EN

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib

Fevralın 11-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmənin baxış iclasında zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

Məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib.

Budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində Azərbaycan əhalisinin məhv edilməsi və terror faktlarına dair epizodlar elan olunub.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli ittihamın təcavüzkar müharibənin gedişində əhalinin məhv edilməsi faktlarına dair hissəsinin elanına başlayıb.

Bildirilib ki, təcavüzkar müharibənin gedişində Ermənistan dövlətinin bilavasitə nəzarəti altında, onun tapşırıq, göstəriş və təlimatlarında uyğun fəaliyyət göstərən cinayətkar birlik tərəfindən Qazax rayonunun Bağanıs-Ayrım, Şuşa rayonunun Malıbəyli-Quşçular, Xocavənd rayonunun Qaradağlı, Ağdərə rayonunun Baş Güney (Baş Güneypəyə), Goranboy rayonunun Ballıqaya və Gülüstan, Kəlbəcər rayonunun Ağdaban, Comərd və Başlıbel kəndlərində azərbaycanlıların qanuni şəkildə məskunlaşdıqları yerlərdən kütləvi şəkildə didərgin salınmasını təşkil etməklə həmin ərazilərin daha asan şəkildə Ermənistan tərəfindən işğal edilməsinə nail olmaq məqsədilə keçirilmiş genişmiqyaslı və sistemli hücumlar zamanı əhalini kütləvi şəkildə məhv etmək məqsədilə, ümumilikdə, 241 nəfər güllələnməklə, diri-diri yandırılmaqla, ağır dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülüb, 149 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri yetirilərək qəsdən öldürülmələrinə cəhd edilib.

Sonra ittihamın təcavüzkar müharibənin gedişində törədilmiş terrorçuluq cinayəti faktlarına dair hissəsinin elanına başlanıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev qeyd edib ki, 1988–2023-cü illər ərzində 308 epizod üzrə törədilmiş terrorçuluq cinayətləri nəticəsində, ən azı, 210 hərbi qulluqçu və 239 mülki şəxs olmaqla, 449 nəfər şəxs qəsdən öldürülüb, 1013 hərbi qulluqçu və 716 mülki şəxs olmaqla, 1729 nəfərin qəsdən öldürülməsinə cəhd göstərilib.

Ümumilikdə, terrorçuluq cinayətləri nəticəsində 17 uşaq qəsdən öldürülüb, 53 uşağın müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd olunub.

Daha sonra dövlət ittihamçıları Fuad Musayev, Vüsal Abdullayev və Təranə Məmmədova terrorçuluq cinayətləri üzrə konkret epizodları elan ediblər.

O cümlədən qeyd edilib ki, 1991-ci il yanvarın 9-da Şuşa rayonu istiqamətində hərəkətdə olan “UAZ-469” markalı avtomobili atəşə tutaraq sürücü Qoyek İvan İvanoviçə, avtomobildə sərnişin qismində əyləşmiş sovet ordusunun hərbi qulluqçuları – 44682 nömrəli hərbi hissənin kəşfiyyat polkunun komandiri, polkovnik-leytenant Larionov Oleq Mixailoviçə və Laçın hərbi komendantlığının qərargah rəisi, mayor İvanov İqor Yuryeviçə, “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri, xidməti vəzifələrini yerinə yetirmək üçün həmin əraziyə ezam olunmuş jurnalist Əsgərova Salatın Əziz qızına güllə yaraları kimi müxtəlif bədən xəsarətləri yetirilərək, 4 nəfər şəxs qəsdən öldürülüblər.

Bundan başqa bildirilib ki, 1991-ci il noyabrın 20-də içərisində Azərbaycan Respublikasının dövlət nümayəndələri, Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının müşahidəçilərinin olduğu helikopter Xocavənd rayonuna eniş etmək üçün həmin rayonun Qarakənd kəndi ərazisi üzərindən aşağı məsafədə uçarkən cinayətkar təşkilatın üzvləri bundan məlumat alaraq AK-74 konstruksiyalı pulemyot və avtomat silahlarla, təxminən, 30 dərəcəli bucaq altında 300 metr məsafədən həmin helikopterə intensiv atəşlər açmaqla hücum edib, onu zədələyərək idarəetmədən çıxarmağa nail olublar.

