübahisəsiz olaraq dünyanın ən güclü dövləti kimi öz maraqlarını yeni reallıqda yenidən diktə etməyə çalışır.

“Birləşmiş Ştatların keçmiş prezidenti Donald Trampın “ən isti dənizdən ən soyuq dənizədək” – yəni Aralıq dənizindən Şimal dənizinədək olan ərazilərdə iddialar irəli sürməsi Amerikanın yeni dünyaya baxış bucağının göstəricisidir. Lakin bu iddialar təkcə Trampın şəxsi baxışları ilə məhdudlaşmır. Çünki o, daha çox biznes təfəkkürünə sahib bir fiqurdur, siyasi təfəkkür isə onun fəaliyyətində ikinci planda dayanır. Yaxın qonşularla rüsum və vergi müharibələri kimi məsələlər Trampın fərdi yanaşmasının nəticəsi ola bilər. Ancaq dünya siyasətində bu cür kardinal tezislərlə çıxış etmək ABŞ-ın “dərin dövlətinin” müəyyən etdiyi strateji paradiqmaların göstəricisidir. Ona görə də Trampın səsləndirdiyi fikirləri sadəcə ötəri bəyanatlar kimi qiymətləndirmək düzgün olmazdı. Tramp qətiyyətli bir siyasətçidir və onun bəzi iddialarının qismən də olsa reallığa çevrilməsi mümkündür. Xüsusilə, Fələstin məsələsi ilə bağlı verdiyi bəyanatların həyata keçirilməsi ehtimalı var. ABŞ-ın Qəzza bölgəsini turizm mərkəzinə çevirmək planı nəzəri cəhətdən mümkün görünsə də, orada yerli əhalinin mövcudluğu olmadan bu siyasətin gerçəkləşməsi real deyil. Trampın bu planını tamamilə utopiya adlandırmaq da doğru olmaz. Əgər o, belə bir addım atarsa, bu, ciddi beynəlxalq reaksiyalar doğuracaq. Lakin reallıq ondan ibarətdir ki, ABŞ və digər qlobal güclər arasında balanslı bir siyasət izlənilməlidir. Yaxın perspektivdə bu məsələlərlə bağlı mühüm geosiyasi proseslərin baş verəcəyi gözlənilir”.

Chosen
36
aznews.az

1Sources