EN

“WindEurope”: Azərbaycan Şərqi və Mərkəzi Avropaya elektrik enerjisinin əsas ixracatçılarından birinə çevrilmək potensialına malikdir – MÜSAHİBƏ

Bakı, 19 fevral, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycanın təmiz ətraf mühit və yaşıl artım ölkəsi prioritetinə uyğun olaraq bərpaolunan enerji sahəsində layihələr həyata keçirir. “ACWA Power” şirkəti tərəfindən tamamilə xarici investisiya hesabına həyata keçirilən ən böyük layihələrdən biri olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası enerji mənbələrinin şaxələndirilməsi ilə ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, yaşıl enerji istehsalının artırılması və ekoloji dayanıqlılığın təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Həmçinin Azərbaycanın zəngin külək enerjisi potensialı, yaşıl enerji sahəsinə olan böyük maraq və ölkəmizdə xarici investisiyalar üçün yaradılmış əlverişli mühit ölkədə bir neçə bu cür layihənin həyata keçirilməsinə mühüm stimul verir.

“WindEurope” - Avropa Külək Enerjisi Assosiasiyası Avropada külək enerjisindən istifadəni fəal şəkildə təşviq edən assosiasiyadır. Təşkilat 2016-cı ilə qədər EWEA adlanırdı. “WindEurope” Azərbaycanın Bərpa Olunan Enerji Agentliyi ilə külək enerjisi layihələrini dəstəkləmək məqsədilə əməkdaşlıq edir.

Əməkdaşlığın perspektivləri, qarşıda duran məsələlər və s. ilə bağlı “WindEurope”un sənaye direktoru Fil Koulun (Phil Cole) AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Cənab Koul, “WindEurope” ilə Azərbaycanın Bərpa Olunan Enerji Agentliyi arasında imzalanan memorandumun əsas məqsədləri nədir?

- “WindEurope” və Azərbaycanın Bərpa Olunan Enerji Agentliyi Azərbaycanın və Xəzər bölgəsində külək enerjisinin inkişafı üçün əməkdaşlıq istiqamətlərini müəyyən ediblər. Onların birgə səyləri, layihələrin qiymətini yalnız nəzərə almaqla yanaşı, biomüxtəlifliyin qorunması, kibertəhlükəsizlik və iş yerlərinin yaradılması kimi faktorları da nəzərə alan rəqabət meyarlarının müəyyənləşdirilməsinə yönəlib. Əsas prioritetlərdən biri dəniz külək enerjisi layihələrini dəstəkləmək üçün effektiv dəniz məkanının planlaşdırılması və şəbəkə infrastrukturlarının inkişafıdır.

Bundan əlavə, lisenziyalaşdırma prosedurlarının sadələşdirilməsi mühüm hədəf olacaq ki, bu da yeni külək enerji stansiyalarının tikinti prosesini sürətləndirəcək və optimallaşdıracaq.

- “WindEurope” və Azərbaycan Bərpa Olunan Enerji Agentliyi arasında tərəfdaşlıq külək enerjisi təchizat zəncirinin inkişafına və Avropaya enerji ixracına necə töhfə verir?

- Tərəfdaşlıq, həmçinin külək enerjisi sahəsində təchizat zəncirinin inkişafına yönəlib. Bu məqsədlə yerli və Avropa istehsalçıları tərəfindən komponentlərin istehsalı imkanları araşdırılır. Əməkdaşlığın vacib hissəsi külək enerjisi layihələrinin həyata keçirilməsi və enerji sistemlərinin qarşılıqlı inteqrasiyası üzrə qabaqcıl təcrübənin mübadiləsi olacaq. Əməkdaşlığın əsas istiqamətlərindən biri avropalı elektrik enerjisi alıcıları ilə Azərbaycanın külək enerjisi istehsalı arasında əlaqələrin qurulmasıdır ki, bu da optimal enerji mübadiləsini təmin edəcək.

Bundan əlavə, tərəflər “Xəzər-Aİ-Yaşıl Enerji Dəhlizi” layihəsini təşviq etməyi hədəfləyir və bu çərçivədə Azərbaycanın enerji sistemini Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Aİ-nin enerji şəbəkəsi ilə birləşdirən enerji körpüsü yaradacaqlar. Bu, Azərbaycanın külək enerjisinin Avropaya ixracı üçün mühüm addım olacaq.

- “WindEurope” Azərbaycandan Avropaya külək enerjisinin ixracında hansı rolu oynaya bilər?

- “WindEurope” ilə Azərbaycan Bərpa Olunan Enerji Agentliyi arasında 2024-cü ilin mart ayında imzalanan anlaşma memorandumundan sonra təşkilat Azərbaycanın külək enerjisi inkişafına dəstək göstərəcək. Bu əməkdaşlıq qabaqcıl təcrübə mübadiləsi, qarşısı alınmalı risklərin müəyyənləşdirilməsi həm quruda, həm də dənizdə külək enerjisi avadanlıqlarının qurulması ilə bağlı məsləhətləşmələri əhatə edir.

Bundan əlavə, “WindEurope” Avropa enerji satınalma müqavilələri bazarının təcrübəsini paylaşacaq və layihənin əlaqələndirici xətti üçün əsas olacaq. Təşkilat həmçinin siyasətçilər, tənzimləyici orqanlar və Azərbaycanla Aİ-dəki potensial enerji istehlakçıları arasında əlaqə qurma işini davam etdirəcək, layihənin irəliləməsinə kömək edəcək.

