Bakı, 19 fevral, AZƏRTAC
Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci sessiyasının “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunması müasir dövrdə artan qlobal çağırışlar fonunda mühüm əhəmiyyət kəsb edir. Parlament diplomatiyası yalnız xarici siyasətin bir elementi deyil, həm də ölkələr və sivilizasiyalar arasında dostluq və əməkdaşlığın inkişafına töhfə verən əsas sütunlardan biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Oman Şura Məclisinin sədri Xalid Hilal Nasir Al Maavali Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Asiya dövlətləri arasında əməkdaşlıq digər qitələrə nümunə olacaq. Bu çərçivədə parlament diplomatiyasının gücləndirilməsi xüsusilə önəmlidir. Oman Sultanlığı APA-nın daimi üzvlüyü üçün sənədlərini artıq təqdim edib və bu quruma üzvlüyün çoxtərəfli əməkdaşlığa yeni imkanlar yaradacağına əmindir.
“Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci sessiyası yüksək səviyyədə təşkil edilib və əvvəlki sessiyalarda görülən işlər uğurla davam etdirilir. Oman Sultanlığı APA çərçivəsində qanunvericilik məsələlərində fəal iştirak edəcək, üzv dövlətlərə dəstək göstərəcək və birlikdə qlobal sülhə, inkişafa və davamlılığa çağırış edəcək”, - deyə Xalid Hilal Nasir Al Maavali bildirib.