Ekspertlərə görə, müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarının təşkilinin Dövlət İmtahan Mərkəzinə verilməsi yaxşı addım olardı, amma...
Sosial şəbəkələrdə müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya imtahanlarının təşkilinin Dövlət İmtahan Mərkəzinə (DİM) verilməsi ilə bağlı təkliflər səsləndirilir.
Xatırladaq ki, son olaraq 4 minə yaxın müəllim təkrar sertifikasiya imtahanından keçə bilməyib. Müəllimlərə portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla şikayət vermək üçün şərait yaradılıb, amma yenə də imtahanlardan narazı qalanların sayı azalmayıb. Azərbaycan dili, ədəbiyyat, ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanlarında nəticələr çox aşağı oldu: 7296 müəllimdən 3424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsindən kəsildi.
Daha sonra riyaziyyat müəllimləri sertifikasiya imtahanları verdi. Prosesə cəlb olunan 8580 riyaziyyat müəlliminin nəticələri fərqli oldu. Təkcə 38 nəfər maksimum - 60 bal topladı. 50 balı keçənlər də çoxluq təşkil edir.
O zaman belə iddialar ortaya çıxdı ki, Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimlərinin sualları çətin, riyaziyyat müəllimlərinin sualları isə asan olub.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov sertifikasiya imtahanlarının DİM-ə verilməsi haqda danışıb: “Sözügedən məsələlər ölkə rəhbərliyinin və Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Biz nəzərə almalıyıq ki, proses çox mürəkkəbdir. Bunu həyata keçirmək o qədər də asan deyil. Yanaşmalarda müəyyən qədər həqiqət payı var. Nazirliyin də burada təbii ki, öz mövqeyi var. Gələcəkdə müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarının DİM tərəfindən həyata keçirilməsi məsələsinə baxıla bilər. Çünki bu mərkəzin zəngin təcrübəsi, böyük imkanları var”.
Bəs təhsil ekspertlərinin bu məsələdə mövqeyi necədir?
Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı “Yeni Müsavat”a qeyd edib ki, müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya imtahanlarının təşkilinin Dövlət İmtahan Mərkəzinə verilməsinin tərəfdarıdır: “Müəllimlərin işə qəbulu müsabiqəsi artıq 2011-ci ildən etibarən Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir və təhsil sahəsindəki uğurlardan biri hesab olunur. Hər il 60 min nəfər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edir. Bu 60 min nəfərin bir hissəsi hazırda sistemdə çalışan müəllimlər, digər hissəsi isə yeni müəllim olmaq istəyənlərdir. Lakin indiyədək bu 60 min nəfərin nə qədərinin sistemdə işlədiyi, nə qədərinin yeni namizəd olduğu barədə rəsmi məlumat verilməyib. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsini kifayət qədər normal şəkildə təşkil edə bilir. Dövlət İmtahan Mərkəzi bu prosesi öz üzərinə götürsə, təbii ki, bütün imtahanların, o cümlədən sertifikasiya və direktor-müavinlərin işə qəbulu sistemini də həyata keçirməsi daha yaxşı olardı. Çünki dövlətin yaratdığı publik hüquqi şəxs DİM-dir. Beynəlxalq təcrübədə bu kimi qurumların mövcud olduğu ölkələrdə ayrı-ayrı qurumlar özlərinə ayrıca imtahan mərkəzləri yaratmır və müxtəlif imtahanları özləri keçirmirlər. Xüsusilə sertifikasiyada ciddi təşkilati problemlər yaşanır. Köçürmələr və digər qayda pozuntuları kütləvi hal alır və bu da haqlı narazılığa səbəb olur. Baxmayaraq ki, müəllimlərin işə qəbulu müsabiqəsində bu hallar yoxdur və daha ciddi nəzarət həyata keçirilir, ümumiyyətlə, mən tərəfdarıyam ki, təkcə müəllimlərin işə qəbulu müsabiqəsi deyil, həm sertifikasiya imtahanı, həm direktor və direktor müavinlərinin, ümumilikdə təhsillə bağlı - o cümlədən peşə təhsili sahəsində - bütün imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilsin”.
Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, səsləndirilən təkliflərin məqsədi imtahanların şəffaflığını və obyektivliyini artırmaqdır: “Dövlət İmtahan Mərkəzinin uzun illər ərzində imtahanların təşkilində topladığı təcrübə nəzərə alınmalıdır. İmtahanların mərkəzləşdirilmiş şəkildə keçirilməsi və qiymətləndirilmənin vahid sistemə əsaslanması DİM-in güclü tərəfləri hesab oluna bilər. Əgər MİQ və sertifikasiya imtahanları DİM tərəfindən təşkil olunsa, bu, imtahanların daha sistemli və standart bir qurum tərəfindən həyata keçirilməsinə imkan yarada bilər. Digər tərəfdən, müəllimlərin işə qəbulu və sertifikasiya prosesinin Təhsil Nazirliyi tərəfindən təşkil edilməsi bu quruma təhsil siyasətinə uyğun kadr seçmək baxımından daha çox səlahiyyət verir. Təhsil Nazirliyi müəllimlərin hansı bacarıqlara malik olması, hansı pedaqoji yanaşmalara uyğun olub-olmaması ilə bağlı daha dəqiq təsəvvürə malikdir. Əgər imtahan prosesi DİM-in nəzarətinə keçərsə, bu, müəllimlərin seçimi və sertifikasiyası ilə bağlı Təhsil Nazirliyinin qərarvermə mexanizminə təsir edə bilər. MİQ və sertifikasiya imtahanlarının təşkilində olan problemləri nəzərə alsaq, bəzi namizədlər imtahan suallarının əvvəlcədən sızdırılması və qiymətləndirmə prosesində şəffaflıq problemlərinin mövcudluğunu qeyd edirlər. Bu cür problemlər bəzi namizədlərdə prosesə qarşı inamsızlıq yaradır. DİM-in isə imtahanların təşkilində daha müstəqil olduğu və bu cür neqativ halların qarşısını almaq üçün daha ciddi nəzarət mexanizmlərinə malik olduğu bildirilir. Bu baxımdan, DİM-in MİQ və sertifikasiya imtahanlarını təşkil etməsi bu sahədə şəffaflığı və ədaləti artırmaq baxımından müəyyən üstünlüklər təmin edə bilər.
Həmçinin DİM hazırda bir çox imtahanları, o cümlədən ali məktəblərə qəbul və dövlət qulluğu imtahanlarını təşkil edir. MİQ və sertifikasiya imtahanlarının da DİM-ə verilməsi bu qurumun üzərinə əlavə yük qoyacaq. Bu, təşkilati problemlərə və imtahanların gecikməsinə səbəb ola bilər. Həmçinin DİM əsasən akademik biliklərin yoxlanılması ilə məşğuldur, lakin müəllimlərin işə qəbulu və sertifikasiyası üçün yalnız akademik biliklər yox, həm də pedaqoji bacarıqlar və metodika üzrə qiymətləndirmə vacibdir. Belə olan halda, DİM-in bu prosesə nə dərəcədə hazır olması da sual altındadır.
Beynəlxalq təcrübəyə nəzər yetirsək, müəllimlərin işə qəbulu və sertifikasiyası prosesi müxtəlif ölkələrdə fərqli qurumlar tərəfindən həyata keçirilir. Məsələn, Finlandiyada bu proses universitetlər və məktəb rəhbərləri tərəfindən həyata keçirilir, ABŞ-da isə müəllimlərin lisenziyalaşdırılması və imtahanların təşkili müxtəlif ştat qurumları tərəfindən icra edilir. Bəzi Avropa ölkələrində müəllimlərin sertifikasiyası müstəqil təhsil agentlikləri tərəfindən aparılır. Bu modeldə əsas məqsəd həm müəllimlərin peşəkar bilik və bacarıqlarının yoxlanılması, həm də onların işə qəbul prosesində məktəblərin və təhsil nazirliyinin maraqlarının qorunmasıdır.
Azərbaycan kontekstində bu prosesin effektiv şəkildə həyata keçirilməsi üçün alternativ modellər də nəzərdən keçirilə bilər. Məsələn, MİQ və sertifikasiya imtahanlarının təşkilində Təhsil Nazirliyi və DİM-in birgə əməkdaşlıq modeli tətbiq edilə bilər. Bu halda, imtahan suallarının hazırlanması və təşkilati məsələlər DİM tərəfindən həyata keçirilə bilər, lakin müəllimlərin qiymətləndirilməsi və işə qəbulu Təhsil Nazirliyinin səlahiyyətində qala bilər. Bu, həm şəffaflıq problemlərini aradan qaldırar, həm də müəllimlərin peşəkarlıq səviyyəsinə uyğun seçilməsinə imkan yaradar".