2024-cü ildə Qazaxıstan, Rusiya və Belarusun dəmir yollarının birgə müəssisəsi olan “OTLK ERA” ASC-nin xidmətləri ilə Çindən Avropaya və əks istiqamətdə daşımaların həcmi planla müəyyən olunduğu səviyyədən 80 faiz artıb.
Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, “OTLK ERA” ASC-nin baş direktoru Aleksey Qromun məlumatına görə, ötən il Çindən Avropaya daşımaların həcmi təxminən iki dəfə artaraq 412 min TEU-ya (iyirmi fut ekvivalent vahidi) çatıb.
Onun sözlərinə görə, bu rəqəm rekorda yaxındır: göstərilən istiqamətdə maksimum həcm 2021-ci ildə əldə edilib və 420 min TEU təşkil edib. Baş direktor əlavə edib: “Avropadan Çinə daşımalara gəlincə, bu göstərici 2024-cü ildə bir qədər azalıb: Çindən Avropaya hər 100 konteynerə əks istiqamətdə orta hesabla 15 konteyner düşür”.
Şirkət üçün bir milyon TEU strateji hədəf olaraq qalır və sürət göstəricilərinin yaxşılaşdırılması ilə 3-5 il ərzində həll edilə bilər.
Bu ASC-ni Rusiya, Belarus və Qazaxıstanın milli dəmir yolu şirkətləri 2014-cü il noyabrın 13-də qeydiyyatdan keçiriblər. Şirkət dəmir yolları və tənzimləyicilərin əlaqələndirilmiş siyasətini tələb edən yüksək texnologiyalı logistika xidmətlərinin tətbiqi yolu ilə iştirakçı ölkələrin dəmir yolu şəbəkəsi boyunca Şərq-Qərb oxu üzrə tranzit potensialının inkişafı və daşımaların həcminin artırılması məqsədi ilə təsis edilib.