“İşğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri bu bölgənin yaxın gələcəkdə Azərbaycanın yenidən inkişaf etmiş dilbər guşəsinə çevriləcəyini deməyə imkan verir. Xüsusilə də, Ağdam rayonunun bərpası istiqamətində görülən işlər valehedicidir. Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 18-də Ağdam şəhərinə növbəti səfərləri, həyata keçirilən genişmiqyaslı tikinti işləri ilə tanışlıq, açılış mərasimində iştirakları ilə əlamətdar oldu”.
Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, Ağdam Azərbaycanın strateji əhəmiyyətə malik rayonlarındandır və zəngin tarixi-mədəni irsə malikdir: “Hələ 2020-ci il noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdama səfər edərək bərpa işlərinin başlanğıcını elan etdilər. 2021-ci ildə növbəti səfəri zamanı cənab Prezident Ağdam şəhərinin yenidən qurulması üçün təməl daşını qoydu. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin iştirakı ilə keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Bu, Ağdamın beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından da uğurlu platforma idi. Şəhərin baş planı olduqca dəqiq, əhatəli hazırlanıb. Təməli 2021-ci ilin mayında qoyulan 3 mərtəbədən ibarət 960 şagirdlik 1 nömrəli məktəb bilikli, dünyagörüşlü nəslin yetişməsinə ərməğandır. Körpələr evi-uşaq bağçasının inşasına 2023-cü ildən başlanılıb. Aparılan tikinti işləri ilə tanış olan dövlətimizin başçısına və birinci xanıma məlumat verilərək bildirilib ki, 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası zirzəmi və iki mərtəbədən ibarətdir. Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olan ölkə başçısına bildirilib ki, dizayn layihəsi “Mədəni və təbii irs”, “İnfrastruktur və xidmətlər”, “Əyləncə və istirahət”, “Marketinq və təşviqat” olmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb. Ağdam Muğam Mərkəzinin inşası yekunlaşmaq üzrədir. Ümumi sahəsi 1,4 hektar olan mərkəzin birinci mərtəbəsində kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edən dövlətimizin başçısına Mərkəzdə görülən işlərlə bağlı məlumat verilib. Səfər zamanı Prezident “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə də tanış olub. 1,55 hektar olan ərazidə 6 mərtəbəli 6 yaşayış binası ucaldılıb. Ağdam şəhərində 1268 mənzilli 2-ci yaşayış kompleksində də tikinti işləri öz axarında davam edir. Ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb. Ağdam şəhərində inşa olunan “Hilton Garden İnn” hotelində işlərin 60 faizi yerinə yetirilib. Burada 100-dən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Əminliklə söyləmək olar ki, yenidən qurulan Ağdam təkcə Azərbaycanın deyil, regionun ən gözəl, inkişaf etmiş şəhərlərindən biri olacaq”.
Deputat Xocalının da yenidən qurulmasının Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdi: “Prezident cənab İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində bir qrup sakinlə görüşündə də Xocalının Azərbaycan üçün əhəmiyyətindən bəhs etdi. Fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan ölkə başçısı cənab İlham Əliyev bildirib ki, Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Ballıca kəndində 137 ev artıq bərpa edilib və 60-a yaxın evin bərpası nəzərdə tutulub. Hazırda kənddə 460 keçmiş məcburi köçkün yerləşib. Dövlət başçısının da qeyd etdiyi kimi, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Qeyd edək ki, 1992-ci ildə ermənilərin ən böyük terror dəstələri məhz Ballıca kəndində məskunlaşmışdılar və burada öz çirkin əməllərini həyata keçirməyə çalışmışdılar”.
Mehriban Vəliyeva onu da qeyd etdi ki, həm Ağdamda, həm də Xocalıda həyat yenidən qaynayır: “İşğaldan azad olunmuş yurd yerlərimizə qayıdan, orada yaşayan, işləyən insanların üzündə sevinc, gözlərində inam, xöşbəxtlik görünür. Onlar çox böyük həvəslə azad olunmuş ərazilərimizin yenidən qurulmasında çalışırlar, orada yaşayırlar. Bütün bunlar göstərir ki, yaxın gələcəkdə azad olunan rayonlarımız, kəndlərimiz tamamilə yenidən qurularaq sakinlərin ixtiyarına veriləcək. Hər bir ölkə vətəndaşı böyük şövqlə, həvəslə Qarabağa səfər edə biləcək”.