EN

Daha valideynlər direktorlardan asılı olmur - AÇIQLAMA

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi təhsil sistemində tətbiq olunan ən mühüm yeniliklərdən biridir

Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilir. Bu barədə MÜTDA-dan bildirilib ki, uşaqların I sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ (prioritet) tətbiq olunur. Bu prioritetlər uşağın ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşaması, uşağın bacı və ya qardaşlarından birinin həmin ümumi təhsil müəssisəsində təhsil alması və uşağın valideynlərindən birinin həmin ümumi təhsil müəssisəsində işləməsidir.  

Məlumatda qeyd edilib ki, ötən il üstünlük hüququ tətbiq edilən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edildi. Bu il isə Sumqayıt şəhəri üzrə də prioritet tətbiq edilən ümumi təhsil müəssisələrinin mikroəraziləri ictimaiyyətə elan ediləcək. Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 3-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər".

Qeyd edək ki, birinci sinfə qəbul prosesi uzun müddətdir elektron qaydada həyata keçirilməsinə rəğmən yenə də narazı valideynlər olur. Ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start verilən zaman valideynlər sosial şəbəkədə etiraz paylaşımları edir,  övladlarının istənilən ərazidə yerləşən ümumi təhsil məktəblərində təhsil almasının məhdudlaşdırılması kimi iddialar irəli sürürlər. Ekspertlər isə bildirir ki, hər il birinci sinfə qəbulla bağlı yaranan problem Bakıda məktəblərin sayının az olması, məktəblərdə şagird sıxlığının olması ilə bağlıdır.

Qeyd edək ki, şagird qəbuluna prioritet üstünlüklər daha çox sayda müraciətlər olan məktəblərə qoyulur. Bu, hüquqpozma kimi qiymətləndirilsə də, ekspertlər bu tələbin məcburiyyətdən yarandığını qeyd edir.

Təhsil eksperti Elçin Süleymanov isə “Sherg.az”a açıqlamasında deyib ki, I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi təhsil sistemində tətbiq olunan ən mühüm yeniliklərdən biridir: 

"Əvvəlki illərdə ən çox narazılıq və şikayət doğuran məsələlərdən biri məhz bu məsələ idi. Birinci sinfə gedən uşaqların məktəb seçimi mərhələsində valideynlər çox ciddi problemlər, bürokratik əngəllər yaşayırdılar. Bəzi hallarda məktəb direktorları valideynlərlə tərs düşür, qeyri-hüquqi tələblər, korrupsiya halları aşkar olunurdu. Bu baxımdan sistemin elektronlaşması vətəndaşların lehinə olan bir haldır”. 

Valideynlərin əksəriyyətinin övladlarını daha çox tanınan, prestijli məktəbdə oxutmaqda maraqlı olduğunu vurğulayan ekspert hesab edir ki, uşağın yaşadığı ərazidə yerləşən ümumi təhsil müəssisəsində oxuması daha  faydalı bir haldır: 

“Valideynlərin evlərindən uzaq məsafədə yerləşən məktəbə uşaqları aparıb-gətirməsi yollarda və ictimai nəqliyyatda ciddi sıxlığa səbəb olur.  Şagirdlərin yaşadığı ünvana yaxın ərazidə məktəbə getməsi həm nəqliyyat probleminin, həm də vaxt çatışmazlığının həllində vacib rol oynayır”.

Chosen
39
sherg.az

1Sources