EN

Ermənilər tərəfindən girov və əsir götürülmüş 170 nəfər işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb

Bakı. TurkicWorld:

Xəbər verildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 14-də davam etdirilib.

TurkicWorld xəbər verir ki, ittiham aktının nəticəvi hissəsinin elanını davam etdirən dövlət ittihamçısı Fuad Musayev təcavüzkar müharibə gedişində zorakılıqla yoxa çıxarma, əsir və girov götürülərək işgəncələrə məruz qoyma faktlarını sadalayıb.

Vurğulanıb ki, 1988-2023-cü illərdə Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodları tətbiq edilməklə girov götürülmüş 1284 nəfər dinc mülki sakindən 122 nəfər, əsir götürülmüş 414 nəfər hərbi qulluqçudan 48 nəfər olmaqla ümumilikdə 1698 nəfər əsir və girov götürülmüş şəxslərdən 170 nəfər şəxs saxlanıldığı yerdə işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb, qalan 1528 nəfər şəxs Azərbaycan dövləti tərəfindən beynəlxalq təşkilatlar vasitəsilə görülmüş tədbirlər, eləcə də hərbi əsir və girovların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən maddi nemətlər müqabilində azad edilib.

Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Chosen
49
49
turkic.world

10Sources