Məlum olduğu kimi, Azərbaycanda unun son topdansatış qiyməti məlum olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 30-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26.50 - 28.20 manat arasında dəyişir. Daha əvvəl bu rəqəm 26 - 28.20 manat təşkil edirdi.
Həmçinin oxu: Azərbaycanda un bahalaşdı - SON QİYMƏTLƏR
Maraqlıdır, unun bahalaşması nə ilə bağlıdır?
Mövzu ilə bağlı Ölkə.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, çörəyin qiyməti sərbəstdir və dövlət orqanlarının buna müdaxilə etməyə icazəsi yoxdur:
"Dövlət orqanlarının funksiyası odur ki, bolluq yaratsınlar, monopoliyanı götürsünlər, qiymət qalxarsa, rüsumları aşağı salsınlar. Lakin biz görürük ki, zavod və sosial çörəklərinə basqı var, qiyməti sabit saxlamaq istəyirlər. Onlarsa çıxılmaz vəziyyətdə yaşayırlar. Sosial çörək istehsalçıları çoxlu sayda xərclərə məruz qalırlar. Məsələn, hər ay çörək istehsalçıları 3000-4000 dövlət yol polisinə cərimə ödəyir. Çörək daşıyan avtomobillər gəlib dükanın qarşısında dayanır, polis də onları cərimə edir. İçi dolu təzə çörək olan avtomobili aparıb dayanacaqda saxlayırlar.
Qiymətin aşağı düşməsi üçün hökumət bu kimi məsələləri həll etməlidir. Unun qiymətinin aşağı düşməsi ilə çörəyin qiymətinin aşağı düşməsi ehtimalı var. Lakin düşməyə də bilər. Çünki bu qiymətlərdə onlar sərbəstdir. Çörəyin qiymətinin aşağı düşməsini istəyirlərsə, sosial çörək istehsalçılarından əl çəkilməlidir. Təəssüf ki, bu kimi problemlər həll olunmur. Unun qiyməti qalxırsa, çörəyin qiyməti də qalxır. Sanki unla çörəyin arasında bir elastik mühit əmələ gəlib".
Həmidə İbrahimova