İspaniya La Ligasının son turunda "Osasuna" ilə görüşdə Madrid "Real"ının futbolçusu Cud Bellinqemə qırmızı vərəqə göstərən Xose Munuera Montero haqqında məlumatlar səngimək bilmir.

Offsideplus.az xəbər verir ki, qalmaqallı hakim "Barselona"nın sabiq hücumçusu Lionel Messinin azarkeşi imiş. Belə ki, Montero öz həyətinin divarında argentinalı dünya çempionunun rəsmini çəkdirib.

La Liganın axırıncı turunda baş verənlərdən sonra isə hakim ehtiyatlı davranmağa başlayıb. O, öz evinə işçi çağıraraq, divarda əks olunan rəsmin üzərini örtüb.

Bu arada İspaniya məhkəməsi Xose Munuera Montero ilə bağlı araşdırmalara başlayıb. Konsaltinq şirkətinə malik olan hakim "maraqların toqquşması" səbəbindən cəzaya məruz qala bilər. Onun şirkətinin müştəriləri arasında La Liga və digər çempionatların iştirakçıları var.

Monteronun günahı sübuta yetirilərsə, ona 5 il cəza kəsilə bilər. Artıq hakimin La Liganın növbəti turunda iş başında olmayacağı dəqiqləşib.