EN

Təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir

Təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir.

Olaylar.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Şəhərsalma və Tikinti Məcəlləsi, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Qanunlara təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab ediləcək.

Həmçinin, təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyata alınmalıdır. Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Məlumat üçün bildirək ki, Şəhərsalma və Tikinti Məcəlləsi, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişikliklər texniki xarakter daşıyır və qanunun mətninin ifadə tərzini daha aydın və dəqiq olması məqsədi ilə təklif edilir.

Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən burada istifadə olunan "təhlükə potensiallı" sözləri "xüsusi riskli" sözləri ilə əvəz edilir. "Texniki təhlükəsizlik haqqında" qanun layihəsində isə "Təhlükə potensiallı obyektlər" maddəsi təkmilləşdirilir və yeni redaksiyada verilir. "Lisenziyalar və icazələr haqqında" qanun layihəsinə təklif olunan dəyişiklik isə dəqiqləşdirmə xarakteri daşıyır. Burada "dövlət reyestri" sözlərinin əvvəlinə "vahid" sözünün əlavə edilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
1
olaylar.az

2Sources