EN

“Turan Tovuz” qarlı havada “Şamaxı” ilə üz-üzə

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulacaq. Günün ilk oyununda “Turan Tovuz” “Şamaxı”nın qonağıdır. SİA xəbər verir ki, görüş saat 14:30-da başlayıb.

Qeyd edək ki, bir neçə saat öncə “Turan Tovuz” oyunla bağlı Peşəkar Futbol Liqasına müraciət edib. Müraciətdə bildirilib ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələr var.

Klubun sosial şəbəkədə yaydığı məlumata görə, bir neçə gün öncədən hava şəraitinin kəskin dəyişəcəyi haqda rəsmi proqnoz verilməsinə və bu haqda PFL-ə rəsmi məlumat vermələrinə baxmayaraq bunlar baş verib.

Peşəkar Futbol Liqası isə "Turan Tovuz"un müraciətinə belə cavab verib:

"Ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar gözlənildiyi kimi oyunların keçiriləcəyi bütün stadionlarda çətinliklər yaşanıb. Bütün klubların rəhbərliyinə, əziyyəti keçən hər bir əməkdaşına fədakarlıq göstərdiklərinə görə minnətdarlığımızı çatdırırıq. “Neftçi Arena”, “Liv Bona Dea Arena”, Tofiq Bəhramov adına Respublika Stadionu, Şamaxı şəhər stadionu, Zirə İdman Kompleksinin stadionu oyunlara hazır vəziyyətə gətirildi. Hamısı yüksək səviyyədə təmizləndi və oyuna yararlı duruma çatdırıldı. Komandalar dərhal qırmızı toplarla təmin olundu. Meydançalar qırmızı xətlərlə boyandı. Klublarla birgə bir komanda olaraq bu problemin aradan qaldırılması üçün əlimizdən gələni etdik.

Ən böyük qar kütləsi Şamaxıda qeydə alınmışdı. Klub rəhbərliyinə və yerli icra orqanlarına xüsusi təşəkkür edirik. Hətta oyundan öncəki məşq üçün belə şərait yaratmağa nail oldular. Sadəcə axşam saatlarında yenidən qar yağdığına görə çətinlik yarandı. Səhər saatlarından etibarən klubla daim əlaqədəyik və təşəkkür edirik ki, stadionu tam təmizləyə biliblər. Yeganə problem yayımla bağlıdır. “CBCSport” telekanalının əməkdaşları və VAR maşını dünənki matçlarla əlaqədar oyun günü səfərə yollandığından təhlükəsizlik səbəbindən geri qayıtmalı oldular. Xüsusi qeyd etmək istərdik ki, VAR sisteminin olmaması və matçın yayımlanmaması oyunun keçirilməsi üçün əngəl ola bilməz. Dəfələrlə ölkəmizdə, eləcə də dünyanın bir çox çempionatlarında oyun zamanı VAR-ın çalışmamasının şahidi olmuşuq, amma oyun dayandırılmayıb. Və ya havanın dumanlı olması səbəbindən televiziya vasitəsilə tamaşaçıların izləməsi demək olar mümkünsüz hala gəlsə də, aşağı qatda, yəni meydançanın üzərində, hakimin görüş məsafəsində heç bir problem olmadığından oyun davam etdirilib. Bir daha qeyd etmək istərdik ki, oyunun təxirə salınması ilə bağlı qərarı baş hakim verir. Meydançanı nəzərdən keçirir, topun hərəkətini, hava şəraitinin futbolçuların sağlamlığına zərər vurma ehtimalını nəzərə alır və nəticə çıxarır. Əgər ciddi narahatlıq olarsa, matç təxirə salınır.
VAR sistemi ilə bağlı narahatlıqlara gəldikdə isə qeyd etmək istərdik ki, idman prinsiplərinin qorunması əsas tutularaq, hər mövsüm çempionatın son turlarında avrokuboklara yollanma və aşağı liqaya düşmə ehtimalı olan komandalar üçün həssaslıq nəzərə alınaraq, bütün oyunlar eyni gündə və eyni saatda start götürür. Bu zaman isə oyunların bəziləri “CBCSport” kanalı vasitəsilə canlı yayımlanmır və VAR sistemi tətbiq olunmur. Bu hal bu mövsümün də sonunda yaşanacaq. “Şamaxı” və “Turan Tovuz” komandalarına bugünkü oyunda uğurlar arzu edirik".

Chosen
7
5
sia.az

10Sources