Nəticədə Qarakənd kəndinin şərqində, dağın şimal yamacından 5 kilometr aralıda kəndarası torpaq yola perpendikulyar şəkildə çırpılıb partlamaqla yanmış helikopterdə olmuş Azərbaycan Respublikasının sabiq Baş prokuroru Qayıbov İsmət İsmayıl oğlu, Azərbaycan Respublikasının daxili işlər naziri Əsədov Məhəmməd Nəbi oğlu, Azərbaycan Respublikasının Dövlət katibi İsmayılov Tofiq Kazım oğlu, Azərbaycan Respublikası Baş nazirinin müavini Hacıyev Zülfü Saleh oğlu, Azərbaycan Respublikası Milli Məclisinin millət vəkilləri Cəfərov Vaqif Cəfər oğlu və Məmmədov Vəli Hüseyn oğlu, Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini Serikov Sanlal Dosumoviç, telejurnalist Mustafayev Alı Mustafa oğlu, videooperator Şahbazov Fəxrəddin İbrahim oğlu, işıq operatoru Hüseynzadə Arif İsmayıl oğlu, Azərbaycan Respublikası meliorasiya və su təsərrüfatı nazirinin birinci müavini Namazəliyev Qurban Hüseyn oğlu, Azərbaycan Respublikası Prezidenti Aparatının şöbə müdiri Mirzəyev Osman Mirzəhüseyn oğlu, Azərbaycan Respublikasının Dövlət katibinin köməkçisi Məmmədov Rafiq Məmməd oğlu, Fövqəladə vəziyyət rayonunun komendantı Jinkin Nikolay Vladimiroviç, milis general-mayoru Lukaşov Mixail Dmitriyeviç, polkovnik-leytenant Koçeryov Oleq Nikolayeviç, eləcə də Dağlıq Qarabağ üzrə Milli təhlükəsizlik şöbəsinin rəisi İvanov Sergey Semyonoviç, Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru Plavskin İqor Aleksandroviç, Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili işlər idarəsinin rəisi Kovalyev Vladimir Vladimiroviç, habelə helikopterin uçuş heyətinin 3 üzvü – Kotov Vyaçeslav Vladimiroviç, Dolqov Gennadi Vladimiroviç və Yarovenko Dmitri Borisoviçə ağır dərəcəli müxtəlif bədən xəsarətləri yetirməklə xidməti vəzifələrini icra edən 22 nəfər qəsdən öldürülüb.

Bununla yanaşı qeyd olunub ki, 2010-cu il yanvarın 26-da Azərbaycan Respublikasının Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində Füzuli Hərbi Prokurorluğuna məxsus olan “UAZ” markalı, 00-21 HP dövlət qeydiyyat nişanlı avtomobili avtomat konstruksiyalı silahlarla atəşə tutmaqla xidməti vəzifələrini yerinə yetirən Füzuli Hərbi Prokurorluğunun müstəntiqi Hidayətov Araz Qabil oğluna güllə yarası xəsarəti yetirilib.

Həmçinin elan edilib ki, cinayətkar birliyin üzvləri tərəfindən hazırlanan ağ rəngli, itə bənzər oyuncağın içərisinə yerləşdirilmiş tələ-mina olan partlayıcı qurğu Tovuz çayına atılmış, 2011-ci il iyulun 14-də həmin çayın Ermənistan Respublikası ilə həmsərhəd olan Tovuz rayonu Əlibəyli kəndindən keçən hissəsinin kənarında oynayan 1999-cu il 15 sentyabr təvəllüdlü – azyaşlı Şahmalıyeva Aygün Zirəddin qızının çaydan sözügedən oyuncağı taparaq marağını cəlb etdiyindən evə gətirib masanın üzərinə qoyarkən yaranmış fiziki təmasla əlaqədar baş vermiş partlayış nəticəsində ətrafa qəlpələrin səpələnməsi ilə Aygün Şahmalıyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan sonra dövlət ittihamçısı Təranə Məmmədova ittiham aktına əsasən 2016-cı il tarixli Aprel döyüşləri, 2020-ci il tarixli Tovuz döyüşləri və İkinci Qarabağ müharibəsi dövründə törədilmiş terrorçuluq cinayətlərini elan etməyə başlayıb.

