EN

Kreml VƏZİYYƏTİ GƏRGİNLƏŞDİRİR: “Cinayətkarları cəzalandırmaq yerinə…”

“Azərbaycan-Rusiya münasibətləri son zamanların ən böhranlı dövrünü yaşayır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

O, Rusiya-Azərbaycan münasibətlərinin qırılma nöqtəsini təyyarəmizin Rusiya tərəfindən vurulması ilə başladığını və Kremlin bu hadisəni etiraf etməməsində görür:

“Təyyarəmizin vurulmasından sonra məsuliyyətdən yayınmağa çalışan rəsmi Kreml cinayətkarları cəzalandırmaq yerinə anti-Azərbaycan təbliğatına başlayıb. Yerli media qurumlarında paylaşılan absurd çıxışlar artıq bəzi deputatların simasında davam etdirilir. Bu aqressiv ritorikada ifadə olunan açıq təhdid və təhqirlər birbaşa olaraq Azərbaycan dövlətini və xalqını hədəf alıb. Təbii ki, belə olan halda, Azərbaycan tərəfindən də adekvat və operativ cavablar verilir. Heç bir dövlət belə bir mövqe sərgilədikdən sonra onun cavabsız qalacağını gözləyə bilməz”.

Analitik hesab edir ki, iki ölkə arasında münasibətlərin korlanmasının günahı məhz Kremldir:

“Ona görə də Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti məhz rəsmi Kremlin destruktiv addımlarının və əsassız yanaşmalarının nəticəsidir. Onu da qeyd etmək lazımdır ki, ikitərəfli münasibətlərdəki gərginliyin olmaması bizim üçün arzuolunandır. Çünki Azərbaycan Respublikasının xarici siyasət prioritetləri bütün dövlətlərlə, xüsusilə də qonşu dövlətlərlə münasibətlərdə münaqişələrdən yayınmaq və əməkdaşlıq imkanlarının dəyərləndirilməsi prinsipinə əsaslanıb. Amma təbii ki, bu prinsip qarşılıqlılıq əsasında tətbiq olunmalıdır. Əgər Rusiya tərəfi reallıqlarla üzləşməkdən yayınaraq, Azərbaycanı hədəf göstərmək cəhdlərini davam etdirsə, bu addımlar müttəfiqlik səviyyəsinə qədər yüksəlmiş ikitərəfli münasibətlərin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər”.

Nurlan Cəfəri

Chosen
8
yenicag.az

1Sources