Rusiya təbliğatı, Azərbaycan əleyhinə hücumlarının iflasa uğramasından sonra öz zəhərini bu dəfə Qazaxıstana yönəltdi. Hətta kiçik bir informasiya əsası belə tapmadan, dişlərini qıcayaraq Qazaxıstanda “postsovet məkanında ən böyük ABŞ konsulluğunun” tikiləcəyi xəbərindən qəzəblə danışmağa başladılar. Sadə bir diplomatik hadisə onların xəstə təfəkküründə qəsdən uydurulmuş bir “Qərb sui-qəsdinə” çevrildi.
Bu paranoyak şouda xüsusi “fərqlənən” “Tsarqrad” kanalı oldu. Onlar Tokayev hökumətini “rejim” adlandıraraq, 2022-ci ilin yanvar hadisələrini təhrif edərək yenidən gündəmə gətirdilər: “ODKB qoşunlarının köməyi ilə yatırılan 2022-ci il Qazaxıstan Maydanının təşkilatçılarına qarşı məhkəmə prosesi amerikalıların fəal iştirakını ortaya qoydu. Tokayev rejimi israrla eyni səhvləri təkrar edir, elə bil ki, bu səhvlərin nəticəsi ruslara deyil, qazaxlara dəyəcək”.
Bu yüksək təkəbbürlə dolu açıqlamalar bir şeyi açıq şəkildə göstərir: Kremlin gözündə qonşu ölkələrin müstəqilliyi heç bir məna daşımır və Moskvanın icazəsi olmadan atılan hər addım dərhal “Qərbin sui-qəsdi” kimi dəyərləndirilir.
Təbliğatçılar daha da irəli gedərək, Qazaxıstana “düzgün müdaxilə etməklə” bağlı xəyal qurmağa başlayıblar və hətta 2022-ci il hadisələrinin nəticələrini yenidən nəzərdən keçirməyi təklif ediblər: “Rusiya müxtəlif çarların və kreslolarında əyləşmiş avtokratların maraqları üçün deyil, öz xalqının maraqları üçün hərəkət etməlidir. 2022-ci ilin yanvarında Qazaxıstana daxil olmaq düzgün addım idi, amma bunu düzgün şəkildə etmədik. Tokayevi hakimiyyətdə saxlamaq əvəzinə, elə hərəkət etməli idik ki, nə türklər, nə də amerikalılar oraya daxil ola bilməsin”.
Bu sözlər təkcə təhlükə deyil, həm də acı bir həqiqətdir: Rusiya artıq qonşularını özünə tabe etdirə bilmir. Amma bu reallığın Kremlin qavrayışına daxil olması o qədər ağrılıdır ki, o, öz acizliyinin fonunda təhdidlər səsləndirməkdən əl çəkmir.
Rusiyanın “düzgün şəkildə qonşu ölkələrə daxil olduğu” dövrlər artıq keçmişdə qalıb. Qazaxıstan, Azərbaycan və digər region ölkələri artıq öz müstəqilliklərini qorumaq üçün kifayət qədər gücə malikdirlər. Amma bu, hələ də Moskvanı isterikaya salır.
Azərbaycana qarşı eyni davranışları müşahidə edirik. Son günlərdə Bakıya qarşı təhdidlər və təhqirlər dalğası zirvəyə çatıb. Amma bu addımlar o qədər ağılsızdır ki, öz qısa müddətli düşüncəsizliyini açıq şəkildə nümayiş etdirir. Rusiya qalan etimadı da məhv edərək, özünə qarşı əvvəllər neytral olan münasibəti açıq antipatiyaya çevirir.
Bununla belə, "Kremlin beşinci kolonu" hələ də fəaliyyətini davam etdirir. Son günlərdə bir neçə deputat Moskvayla münasibətlərdə yaranan gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınır. Onların bu sükutu sadəcə qorxaqlıq deyil, həm də yaxın gələcəkdə daha da kəskinləşəcək suallardan qaçmağa bir cəhddir.
Rusiya öz imperiya xülyalarına qapılaraq, özünü daha da dərin bir çuxura salır. Onun təcavüzkar davranışları və təhdidləri yalnız təcrid prosesini sürətləndirir, ambisiyaları isə daha da gülünc və aciz görünür.
Əgər Moskva bu özünü məhv edən xətti davam etdirərsə, yaxın gələcəkdə onun təbliğatçıları "qızıl dövrləri" yalnız acı nostalji ilə xatırlayacaq. O dövrlər ki, onların "rus dünyası" hələ "rus hərbi gəmisinin" arxasınca göndərilmirdi. Əsl həqiqət isə belədir: regionda Rusiya diktaturasının dövrü birdəfəlik başa çatıb. Geri dönüşü yoxdur.