Bildirilib ki, 2016-cı il aprelin 2–6, 24, 26–28 və 30-da iriçaplı və digər odlu silahlardan atəşlər açılmaqla Ağdam rayonu ərazisində 3 mülki şəxs qəsdən öldürülməklə, 13 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə, Tərtər rayonu ərazisində 3 mülki şəxs qəsdən öldürülməklə, 11 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə, Goranboy rayonu ərazisində 4 mülki şəxsə, Füzuli rayonu ərazisində 1 mülki şəxsə, Ağcabədi rayonu ərazisində 1 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə, ümumilikdə, 6 mülki şəxs qəsdən öldürülüb, 30 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib, eləcə də, ümumilikdə, 733 daşınmaz əmlaka tamamilə və ya qismən dağıtmaqla, yandırmaqla, zədələməklə 2,4 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.

Qeyd edilib ki, 2020-ci il iyulun 12–16, 17, 24 və 25-də vahid niyyətlə aparılan təcavüzkar müharibənin növbəti mərhələsində iriçaplı silahlar və digər odlu silahlardan atəşlər açmaqla Tovuz rayonunun Ağdam kəndində 1 mülki şəxs qəsdən öldürülüb, Tovuz rayonunun Ağdam kəndindən 11 nəfər, Dondar Quşçu kəndindən 35 nəfər, Əlibəyli kəndindən 4 nəfər, Yuxarı Öysüzlü kəndindən 4 nəfər, Vahidli kəndindən 8 nəfər, Aşağı Öysüzlü kəndindən 1 nəfər, Qazax rayonunun Xanlıqlar kəndindən 6 nəfər olmaqla, ümumilikdə, 69 mülki şəxsə məxsus fərdi yaşayış evlərinə və təsərrüfatlara 594 min manatdan artıq məbləğdə maddi ziyan vurulub.

Xüsusilə vurğulanıb ki, Ermənistan Respublikasının işğal altında saxladığı Azərbaycan Respublikasının ərazilərinə Ermənistan istiqamətindən daşıyaraq gətirib qurduğu mühəndis-istehkam mövqelərində əvvəlcədən yerləşdirdikləri Rusiya Federasiyasında istehsal edilmiş “Smerç” yaylım atəşli reaktiv sistem və Ermənistan Respublikası ərazisində Azərbaycan Respublikası ilə şərti təmas xəttində yerləşdirdikləri Rusiya Federasiyasında istehsal edilmiş “9K72”–“Elbrus” əməliyyat-taktiki təyinatlı raket kompleksindən istifadə edilməklə 2020-ci il oktyabrın 4-dən 17-dək olan müddət ərzində Gəncə şəhərinə davamlı şəkildə intensiv atəşlər açıb raket partlayışları zərbələri yetirməklə, ümumilikdə, 26 mülki şəxsi qəsdən öldürüb, 175 mülki şəxsə qəsdən müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Bununla yanaşı, 2020-ci il oktyabrın 5-dən noyabrın 7-dək olan müddət ərzində “Qrad” və “Smerç” markalı reaktiv yaylım atəş sistemlərindən, həmçinin “Cluster” tipli ballistik raketlərdən, minaatanlardan, digər iriçaplı silahlardan açdıqları atəşlərlə Bərdə rayonunda vahid niyyətlə, ümumilikdə, 29 mülki şəxs qəsdən öldürülüb, 103 mülki şəxsə qəsdən müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Ümumilikdə, 44 günlük Vətən müharibəsi zamanı Gəncə və Mingəçevir şəhərləri, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Goranboy (Naftalan), Beyləqan, Cəbrayıl, Kürdəmir və Qəbələ rayonları üzrə, ümumilikdə, dövlət və xüsusi mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara 187 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.

Həmçinin 25 epizod üzrə Şuşa şəhəri, Xocavənd rayonunun Qaradağlı kəndi, Xocalı rayonu və digər ərazilərdə köməksiz vəziyyətdə qalmış şəxslərin daşınması üçün həmin ərazilərə uçuş həyata keçirən helikopterlərin müxtəlif silahlardan atəşə tutulması, pilot və sərnişinlərə xəsarət yetirilməsi, eləcə də helikopterlərə ziyan vurulması, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin və Qərb İxrac Boru Kəmərinin Goranboy və Yevlax rayonları ərazisindən keçən hissəsinin partladılmasına cəhd göstərilməsi və digər terror aktlarına dair epizodlar da elan edilib.

Məhkəmə fevralın 14-də davam etdiriləcək.

AZƏRTAC

Chosen
17
44
xalqqazeti.az

10Sources