Xocalı: "Şahidlər danışır" kitabı özbək dilində nəşr edildi
Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində "Xocalı: Şahidlər danışır" kitabı özbək dilində dərc edilib.
Kitabın müəllifi yazıçı-publisist, tarix elmləri üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü İradə Əlilidir.
İ.Əlili bildirib ki, kitab Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə özbək dilinə tərcümə olunub: "Xocalı soyqırımı bəşəriyyətin ən ağır vəhşətidir. Kitabda 1992-ci il 26 fevral o qanlı gecənin şahidlərinin xatirələri və xocalı gənclərinin fikirləri yer alıb. Dünyaya həqiqətlərimizi tanıtmaq, haqlı olduğumuzu göstərmək, doğru olanı söyləməliyik.
Bu kitab artıq 13-cü (Azərbaycan, rus, ingilis, türk, alman, ispan, italyan, fransız, ərəb, fin, holland, urdu, özbək) dildir ki, tərcümə edilərək nəşr edilib".
Qeyd edək ki, kitabın öz sözünü keçmiş ombudsman, professor Elmira Süleymanova yazıb. Redaktoru isə şairə-publisist, prezident təqaüdçüsü Azadə Novruzovadır. Kitabın yaxın günlərdə təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.
