Gənc vətənpərvər Pensilvaniya Universitetində Azərbaycan Prezidentinin uğurlu siyasətini belə təbliğ edir VİDEO-FOTO
Bu günlərdə Pensilvaniya Dövlət Üniversitetində keçirilmiş bir konfransın gedişində ABŞ-nın bu nüfuzlu ali təhsil müəssisəsinin tələbəsi, gənc həmyerlimiz Nihat Elşən oğlu Həsən özünün son dərəcə məzmunlu çıxışı ilə hər kəsin diqqətini cəlb edib. Nihatın çıxış üçün seçdiyi mövzu isə, düşünürəm ki, bütün dünyada yaşayan soydaşlarımız üçün çox önəmlidir. Əlbəttə, Nihatın çıxışına dair mən də müəyyən fikirlərimi qısa da olsa bölüşmək istərdim və bunu mütləq edəcəyəm. Amma öncə bu gənc və çox istedalı həmvətinimizin çıxışını olduğu kimi sizlərə təqdim edirəm.
“Təsəvvür edin ki, ölkənizin müharibə ilə parçalandığını görürsünüz və ətrafınızdakı insanların əziyyət çəkdiyinə şahid olursunuz. İndi isə, bu münaqişənin sona çatdığını və rahatlıq, ümid hissini təsəvvür edin. İlham Əliyevin 2020-ci il qələbə çıxışı Azərbaycan üçün məhz bunu ifadə edirdi. Bu gün mən sizə bu çıxışın niyə mühüm bir vətəndaş iştirak aktı olduğunu, onun təkcə bir millətə deyil, həm də şəxsən tanıdığım insanlara necə təsir etdiyini paylaşmaq istəyirəm.
İlk olaraq, çıxışın özündən danışaq.
İlham Əliyev bu çıxışı 10 noyabr 2020-ci ildə, Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağ bölgəsindəki torpaqlarını geri aldıqdan sonra etdi. Çıxışında Əliyev hərbi qələbəni qeyd etdi və bunun uğrunda canından keçən şəhidlərimizi andı. Amma bu sadəcə bir qələbə elanı deyildi – bu, xalqı səbrli, qürurlu olmağa və gələcəyə ümidlə baxmağa çağırış idi. Əliyevin çıxışı bütün ölkə üzrə yayımlandı və milyonlarla insana çatdı. Siz də bu çıxışı “AzerFreedom TV” adlı YouTube kanalında izləyə bilərsiniz.
İkincisi, bu çıxış niyə vacib idi?
Bildiyiniz kimi, vətəndaş iştirakçılığı təkcə səsvermə və ya könüllü olmaqdan ibarət deyil, bu həm də liderlərin öz səslərindən istifadə edərək cəmiyyəti ilhamlandırması və çətin anlarda bir araya gətirməsidir. Əliyev də məhz bunu etdi. O, sadəcə qələbəni elan etmədi, eyni zamanda insanların fədakarlığını və yaşadıqları ağrını qəbul etdi. Bu çıxış zamanı bütün ölkə sanki dayandı, qulaq asdı və bir-birinə daha da bağlandı.
Bunu daha da şəxsi bir hekayə ilə izah etmək istəyirəm. Mənim riyaziyyat müəllimim İkinci Qarabağ müharibəsində oğlunu itirmişdi. O, hər zaman gülərüz və hörmətə layiq bir insan idi, amma bu hadisədən sonra tamamilə dəyişdi. Onun saçlarının ağardığını, gözlərinin altındakı qara kölgələri və əvvəlki gülərüz halının yox olduğunu görürdük. Lakin bu qələbə elan edildikdən sonra onda açıq-aydın bir dəyişiklik hiss etdik. Doğrudur, bu onun kədərini tamamilə silmədi, amma ona bir məqsəd hissi verdi – oğlunun qurbanının boşa getmədiyini bilmək ona güc verdi. Bax, bu çıxışın təsiri belə idi. Bu cıxış bir milləti bir araya gətirdi və insanlara ümid verdi.
Nəhayət, bu çıxış Azərbaycan üçün nə demək idi?
Bu çıxış təkcə ərazi qazanclarından ibarət deyildi. Bu, milli qürurun bərpası və illərlə davam edən yaraların sağalması idi. Eyni zamanda, bu, bütün dünyaya Azərbaycanın irəli getməyə və ölkəni yenidən qurmağa hazır olduğunu göstərdi.
Nəticə olaraq, İlham Əliyevin 2020-ci il Qələbə Çıxışı mənim üçün bir vətəndaş kimi böyük məna daşıyır, çünki onun necə insanlara təsir etdiyini öz gözümlə görmüşəm. Və son olaraq demək istəyirəm ki, “güclü sözlər bir icmanı birləşdirir və insanlara ümid verir.” Çox sağ olun.”
Heç bir şübhəm yoxdur ki, Nihatın çıxışı hər bir kəsi çox təsirləndirdi. Etiraf edək ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə etdiyi tarixi Qələbə çıxışının Azərbaycan xalqı üçün, bütün dünya azərbaycanlıları üçün daşıdığı önəmin mahiyyəti barədə öz fikirlərini sadə, hamının qavraya biləcəyi ifadələrlə səsləndirən Nihat bu yönümdə bəlkə də bir çox peşəkar şərhçilərdən daha təsirli nəticə əldə edə bildi. Digər tərəfdən isə, bu çıxışı ABŞ-nın ən nüfuzlu Universitetlərinin birində, çoxsaylı və çoxkonfessiyalı, gənc və kifayət qədər tələbkar bir auditoriyanın qarşısında etməklə Nihat əsil Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması işinə öz böyük şəxsi töhfəsini vermiş oldu. Cənab Prezident İlham Əliyevin xalqı birliyə gətirə bilmiş güclü və etimad göstərilən Lider, Azərbaycanın isə xalq-iqtidar birliyindən güc alaraq getdikcə öz qüdrətini artıran bir ölkə olaraq təqdimatı, Milli həmrəyliyimizin təbliği bu çıxışın ana xəttini təşkil edən əsas ideyalar kimi müəyyən olunub və dinləyiciyə ən effektiv formada, aydın şəkildə çatdırılıb. Elə bilirəm ki, Nihat kimi vətənpərvər və savadlı gənclərimizlə xalqımızın qürur duyduğunu desəm, bu sətirləri oxuyan hər kəsin rəyini ifadə etmiş olaram.
Sonda isə əlbəttə ki, Nihatın özü barədə qısa məlumatı oxucularımıza təqdim edirəm: Nihat Elşən oğlu Həsən 2006-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 132-134 saylı Tehsil Kompleksində alıb. Məktəbdən məzun olmasına hələ bir il qalmış, yəni 10-cu sinifdə oxuyarkən Nihat artıq ABŞ-nın ali təhsil müəssisələrinə qəbul üçün xüsusi olaraq tərtib olunmuş SAT proqramı üzrə test imtahanlarını uğurla verərək, Pensilvaniya Dövlət Üniversitetinin tələbəsi adını qazanmışdır. Qeyd edək ki, Nihat SAT proqramı ilə nəzərdə tutulmuş maksimal 1600 baldan 1480 bal toplaya bilmişdir. Hazırda gənc həmvətənimiz Pensilvaniya Dövlət Üniversitetinin İnformatika (Computer Science) fakültəsində, 2-ci kursda təhsilini davam etdirir.
aia.az