Türk dünyası 107 milyon nəfər əhalisi və 4,5 milyon kvadrat kilometr ərazisi ilə geniş ticarət və investisiya imkanları yaradır. Ümumi ÜDM-i 4,3 trilyon dollardan çoxdur və region dünya üzrə üçüncü ən böyük enerji təminatçısıdır.
Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Orta Dəhliz Şərq və Qərb arasında əsas ticarət marşrutu kimi strateji əhəmiyyət daşıyır: “Bu dəhliz Şimal dəhlizindən 2 min kilometr daha qısadır və yükləri Çindən Avropaya dəniz nəqliyyatına nisbətən üç dəfə tez çatdırır. Çin-Qırğızıstan-Özbəkistan Dəmir Yolu layihəsi Orta Şərq və Avropa bazarlarına məsafəni 900 kilometr qısaldacaq və illik yükdaşıma qabiliyyətini 12-15 milyon tona çatdıracaq. Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Toplantısında Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişi (DEPA) imzalanıb və hazırda ratifikasiya prosesindədir. Bu saziş TDT üzvləri arasında rəqəmsal əməliyyatlara etimadı artıracaq. Xidmətlər və investisiyalar sahəsində azad ticarət sazişinin yekunlaşdırılması da əsas prioritetlərdəndir. Bu addım üzv ölkələr arasında ticarət dövriyyəsini və investisiya imkanlarını artıracaq”.
TDT Baş katibi qeyd edib ki, Türk dövlətlərinin Mərkəzi Banklar və Milli Banklar Şurasının yaradılması barədə memorandum imzalaması maliyyə əməkdaşlığının genişlənməsinə xidmət edəcək: “Türkiyə Yaşıl Maliyyə Şurası Memorandumunun imzalanması isə yaşıl maliyyə və dayanıqlı investisiyalar üçün mühüm addımdır. Daşkənddə Türk İnvestisiya Forumunun, Qazaxıstanın Türkistan şəhərində Turan-Sakit Okean İqtisadi Zonasının açılışının, eləcə də Mərkəzi Banklar Şurasının və Yaşıl Maliyyə Şurasının ilk iclasları keçiriləcək”.
Kubanıçbek Ömüralıyev Türk dünyasının iş adamlarını bölgədə həyata keçiriləcək layihələrə investisiya qoymağa çağırıb.
“Türk Dövlətləri Təşkilatı üzvləri arasında ticarət həcmi hazırda ümumi ixracın cəmi 7 faizini təşkil edir və bu göstəricinin artırılması üçün daha çox investisiya cəlb edilməlidir. Bu gün TCCI və Türk İnvestisiya Fondu arasında Anlaşma Memorandumu imzalanacaq. Bu sənəd əsas iqtisadi təşkilatlarımız arasında tərəfdaşlığı institutlaşdıracaq və Türk dünyasında investisiyaları sürətləndirəcək. Türk İnvestisiya Fondunun aktivləşməsi kiçik və orta biznesə dəstək verəcək, əsas infrastruktur və iqtisadi layihələri maliyyələşdirəcək, həmçinin ticarət və investisiya imkanlarını genişləndirəcək. Fond sənaye, logistika, enerji səmərəliliyi, informasiya-kommunikasiya texnologiyaları və yaşıl iqtisadiyyat sahələrində innovativ layihələrə maliyyə dəstəyi verəcək”, - deyə Baş katib əlavə edib.
AZƏRTAC