“Səbail” Misli Premyer Liqasının XXII turunda səfərdə “Qarabağ”a 0:5 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Cavid Hüseynov oyundan sonra fikirlərini bildirib.
O, rəqibə bir saat uğurlu müqavimət göstərdiklərini deyib: “Ardıcıl iki dəfə “Qarabağ”la qarşılaşdıq. Üç gün sonra bu rəqibə qarşı oynamaq bizim kimi komanda üçün çətindir. 60-65 dəqiqə çox yaxşı futbol oynadıq. Heyətimiz, onsuz da, kasaddır. Dünənki məşqdə 15 futbolçu iştirak edib. Zədəlilərimiz var. Geniş həyətimizin olmamasının təsiri oldu ki, gücümüzü 90 dəqiqəyə yaya bilmədik. Bir neçə gün öncə kubok matçı olmasaydı, bu gün 90 dəqiqə yaxşı mübarizə görə bilərdik”.
Baş məşqçi zədəli futbolçuların durumu barədə də məlumat verib: “Qorka Laruçça xəstələnib. Dünən halı yaxşı deyildi. Marko Nikoliç iki oyundur bizə kömək edə bilmir. Fərid Nəbiyev isə dünən zədələnib”.