Fransanın “Kan” klubunun əslən Seneqaldan olan sol vingeri Tidyam Qomis Almaniyanın “Leypsiq” komandasına transfer olunub.
Arena.az bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Almaniya klubu bu transferi 1 milyon avroya rəsmiləşdirib. 18 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Fransada dünyaya göz açmış Tidyam Qomis “Kan”ın yetirməsidir. O, bu klubun əsas komandasında 39 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Fransanın U-16, U-17, U-18 yığmalarında da oynamış futbolçu 2024-cü ildən U-19-da forma geyinir.
“Transfermarkt” internet-portalı 18 yaşlı vingerin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.
Yeri gəlmişkən, “Leypsiq” əsas heyət üzvü olan sol vingeri Antonio Nusanın uzun müddətə sıradan çıxdığını açıqlayıb. Klubun yaydığı məlumata görə, 19 yaşlı norveçli futbolçu “Sankt Pauli”yə 2:0 hesabıyla qalib gəldikləri oyunda zədə alıb. Gənc futbolçu zədə səbəbindən ən azı martın sonuna kimi Bundesliqa təmsilçisinə kömək edə bilməyəcək.
Xatırladaq ki, Antonio Nusa 2024-cü ilin avqust ayında Belçikanın “Brügge” klubundan 21 milyon avro müqabilində “Leypsiq”ə keçib. Onun Almaniya klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var. Nusa “Leypsiq”in heyətində 32 oyuna çıxıb, 5 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Stabek” və “Brügge” klublarında da çıxış edib.
Antonio Nusa 2023-cü ilin sentyabrında debüt etdiyi Norveç yığmasında 13 oyuna 4 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 19 yaşlı vingerin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.