EN

Rusiyanın Azərbaycana qarşı iqtisadi şantaj planları tutarsızdır...Sübut...

Image

Cabbar Məmmədov: "Azərbaycanda xeyriyyəçilik pərdəsi altında maskalanaraq diversiya-sabotaj fəaliyyəti həyata keçirən tək USAID və “Rus Evi” deyil…"

Bir neçə gün əvvəl "Rus Evi"nin bağlanmasına etiraz əlaməti olaraq rus mediası və Rusiya Dövlət Dumasının deputatlari, o cümlədən bir çox siyasətçilər hökuməti Azərbaycana qarşı müxtəlif təzyiqlərə çağırır. Görünür, Rusiyanın orta və uzaq mənzilli raketləri tükənib, yoxsa deputatlar Bakının bombalamağı da təklif edərdilər.

Rusiyanin təbliğat arsenalına daxil olan nümayəndələrdən bəziləri Azərbaycana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırır. Səbəb isə çox primitivdir. Azərbaycan hökuməti "Rus Evi"nin dövlət qeydiyyatından keçməsini tələb edir. Təyyarə qəzasına gəldikdə isə, Rusiyanın iradəsi ilə istintaq davam edir, son nəticəyə uyğun olaraq qərar qəbul ediləcək. Rusiya hökuməti məsələri iki dövlət rəsmiləri arasında çözmək, həll etmək əvəzinə öz köhnəlmiş təbliğat arsenalını işə salıb. Artıq dünyada təhdid dili ilə siyasi üstünlük qazanmaq mümkün deyil. Çünki kimin nəyə qadir olduğunu hamı bilir. Amma Rusiya ənənəvi metodlərından əl çəkə bilmir. Çünki siyasi idarəetmədə inkişaf yoxdur. Moskva elə bilir ki, hələ də 20 il əvvəlki Rusiyanı idarə edir. Halbuki, son üç ildə Rusiya həm iqtisadi gücünü, həm də dünyadakı nüfuzunu itirib.

Rusiya görün nə günə qalıb ki, Ermənistan belə onu saymır, ələ salır, tələb edir ki, sərhədçilərini və hərbi bazasını ölkədən çıxarsın. Rusiya isə ermənilərlə "dil tapmağa" çalışır. Belə bir durumda olan Rusiyanın Azərbaycanı iqtisadi sanksiyalarla, miqrantları qovmaqla, Azərbaycan əsilli Rusiya vətəndaşlarını müharibəyə göndərməklə, Azərbaycan diaspora nümalyəndələrinə və rəhbərlərinə problem yaratmaq və s. ilə hədələməsi gülünc görünür.

Çunki birincisi, sözügedən miqrantlar hazırda Rusiya iqtisadiyyatına hava-su kimi lazımdır. İkincisi isə, Azərbaycanın Rusiyadakı şirkətlərini barmaqla saymaq olursa, Rusiyanın Azərbaycanda mindən çox sirkəti var. Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi cəmi 4,8 milyard dollardır ki, bu da Azərbaycanın illik xarici ticarət dövriyyəsinin 10%-i həcmindədir. Üstəgəl, bu dövriyyədə Rusiyadan idxalın payı 75% təşkil edir.

Bu məsələlər ilə bağlı baki-xeber.com saytının suallarını təhlükəsizlik məsələləri üzrə ekspert Cabbar Məmmədov cavablandırıb.

- Bu yaxınlarda Rusiya Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən  “Rus Evi”nin bağlanmasına necə münasibət göstərirsiniz?

- Bilirsiniz, o, Azərbaycanda şübhəli fəaliyyətlə məşğul olan yeganə xarici təşkilat deyil. Bu gün Azərbaycanda müxtəlif ölkələrin xüsusi xidmət orqanları ilə gizli əməkdaşlığı olan onlarla xarici təşkilat fəaliyyət göstərir və hamısı da buradakı missiyasını “mədəni əlaqələr”, “Azərbaycanın inkişafına dəstək”, "Təhsilə yardım", "Sahibkarlara kömək ", “Xeyriyyə cəmiyyəti” və s. kimi ziyansız adlarla maskalayır. Məsələn, konkret nümunə deyə bilərəm ki, bu gün Azərbaycanda fəaliyyət göstərən və əksər dövlət orqanlarımızın  yaxından əməkdaşlıq etdiyi bir sıra Qərb konsaltinq şirkətlərini, məhz Qərb xüsusi xidmət orqanlarının konkret pozuculuq tapşırıqlarını icra etdikləri üzə çıxdığı üçün bir çox dövlətlər öz ölkəsindən qovub. Bizdə isə onlar hələ də, güc nazirlikləri də daxil olmaqla, bütün dövlət orqanlarının maliyyə auditini həyata keçirməkdən tutmuş, qanun və dövlət proqramlarımızın, işə qəbulla bağlı test suallarının hazırlanmasına, dövlət orqanı əməkdaşlarına təkmilləşmə kursu keçməyə qədər geniş spektrdə strateji əhəmiyyətli işlərə cəlb olunublar. Yəni ki, Azərbaycanda xeyriyyəçilik pərdəsi altında maskalanaraq diversiya-sabotaj fəaliyyəti həyata keçirən tək USAID və “Rus Evi” deyil. Azərbaycandakı bütün xarici təşkilatların fəaliyyəti gec-tez ciddi nəzarət altına alınmalıdır.