- “WindEurope” Avropa şirkətlərini Azərbaycanda külək enerjisi layihələrinə cəlb etməyə necə kömək edə bilər?

- “WindEurope” 600-dən çox üzvü birləşdirir və bu üzvlər külək enerjisinin inkişafının bütün sahələrində fəaliyyət göstərir. Bəzi şirkətlər Azərbaycandakı layihələrə birbaşa investisiya qoymaqda maraqlıdır. Digər tərəfdən isə təşkilat bilik paylaşımı vasitəsilə dəstək verməyə hazırdır. Avropa İttifaqı külək enerjisi texnologiyaları və bərpaolunan enerji mənbələrinin enerji sistemlərinə inteqrasiyasında liderdir. Buna görə də Azərbaycan Avropanın külək enerjisinin inkişafında topladığı onilliklərə dayanan təcrübəsindən faydalana bilər.

- Avropa İttifaqı (Aİ) Azərbaycanla külək enerjisi sahəsində əməkdaşlıqdan hansı faydalar əldə edəcək?

- Aİ-nin Xəzər regionunda külək enerjisinin inkişafına dair strateji prioritetləri bu ərazinin geniş külək potensialından səmərəli istifadə etməyə, həmçinin iqtisadi, texnoloji və ekoloji üstünlüklər yaratmağa yönəlib. Azərbaycan bu prosesdə mühüm rol oynayır və külək enerjisinin inkişafına həm daxili tələbatın ödənilməsi, həm də ixrac potensialının artırılması baxımından strateji yanaşma nümayiş etdirir. Bir çox ölkələr 2030-cu ilə qədər bərpaolunan enerji hədəflərinə çatmaqda çətinlik çəkdiyi halda Azərbaycan öz resurslarından fəal şəkildə istifadə edərək enerji bazarındakı mövqeyini gücləndirir.

- Cənubi Qafqaz regioununda yeni külək turbinlərinin tikintisi iqtisadi baxımdan nə kimi üstünlüklər gətirə bilər?

- Azərbaycan həm quruda, həm də dənizdə külək enerjisinin inkişafı üçün mühüm potensiala malikdir, bu da onu külək elektrik stansiyalarının inkişafı üçün cəlbedici bir ölkə edir. Bol külək resursları və sabit külək sürəti bərpaolunan enerji mənbələrinin sürətlə tətbiq edilməsi üçün əlverişli şərait yaradır. Öz enerji keçidini təşviq etməklə yanaşı, Azərbaycanın coğrafi mövqeyi qonşu ölkələrin sənayesinin dekarbonizasiyası perspektivlərini açır və onların istehsal proseslərinin elektrifikasiya edilməsi ilə bu məqsədə nail olmaq mümkündür. Əlavə olaraq, Azərbaycan inkişaf etmiş külək enerjisi bazarlarında buraxılmış səhvləri nəzərə alaraq, bu səhvlərdən qaçaraq sektoru daha səmərəli və sürətli inkişaf etdirə bilər.

Avropada artıq külək enerjisi 370 min iş yeri yaradıb və 2030-cu ilə qədər bu rəqəm 600 minə çatacaq. Azərbaycan iqtisadiyyatı da iş yerlərinin artımından və əlavə dəyərin yüksəlməsindən faydalana bilər, bu da sahənin inkişafına və beynəlxalq tərəfdaşlarla iqtisadi əlaqələrin güclənməsinə kömək edəcək.

- Sizin fikrinizcə, külək enerjisinin inkişafı Azərbaycandan elektrik enerjisinin ixracına necə təsir edəcək?

- Azərbaycan Şərqi və Mərkəzi Avropaya elektrik enerjisinin əsas ixracatçılarından birinə çevrilmək potensialına malikdir. Regionlar arasında iqtisadi əlaqələri gücləndirərək davamlı enerji infrastrukturunun inkişafına töhfə verəcək.

- “WindEurope” dünya miqyasında külək enerjisini dəstəkləmək üçün hansı təşəbbüsləri həyata keçirir?

- “WindEurope” — külək enerjisi sektorunun maraqlarını təmsil edən və onun inkişafını Avropada fəal şəkildə təşviq edən aparıcı təşkilatdır. Assosiasiyaya 600-dən çox üzv daxildir və bu üzvlər təchizat zəncirinin bütün sahələrini əhatə edir: turbin istehsalçıları və komponent təchizatçıları, enerji şirkətləri, maliyyə qurumları, elmi-tədqiqat institutları və milli assosiasiyalar. “WindEurope” həm quruda, həm də dənizdə külək enerjisinin tətbiqinə kömək edir, eyni zamanda sənayenin inkişafına yönəlmiş tədqiqat layihələrində və təhsil təşəbbüslərində iştirak edir.

- Assosiasiya gələcəkdə Azərbaycan ilə necə əməkdaşlıq etməyi planlaşdırır?

- Bizim prioritetimiz “WindEurope” ilə Azərbaycanın Bərpa Olunan Enerji Agentliyi arasında imzalanmış memorandumda qeyd olunan yeddi əsas istiqamətin həyata keçirilməsidir. “WindEurope” Azərbaycan ilə fəal əməkdaşlıq etməyə hazırdır. Ölkədə külək enerjisi potensialının inkişafına və Avropa şirkətləri ilə əlaqələrin gücləndirilməsinə kömək edəcək.

Chosen
32
azertag.az

1Sources