EN

Dəb, yoxsa gələcək üçün sərmayə?

Fikir vermisinizsə, son dövrlərdə uşaqlar üçün nəzərdə tutulan kursların sayında ciddi artım var. Məlum tendensiya özlüyündə inkişafdan xəbər verir. Lakin bu sahədə hökm sürən xaotik gedişat da açıq-aydın görünür. Valideynlər övladlarını eyni anda bir neçə fərqli sahəyə yönəldirlər. Uşaq bir gündə iki-üç məşğələyə getməli olur ki, bu da istər psixoloji, istərsə də fiziki cəhətdən uşaqların həddən artıq yüklənməsinə səbəb olur. Ancaq əksini düşünən valideynlər də çoxdur.

Həmsöhbətimiz Aygün xanım da bu qəbildəndir. Oğlunu eyni vaxtda bir neçə kursa yazdıran müsahibimizin fikrincə, vacib olan uşağı uğurlu fərd kimi formalaşdırmaqdır: "Oğlum bir neçə ildir ki, müxtəlif kurslara gedir. Məsələn, bir müddət şahmat dərsləri aldı. Mənə çox maraqlı idi ki, o, şahmatı sevə biləcəkmi? Zamanla gördüm ki, şahmata marağı yoxdur. Daha sonra rəqsə göndərdim, ancaq rəqsi çox bəyəndi. Düşünürəm ki, bu bacarıq ona gələcəkdə də lazım olacaq. Sabah hansısa toyda, məclisdə durub oynamağa utanmayacaq. İndi isə rəsmə gedir. Rəsm dərsləri onun zövqünü formalaşdırır. Paralel olaraq ingilis dili ilə də məşğul olur. Üzgüçülüyə də göndərirəm. Uşaqlar üçün növündən asılı olmayaraq, idman çox vacibdir. Onu da deyim ki, oğlumu nəyə gəldi yönləndirmirəm. Fikrimcə, bu bacarıqların hamısı ona gələcəkdə lazım olacaq. Məsələn, mən özüm üzgüçülüklə məşğul olmağı çox istəyərdim. 35 yaşım var, hələ də üzməyi bacarmıram, hətta bir dəfə az qalmışdı dənizdə batam. Yaxud da atası yaxşı rəqs etməyi bacarmır. Öz təcrübəmdən çıxış edərək istəyirəm ki, oğlum ən azından bu şeyləri yaxşı bacarsın. Düzdür, gün ərzində çox yorulur, ancaq indi elə zəmanədir ki, uşaqlar həyətdə oynamırlar. Boş vaxtları olan kimi ya televizora baxırlar, ya da telefona qaçırlar. Belə kurslara gedəndə isə lüzumsuz şeylər üçün vaxtları qalmır".

Tanınmış təhsil eksperti Nadir İsrafilov isə deyir ki, uşaqları eyni vaxtda bir neçə sahəyə yönləndirməyin müsbətdən çox mənfi tərəfləri var: "Bu gün biz bir vaxtlar "məktəbəqədər tərbiyə" adlanan uşaq müəssisələrini, "məktəbəqədər təhsil" müəssisələrinə çevirməklə, üstəlik, məktəblərdə "məktəbə hazırlıq qrupları" açmaqla, uşaqların fiziki durumunu bir az da ağırlaşdırmışıq. 5 yaşından təhsilə başlamaq azmış kimi, hələ bir təhsilə daha erkən başlamaq barədə fikirlər də səsləndiririk. Bir mühüm məqamı unuduruq ki, məktəb öz yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək qayğısına qalmalıdır.

Bəzi valideynlər haqlı olaraq bildirirlər ki, ikinci sinif uşağına kompüterlə bağlı kitab üzrə dərs keçirlər, amma uşağa kompüterə baxmaq ziyan olduğu üçün keçilən dərsin bir mənası olmur. Eyni zamanda, yeddi yaşında uşağa musiqi dərsində temp, ritm barədə məlumat öyrədilir. Nəticədə uşaq artıq ikinci sinifdən informasiyanı beyninə yerləşdirə bilmədiyi üçün onda məktəbə qarşı biganəlik hissi formalaşır".

Ekspert qeyd edir ki, məktəblərdə tədris proqramının və dərsliklərin yüklü olmasını təkcə valideynlər deyil, psixoloqlar və təhsil mütəxəssisləri də dəfələrlə dilə gətiriblər: "Hətta nazirlik rəsmiləri də zaman-zaman bunu etiraf ediblər. Əslində, uşaqları ifrat dərəcədə yükləməklə onları bir növ öz uşaqlıq həyatlarını yaşamaqdan məhrum etmiş oluruq. Kimlərinsə uşaqları akademik yükləməklə daha yaxşı öyrənəcəklərini zənn etmələri kökündən yanlışdır.

Uşaqların dərs yükünün ağır olması, ev tapşırıqlarının çoxluğu ilə bağlı şikayətlər uzun illərdən bəri müzakirə obyektinə çevrilsə də, ortaq məxrəci tapılmayan bir problem olaraq qalmaqdadır. Gələcək nəslin fiziki və mənəvi sağlamlığına nə dərəcə ziyanlı olub-olmadığı nəzərə alınmadan, qloballaşma dövrünü yaşayırıq və bu, təkcə bizdə deyil, bütün dünyada belədir. Halbuki hər bir valideyn üçün uşağın fiziki və mənəvi sağlamlığı onun gələcək karyerasından daha önəmli olmalıdır.

Məktəbdə dərs yükünün ağırlığı azmış kimi, bir sıra valideynlər sanki, dəb xatirinə və ya qohum-qonşulardan fərqlənmək naminə məktəbdən onsuz da halsız gələn övlanlarını eyni zamanda bir neçə kursa - əlavə hazırlıqlara  göndərməklə, onları əslində istismar etmiş olurlar. Unudurlar ki, məktəbdən sonraki fəaliyyət daha çox uşağın asudə vaxtının təşkilinə yönəlməlidir. Dərsdən sonra ya musiqi məktəbinə, ya da hər hansı idman seksiyasına getmək olar. Görünür, məktəblərdə dərnək məşğələlərinə formal yanaşıldığı üçün bu zərurət yaranır. Halbuki bir vaxtlar nəktəblərdə fəaliyyət göstərən dram, rəqs, digər özfəaliyyət qruplarından nə qədər tanınmış mədəniyyət və incəsənət xadimləri çıxardı".

Chosen
21
tehsil.biz

1Sources