EN

Umut Günəş və İvan Brnik “Başakşəhər”də

Türkiyənin “Trabzonspor” klubunun mərkəz yarımmüdafiəçisi Umut Günəş bundan sonra “Başakşəhər”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sözügedən klub bu transferi 2 milyon avroya rəsmiləşdirib. 24 yaşlı futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Almaniyada dünyaya göz açmış Umut Günəş “Ştutqart”ın yetirməsidir. O, daha öncə Türkiyədə “Alanyaspor”un da formasını geyinib. “Trabzonspor” gənc yarımmüdafiəçini 2023-cü ilin sentyabrında 2,3 milyon avroya məhz Alanya klubundan transfer etmişdi. O, Trabzon klubunun heyətində meydana çıxdığı 41 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Umut Günəş Türkiyənin U-17, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Başakşəhər” Yunanıstanın “Olimpiakos” klubunun xorvatiyalı sol vingeri İvan Brniçi də heyətinə qatıb. Türkiyə klubu bu transfer üçün yunanlara 1,5 milyon avro ödəyib. Brniç də İstanbul təmsilçisi ilə 2028-ci ilin 30 iyununadək anlaşıb.

Xorvatiyanın “Znay” və “Hayduk” (Split) klublarının yetirməsi olan İvan Brniç “Duqopolye”, “Maribor” kimi komandalarda da çıxış edib. O, 2023-cü ildə 1,3 milyon avro müqabilində keçdiyi “Olimpiakos”da cəmi 4 oyuna çıxıb. Xorvatiyanın U-15, U-17, U-19 və U-20 yığmalarında oynamış futbolçuya əsas millidə ehtiyac duyulmayıb.

“Başakşəhər” öz mərkəz yarımmüdafiəçisi Berkay Özcanı da “Rizəspor”a icarəyə verib. 26 yaşlı futbolçu cari mövsümün sonunadək Rizə klubunda icarədə olacaq.

Berkay Özcan da Almaniyada dünyaya göz açıb və “Ştutqart”ın yetirməsidir. “Hamburq”da da oynamış futbolçu 2019-cu ildən “Başakşəhər”in uğurları üçün çalışır. O, İstanbul klubunun heyətində 217 oyun keçirib, 12 qol və 12 assistlə yadda qalıb. Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Özcan əsas millidə də 7 oyun keçirib.

Yeri gəlmişkən, “Rizəspor” İngiltərənin “Hall Siti” klubunda çıxış edən Abdülkadir Ömürü də bu mövsümün sonunadək icarəyə götürüb. “Trabzonspor”un yetirməsi olan hücumameyilli yarımmüdafiəçi “Hall Siti”yə bu mövsümün əvvəlində 2,5 milyon avroya elə Trabzon klubundan keçmişdi. O, “Hall Siti”də 37 oyuna 3 assistlə yadda qalıb.

Chosen
29
arena.az

1Sources