- Demək istəyirsiz ki, Azərbaycanın bütün problemlərinin əsl səbəbkarı əslində burada müxtəlif ziyansız adlar altında fəaliyyət göstərən xarici təşkilatlardır?

- Tam deməzdim, amma faiz nisbəti heç də az deyil. Məsələni başqa cür qoyaq: tutaq ki, onların fəaliyyəti müsbətdir, həqiqətən bizə böyük yardım edirlər. Əgər  onlar gəlməzdən əvvəl  ölkəmizin inkişaf tempi indikindən qat-qat daha yüksək idisə, hanı onların on illərdir Azərbaycanda gördükləri o qədər "müsbət işlərin" nəticəsi? Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo üç dəfə azalıb. Belə getsə, bu ilin sonuna qədər biz xarici ticarət dövriyyəsində mənfi saldoya malik ola bilərik.

- Hər kəsin əlində casusluq üçün ən uyğun alət olan mobil telefon gəzdirdiyi, kosmosdan hər kəsin hər addımını izləməyin mümkün olduğu bir əsrdə, bu qədər xərc çəkib bu tip mürəkkəb sxem üzrindən casus şəbəkəsi saxlamağın mənası nədir?

- Bilirsiniz, zaman və texnologiya inkişaf etdikcə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin funksiyaları, vəzifələri də inkişaf edir. Dövlətlərin bir-birinə qarşı  müharibə etdiyi dövr-zaman keçdikcə artıq tarixə çevrilir. Bu gün “nöqtəvi həmlə” taktikası çərçivəsində  dövlətlər bir-birinin hər bir strateji əhəmiyyətli sektorunu, oradakı hər bir strateji əhəmiyyətli kadrını hədəf alıb, bir-bir onları sıradan çıxarmaqla qarşı tərəfin bütün işlək sahələrini iflic duruma gətirirlər. Bunun üçünsə həmin vacib sektorların, layiqli kadrların əleyhinə kompromatlar toplamaq, onları hakimiyyətin və cəmiyyətin gözündən salmaq, onlara qarşı müxtəlif quramalar qurub işdən azad etdirmək, lazım olsa hətta həbsə atdırmaq üçün yerlərdə professional kəşfiyyat şəbəkəsinin işləməsinə zərurət var (hansısa bir vicdanlı fərdin, nəhəng və güclü bir şəbəkənin qəzəb hədəfinə tuş gəlməsinin nə demək olduğunu təsəvvür edə bilirsinizmi?). Həmçinin, onların yerinə öz kadrlarını vəzifə pillələrində irəlilətmək üçün ən müxtəlif dövlət orqanlarından “zənglər” təşkil etmək, kimlərəsə rüşvət vermək lazımsa, ən yüksək səviyyədə bu işi təşkil etmək və s. kimi işləri də, xaricdə oturaraq icra etmək mümkün deyil. Bunun üçün məhz yerlərdə olmaq və ən müxtəlif proqramlarla həmin ölkədə dayanmadan mümkün qədər çox vəzifəli şəxslə əlaqələr yaratmaq gərəkir. Bunun da cəmi yarım faizinin ələ alınması bəs edir ki, ardınca da onlardan bir “Troya Atı” kimi istifadə edərək, hakimiyyət orqanlarınının qalan digər sektorlarına da bir-bir onlara  lazım olan virus-kadrları yerləşdirə bilsinlər.

- Demək istəyirsiniz ki, başda cənab Prezident olmaqla, Azərbaycanın hər bir layiqli, qabiliyyətli, vətənpərvər kadrı xarici xüsusi xidmət orqanlarının “qara siyahısındadır” və hər biri ayrı-ayrılıqda potensial təxribat hədəfidir?

- Bu dəfə artıq qismən yox, tam şəkildə elədir və bu təxribatlar – rüşvətlə satın almaqdan tutmuş, kompromatlarla şantaj etməyə (məsələn, audit zamanı üzə çıxardıqları yeyinti faktını gizləmək, yoxsa hesabata daxil etmək hədəsi ilə), hətta bu kompromatlarla “vurmağa” qədər geniş spektri əhatə edir. İstedadlı, qabiliyyətli, işbilən şəxslər elə duruma gətirilir ki, öz ölkəsinə, dövlətinə, hökumətinə qarşı düşmən vəziyyətə köklənib, ehtiyac üzündən, bəzən də qisasçılıq motivi ilə onların şəbəkəsinə qoşulsun və ya "İntellekt ovu" proqramı çərçivəsində ölkədən ixrac edilsin. Mən öz tərəfimdən belə düşünürəm ki, strateji əhəmiyyətli kadrlarımızın  (hətta müxalifət cəbhəsində də olsalar) reyestrini aparıb, onların xaricilərin ideoloji və digər diversiya və təxribatlarından müdafiəsi, onlardan istifadə barədə müvafiq dövlət orqanlarımız hansısa bir proqram işləyib gerçəkləşdirsə, dövlət maraqlarımız baxımından çox faydalı ola bilər.

Dəniz NƏSİRLİ





Chosen
64
50
baki-xeber.com

10Sources