“Neftçi” yeni transferi Bassala Sambunun keçidi üçün “Enosis Neon Paralimni”yə təzminat ödəyəcək.
Bu barədə Kipr mətbuatı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan təmsilçisi Kipr klubuna 100 min avroluq ödəniş edəcək.
27 yaşlı hücumçu “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb. Amma diqqətinizə çatdıraq ki, yerli həmkarlarımızın tirajladığı informasiya bir qədər yanlışdır.
Bakılılar qarşı tərəfə kompensasiya verəcək, sadəcə, rəqəm o rəqəm deyil. “Neftçi” ingiltərəli forvarda görə cəmi 70 min avro xərcə düşəcək.
1997-ci ilin sentyabrında anadan olan hücumçunun maraqlı həyat hekayəsi var.
Sambunun valideynləri Seneqaldandır. Lakin o, Almaniyanın Hannover şəhərində dünyaya gəlib. 7 yaşı olanda isə valideynləri ilə birlikdə İngiltərəyə köçərək Londonda məskunlaşıb.
Elə futbolda ilk addımlarını da bu məşhur şəhərdə ataraq “Koventri”nin gənc və yeniyetmələrdən ibarət komandalarında oynayıb.
2016-cı ildə, 19 yaşında “Everton”la 3 illik müqavilə bağlamasına baxmayaraq, əsas komandada meydana çıxmaq şansı qazanmayıb.
2019-cu ildə İngiltərəni tərk edərək ilk dəfə legioner həyatı yaşamağı qərara alan hücumçunun seçimi Niderland Eredeviziyası olub. Birinci ili “Fortuna”da keçirib, sonra Danimarka “Randers”inə icarəyə verilib və 1 ildən sonra yenidən “Fortuna”ya qayıdıb.
Növbəti iş yerləri İngiltərənin aşağı liqalarında mübarizə aparan “Kru Aleksandra” və “Oldham Atletik” olub. Ötən ilin yayında növbəti dəfə Britaniyanı tərk edərək bu dəfə Kiprə üz tutub və yüksək liqa təmsilçisi “Enosis”lə anlaşıb.
Sambu 2015-ci ildən bu yana bütün turnirlərdə meydana çıxdığı 241 qarşılaşmada 42 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
“Ağ-qaralar”ın yeni transferi üçün doğma mövqe hücumun sivri ucu olsa da, müxtəlif vaxtlarda sağ və sol vinger, eləcə də hücumameyilli yarımmüdafiəçi funksiyalarını yerinə yetirib.
Əsasən sağ ayağı işlək olan futbolçu “sol”dan da istifadə etməyi bacarır. Topla rəftarı, ümumiyyətlə, texniki bacarıqları elə də yüksək deyil.
Üstün tərəfi fiziki hazırlıq səviyyəsi və topa gövdəsi ilə nəzarət etmək bacarığıdır. Vuruşlarındakı dəqiqlik istənilən səviyyədə olmasa da, imkan düşən kimi rəqib qapıçıların sayıqlığını yoxlamağı xoşlayır.
SPORTTİNFO.AZ