EN

Şəmkirin Yasamal aşırımında “yaşıl işıq”

Yəqin ki, çoxunuz Şəmkirin Yasamal aşırımını qalxmısınız. Sərt döngələrinə, yüksəkliyinə görə, Ağsu dolaylarından geri qalmır. Heç 400-500 metr getməmiş Şəmkir şəhəri, bax, bu şəkildəki kimi sanki ovcunun içində görünür. Bir qədər də yuxarı qalxdıqdan sonra şəhərə, hətta binokldan da normal baxmaq olmur...

Elə ki, qış ayları gəldi, yerə qar düşdü, avtomobillərin gediş-gəlişi nəinki çətinləşir, həm də həyat üçün çox təhlükədir, hər çür bədbəxt hadisə baş verə bilər.

Əvvəllər bu aşırımları, ən azı, 40-50 dəqiqəyə keçmək olurdu. Bir neçə il əvvəl ölkə Prezidentinin sərəncamı ilə Şəmkir–Gədəbəy yolu çəkildikdən sonra indi həmin məsafəni cəmi 10 dəqiqəyə qət etmək mümkündür.

...Bu qarlı-şaxtalı günlərdə aşırımı keçmək yenə riskli olduğu halda yola düşdük. Lakin bu dəfə yuxarı qalxdıqca tamamilə başqa bir mənzərə gördük. Yollar açıq idi! Qar isə aman vermir, yağır, küləyə qarışıb özünü ora-bura vururdu. Əyinlərində xüsusi geyim forması olan adamlar yola qum səpələyir, buz bağlamış yerləri təmizləyir, nəqliyyatın normal hərəkəti üçün şərait yaradırdılar.

Maşınımızı yolun bir kənarında saxlayıb onlarla söhbət edirik. Öyrənirik ki, Şəmkirin dağlıq ərazilərinə yağan qarın yollarda, xüsusilə Yasamal aşırımlarında sürücülər üçün çətinliklər yaratmasının qarşısının alınması üçün rayon icra hakimiyyəti başçısı yanında fövqəladə hallar komissiyası aidiyyəti təşkilatlarla birgə gücləndirilmiş iş rejiminə keçib.

Yolların buz bağlaması nəticəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkətində yarana biləcək problemlərin əvvəlcədən qarşısını almaq məqsədilə ötən gecə saatlarından başlayaraq qabaqlayıcı tədbirlər görülür. Rayon 25 saylı Yol İstismar İdarəsi və Şəmkir Rayon Kommunal Müəssisələri Kombinatının dəstəyi ilə yollara duz-qum qarışığı tökülüb, ehtiyac olan yerlərdə isə texnika vasitəsilə təmizləmə işləri aparılıb və bu iş indi də davam etdirilir.

Elə buna görə də rayon mərkəzində, dağ kəndlərində və yollarda nəqliyyatın hərəkəti tam bərpa edilib. Hazırda hər hansı bir ciddi problem müşahidə olunmur. Buna baxmayaraq, Şəmkir RİH başçısı yanında Fövqəladə Hallar Komissiyası tərəfindən aidiyyəti təşkilatlarla birgə aparılan işlər tam nəzarətdə saxlanılır. Bu məqsədlə rayonun xidmət təşkilatlarında da 24 saat hazır vəziyyətdə olan növbətçi briqadalar yaradılıb. Həmin briqadalar yarana biləcək fəsadların qısa zamanda aradan qaldırılmasını təmin edəcək.

...Yenə qar yağır. Daha əvvəllər olduğu kimi zəif sürücülər, hətta bəzi təcrübəlilər də aşırımın ətəyində dayanıb qarın kəsməyini, yolun buzdan əriməsini gözləmir, “yolçu yolda gərək” – deyib dolayları qalxırlar. Bilirlər ki, onları yuxarıda sürücülərə “yaşıl işıq” yandıran xeyirxah adamlar gözləyir...

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

Chosen
8
xalqqazeti.az

1Sources