EN

"Əgər ərəb ölkələrinin alternativ planı varsa, onu təqdim etsin" - ABŞ Dövlət katibi

"Heç bir ölkə terrorçular tərəfindən idarə olunan ərazi ilə qonşuluqda yaşamaq istəməz..."
 
ABŞ-ın Dövlət katibi Marko Rubio Amerikanın "Clay and Buck" radiostansiyasına verdiyi müsahibədə aktual beynəlxalq, o cümlədən Yaxın Şərq mövzularını şərh edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "ukr.net" nəşri yazıb.
 
Dövlət katibi xüsusilə HƏMAS-ın Qəzzada hakimiyyətini qoruyub saxlamasının yolverilməz olduğunu bildirib. Həmçinin o, Ağ Evin ərəb ölkələrinə Qəzza bölgəsunə dair öz alternativ planlarını təqdim etmək təklifini səsləndirib.
 
"Ümid edirəm ki, onlar həqiqətən yaxşı bir plan hazırlayıb onu prezident Trampa təqdim edəcək", - Rubio qeyd edib. - "Hal-hazırda yalnız bir plan var,  bu da onlara xoş gəlmir. Amma yeganə plan Trampın planıdır. Əgər onların daha yaxşı bir planı varsa, indi onu təqdim etməyin vaxtıdır".
 
Dövlət katibi Rubio fələstinliləri dəstəkləyən ölkələri kəskin tənqid edib: "Hamısı fələstinlilərə nə qədər qayğı göstərdiklərini deyir, amma heç biri onları qəbul etmək istəmir". O, qətiyyətlə bildirib ki, HƏMAS Qəzzanın gələcəyində heç bir rol oynamayacaq. Onun sözlərinə görə, bu islamçı qruplaşmanın hakimiyyətdə qalmasını nəzərdə tutan hər hansı plan ABŞ üçün qəbuledilməzdir.
 
Rubio hesab edir ki, HƏMAS-ın Qəzza bölgəsində dominant mövqedə olması Yaxın Şərqdə regional sabitliyə mane olur. "HƏMAS"-ın silahları var və kimsə onlara qarşı çıxmalıdır. Bu, amerikalı əsgərlər olmayacaq. Əgər region ölkələri bunun öhdəsindən gələ bilməsələr, bunu İsrail etməli olacaq və biz yenidən əvvəlki vəziyyətə qayıdacağıq. Bu isə problemi həll etməyəcək", - o, izah edib.
 
Rubio HƏMAS-ı sərt tənqid edərək, onun girovlara qarşı davranışlarını qınayıb. O, bu qruplaşmanı "məhv edilməli olan bir şər" adlandıraraq, döyüşçülərini "barbarlar və canavarlar" kimi səciyyələndirib.
 
Onun fikrincə, münaqişənin həlli yolundakı əsas problem idarəetmə məsələsidir və əgər fələstinli anklav terror təşkilatlarının nəzarətində qalarsa, bölgədə sülh mümkün olmayacaq. Dövlət katibi əlavə edib ki, heç bir ölkə terrorçular tərəfindən idarə olunan bir ərazi ilə qonşuluqda yaşamaq istəməz.
 
Qeyd edək ki, Marko Rubio ikinci xarici səfərini Yaxın Şərqə planlaşdırır. O, artıq sabah regiona yola düşəcək və 15-18 fevral tarixlərində İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-də səfərdə olacaq. Trampın Qəzza bölgəsinin məskunlaşdırılması planı, Rubionun Yaxın Şərq liderləri ilə görüşlərində müzakirə ediləcək əsas mövzulardan biri olacaq
Chosen
11
1
moderator.az

2Sources