Bakıda təşkil olunan cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ilk günündə Azərbaycan idmançıları 2 medal qazanıblar.

Offsideplus.az xəbər verir ki, yarışın açılış günündə tatami üzərinə çıxan 12 cüdoçumuzdan Əhməd Yusifov və Elşən Əsədov fəxri kürsüyə qalxmağı bacarıblar.

60 kq çəki dərəcəsində yarışan Əhməd 1/4 finalda uduzsa da, təsəlliverici mərhələnin bütün görüşlərində qalib gələrək, 3-cü yeri tutub.Elşən Əsədov daha yüksək əyarlı medal qazanmağa yaxın olub. Cüdoçumuzu yarımfinalda yaponiyalı Takeşi Takeokaya dayandırıb. Elşən bürünc medal uğrunda görüşdə Özbəkistan təmsilçisi Azizbek Ortikova qalib gəlib.  

Kişilərin mübarizəsində digər təmsilçilərimiz Balabəy Ağayev, Murad Muradlı (hər ikisi 60 kq), Ruslan Paşayev, Yaşar Nəcəfov və Rəşad Yekiyev (hamısı 66 kq)  isə müxtəlif mərhələlərdə müvəffəqiyyətsizliyə düçar olublar.

Qadın cüdoçularımız "Böyük Dəbilqə"nin ilk günündə daha zəif təsir bağışlayıblar. Təəssüf ki, Leyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova (hamısı 48 kq), həmçinin, Fidan Əlizadə və Fidan Qasımova (hər ikisi 57 kq) heç təsəlliverici mərhələyə belə vəsiqə qazana bilməyiblər.

Fevralın 16-dək davam edəcək yarışda ölkəmizin şərəfini 32 idmançı qoruyur.