EN

HP: Bakı şəhər İcra Hakimiyyəti tullantıların idarə edilməsində nöqsanlara yol verib

Bakı şəhər İcra Hakimiyyəti tullantıların idarə edilməsində bir sıra nöqsanlara yol verib.

"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının apardığı təhlükəsiz tullantıların idarə olunması auditinin nəticələrində bildirilib.

Qeyd edilib ki, toplanmış sübutlar 2021-2023-cü illərdə Bakı şəhərinin 11 rayon (Qaradağ rayonu istisna olmaqla) mənzil-kommunal təsərrüfatı birlikləri və bu kimi digər qurumları tərəfindən “Təmiz Şəhər” ASC-yə təhvil verilmiş müvafiq tullantıların miqdarının Bakı şəhəri üzrə yığılmış ümumi (statistik məlumatlara əsasən) məişət tullantılarının 42,5%-inə bərabər olub. Nəticə etibarı ilə Bakı ŞİH xəttilə 2935,2 min tona yaxın tullantı ASC-yə təhvil verilməyib. Bu isə o deməkdir ki, məişət tullantılarının yığılması və zərərsizləşdirməyə təqdim edilməsi işi səmərəsiz təşkil edilib.

Bu da bir tərəfdən tullantıların çeşidlənməsi və ya yüksək kalorifik dəyərlə yandırılması ilə rəsmən səfərbər olunmamış resurs potensialının, digər tərəfdən isə qeyri-qanuni çeşidləmənin və çirkləndirmənin miqyasının nə dərəcədə yüksək olduğunu göstərir.

Təhlükəsiz tullantıların “Bakı Tullantıların Enerjiyə Çevrilməsi Layihəsi” üzrə bağlanılmış 2008-ci il 15 dekabr tarixli Müqavilə şərtlərinə uyğun kalorifik dəyərlə Yandırılma zavoduna təhvil verilməməsi istehsal edilmiş elektrik enerjisinin miqdarına mənfi təsirlərə, eləcə də yandırılma prosesi üzrə enerji və qazdan istifadə səviyyəsinin artmasına səbəb olmaqla yanaşı Bakı şəhəri üzrə müvafiq tullantıların qəbulu və yandırılmaya yönəldilməsi işinin təkmilləşdirilməli olan tərəflərini bir daha təsdiq edib.

2023-cü ilin göstəriciləri bir tullantı konteynerinə düşən əhali sayının Bakı şəhərindən (87) kəskin fərqlənməklə Yevlax şəhərində 424-ə, Abşeron rayonunda 322-ə, Ağcabədi rayonunda 3092-ə, Bərdə rayonunda 780-ə və Beyləqan rayonunda 1141-ə bərabər olduğunu göstərib ki, bu da həmin regionlarda tullantıların toplanılması fəaliyyətinin sanitar-epidemioloji və ekoloji təhlükəsizlik normalarına uyğun səmərəli təşkil edilməməsini deməyə əsas verib.

Hesablama Palatası əlavə edib ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti hesablaşmaların nağdsız aparılmasını və dövlət satınalmaları ilə bağlı qaydaları pozub: "Təhlükəsiz (bərk məişət) tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə xidmət haqlarının əhali istehlakçı qrupundan toplanılması əsasən (Bakı şəhərinin Nizami rayonu, Gəncə və Mingəçevir şəhərləri istisna olmaqla) nağd qaydada həyata keçirilməklə auditlə əhatə olunan dövrdə həmin əməliyyatlar çərçivəsində rəsmiləşdirilmiş daxilolmaların məbləği Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və müvafiq tabeli qurumlarının xətti ilə 16,5 mln. manata, auditlə əhatə olunmuş digər regionlar üzrə 4,3 mln. manata, mənbəyi bu və digər vəsaitlərdən ibarət olmaqla satınalma prosedurları keçirilmədən sənədləşdirilmiş müxtəlif alışların məbləği isə, müvafiq olaraq 9,4 mln. manata və 1,3 mln. manata bərabər olub ki, bu da bir tərəfdən hesablaşmaların nağdsız aparılmasını və dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulmasını göstərmiş, digər tərəfdən isə daxili nəzarət mühitinin maliyyə-təsərrüfat fəaliyyətində riskləri minimallaşdıran sağlam meyarlara əsaslanmadığını deməyə əsas verib".

Chosen
52
14
apa.az

10Sources