EN

Rəşad Sadıqov: “Neftçi” həmişə bizə qarşı prinsipialdır”

Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Zirə” – “Neftçi” (1:2) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Rəqibi təbrik edirəm. Bizim də məğlub olmaq limitimiz var idisə, bəlkə də bu tura tuş gəldi. Ağır məğlubiyyətdi. Bəlkə də 0:1 hesabla uduzsaydıq, bu qədər də ağır olmazdı. Amma bu cür gedən oyunda son dəqiqələrdə qol vurub, ən azından 1 xal qazanacağımız oyunda məğlub olduq. Başımızı dik tutmalıyıq. Futbolçularıma göstərdiyi oyuna görə təşəkkür edirəm. Növbəti oyunlara köklənməliyik.

– “Zirə” qış fasiləsindən sonra ən yüksək nəticə göstərən komandadır. Amma “Neftçi”ylə son iki oyunda məğlub olmusuz. Demık olarmı ki, Samir Abasov Rəşad Sadıqovun sirrini bilir?
– Bu futboldur. Ola bilər ki, hansısa rəqib prinsipial olsun. Ümumən, mən burada işləyən dönəmdən bəri “Neftçi” hər zaman bizə qarşı prinsipial olub. Bu, Abasov və ya ondan əvvəlki dönəmdə olub, fərqi yoxdur. İndiyə qədər “Neftçi”ylə oyunlarımız həmişə çətin olub. Yalnız ilk dövrədə 2:0 hesabla qalib gəldiyimiz matçda nisbətən rahat oldu. Onda da “Neftçi”nin problemləri var idi. 3 il əvvəl Samir Abasovun rəhbərliyindəki “Neftçi”ylə oyunda əgər biz qələbə qazansaq, üçüncü olacaqdıq, “Neftçi” məğlub və ya heç-heçə olsaydı turnir cədvəlindəki yeri dəyişməyəcəkdi. Amma həmin matçda çox prinsipial keçdi. Hakimlərlə qalmaqla yaşandı. Mən qarşımda zəif “Neftçi” gözləmirəm. Bunu futbolçularıma da demişəm. Rəqib həmişə bizə qarşı belədir.

– Sırf Rəşad Sadıqov adına görə ola bilər?
– Xeyr, düşünmürəm ki, mənimlə bağlıdır. Orada komandanın 90 faizi bəlkə də tanımır Rəşad Sadıqov kimdir. 90-cı dəqiqəyə qədər qələbəyə yaxın olan tərəf biz idik. Oyunun ədalətli nəticəsi 0:0 idi. Amma oyun bitməsinə yaxın duran topdan və cinah asmasında qollar buraxdıq. Mövsüm əvvəlindən bəri çoxlu belə qollar buraxmışıq.

– Eldar Quliyev son dönəmlər demək olar ki, oynamır. Səbəbi nədir?
– Bərk xəstələnmişdi. 15-20 gün qızdırma içində oldu. Ümumiyyətlə, komandada çox ciddi disbalans var. Yusuf Lavalın zədələnməsi, Martins Juniorun və bu gündə Ceyhun Nuriyevin sıradan çıxması, Rüstəm Əhmədzadənin 3 ay sonra komandaya qoşulması… Davit Volkov da fasilədə xəstələndi. İndi də tam sağlam deyil. Üst-üstə oyunları fiziki cəhətdən qaldıra bilməz. Bir az hücum xəttində çətinlik yaşayırıq. Bu da futbolun içində olan şeydir.

– Martins Juniorla Ceyhun Nuriyevin hazırda durumu nə yerdədir?
– Martinsin bərpası hardasa 7-10 gün çəkəcək. Amma Ceyhunda daha ciddiyə oxşayır.

Mirkamal Kazım

Chosen
35
futbolpress.az

1Sources