![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/belediyye.webp)
Bələdiyyələrin hesabatları reallığı əks etdirmədiyindən onlar hesabatların xalqa çatdırılmasında maraqlı deyillər
Məlum olduğu kimi, Azərbaycanda bələdiyyələr Avropa Yerli Özünüidarəetmə Xartiyasının tələblərinə uyğun olaraq yaradılıb. Həmin sənədə əsasən, bələdiyyələrə hər cür yerli problemlərin idarə edilməsi üçün geniş səlahiyyətlər verilməli, bələdiyyə mülkiyyətinin formalaşması və inkişaf etdirilməsi üçün dövlət tərəfindən dəstək verilməli idi.
Hesab edirik ki, Azərbaycanda bələdiyyələrin inkişaf etməsinə mane olan faktorlara məhz bunlardır.
Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı hesabata gəldikdə isə, bu hesabat bələdiyyələrin fəaliyyətinin yalnız kiçik bir hissəsini əhatə edir. Belə ki, bələdiyyələrin qəbul etdiyi qərarlara Ədliyyə Nazirliyi nəzarət edir. Hər bir qərarın digər hüquqi-normativ aktlara uyğun olub-olmaması nazirlik tərəfindən qiymətləndirilir və müvafiq qərar verilir. Ədliyyə Nazirliyinin parlamentə verdiyi hesabat məhz bu prosesin hesabatıdır.
Ədliyyə Nazirliyi bələdiyyələrə inzibati nəzarətlə bağlı 2024-cü il üzrə illik məruzəni Milli Məclisə təqdim edib. Məruzənin müzakirəsinin vaxtı parlament tərəfindən təyin olunacaq.
Qeyd edək ki, bələdiyyələr yerli özünüidarəetmə orqanı kimi əvvəlki il üzrə görülmüş işlər haqqında, o cümlədən bələdiyyə mülkiyyətinin idarə edilməsi barədə seçicilərinə hesabat verməlidir. Bu hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. Bələdiyyələrin fəaliyyətini əks etdirən əsas hesabat məhz bu hesabatdır. Bu hesabatın verilməsi üsulları qanunvericilikdə elə göstərilib ki, onun konkret olaraq seçicilərlə fiziki təmasda verilməsi göstərilməyib. Amma təcrübə göstərir ki, hesabatların canlı təmaslar vasitəsi ilə verilməsi, eyni zamanda ədalətli, şəffaf və demokratik seçkilər bələdiyyələrin məsuliyyətinin artmasına, inkişafına və nüfuz qazanmasına müsbət təsir göstərir.
Ümumiyyətlə, biz ölkədə güclü və məhsuldar bələdiyyə görmək istəyiriksə, bələdiyyə seçkiləri ədalətli keçirilməli və bələdiyyələrə geniş səlahiyyətlər verilməlidir. Bələdiyyələr həmin səlahiyyətləri çərçivəsində əmlak əldə etməli və bu əmlakın idarə edilməsindən qazanc əldə etmək imkanına malik olmalıdır. Əhaliyə ödənişli xidmətlər təklif etməli, sosial-iqtisadi və ictimai problemlərin həllində təşəbbüslər göstərməlidir. Bu təşəbbüslərin arxasında isə bələdiyyələrin qazancı dayanır.
Biz elə bilirik ki, Avropa ölkələrinin, Amerikanın bələdiyyə üzvləri bizimkilərdən daha vətənpərvərdir, ona görə bələdiyyələr orada aktivdirlər. Amma reallıqda vətənpərvərlik bələdiyyə işində son sıralarda gələn amildir. Sadəcə olaraq, bələdiyyələrin fəallşması üçün onlara maddi maraq yaradan fəaliyyət sxemleri, mexanizmlər olmalıdır. Bu mexanizmlər həm bələdiyyədə təmsilçiliyə marağı artıracaq, həm də bələdiyyələrin özünü aktivləşdirəcək. Amma bələdiyyə işində əhalinin marağı olmadığından şəhər, qəsəbə və kəndlərimizdə bələdiyyə üzvü seçilməyə, bələdiyyədə fəaliyyət göstərməyə heç kimin marağı yoxdur. Ona görə də seçkilər çox passiv keçir, bələdiyyə seçkiləri zamanı məntəqələrdə qələbəlik hiss edilmir. Əksər şəhər, qəsəbə və kəndlərimizdə fəaliyyəti müddətində bələdiyyə üzvləruni əhalinin əksəriyyəti tanımır. Hazırda bələdiyyələr yerli icra hakimiyyətinin əhəmiyyətsiz bir əlavəsinə çevrilib. Halbuki, bələdiyyə yaşayış məntəqəsinin bütün problemlərinin həllinə yardımçı olmalıdır. İnkişaf etmiş ölkələrdə vətəndaşlar bir çox hallarda dövlətə ünvanlanan müraciət və şikayətlərini bələdiyyəyə göndərir. Bələdiyyələr həmin şikayət və müraciətin özlərinə aid olanını seçib götürür, qalanını isə müvafiq dövlət strukturkarına ünvanlayır.
Bu gün ola bilsin ki, Azərbaycandakı bəzi imkanlı bələdiyyələr formal olaraq əhaliyə hesabat verir, amma bu hesabatlar nə reallıqları əks etdirir, nə də lazım olan ünvana - vətəndaşa çatdırılır. Çünki əksər bələdiyyələrin hesabatları formal hazırlanır. Həmin hesabaları sakinlər oxusa, dərhal anlayacaq ki, bələdiyyə yalan hesabat hazırlayıb.
Odur ki, bələdiyyələrə geniş səlahiyyət verilməyənə qədər əhalinin onlardan razı qalması mümkün olmayacaq.
Akif NƏSİRLİ