EN

Əli və Bəxtiyarın qətli ilə başlayan faciələrimiz...

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rüstəm Qaraxanlı yazır...
Fevralın 22-də Qarabağda ilk şəhid verdiyimiz gündən 37 il ötdü. Həmin gün indiki kimi yadımdadır. Ağdamda 7 nömrəli rus orta məktəbində oxuyurdum. Yeni məktəb binasına köçmüşdük, o da Şuşa yolunun düz üstündə. Qonşuluqda, bizə bitişik 5 nömrəli məktəblə ciddi ədavətimiz var idi, çünki bizə yeni binanı onların ərazisində inşa etmişdilər. Həm binamız yeni, həm onların ərazisini zəbt etmişdik, həm də futbolda amansız rəqabətimiz var idi, - hər gün dava etmək üçün bundan gözəl səbəb?
Qış Ağdamda çox qarlı-çovğunlu keçməsə də, güclü sazaqlar olurdu. Səhər tezdən dərsə gedəndə əllərimizin üstünü don vurardı. Anam hər axşam əllərimizi xüsusi ilıq su vannasına qoyub yuyar, lazım gəlsə, hətta kisələyərdi. O vaxt bu, bizim üçün cəhənnəm əzabı idi, ancaq anam hesab edirdi ki, əllərimizin üstündə olan donvurma çatları toz-torpaqla oynadığımızdan kirli görünər, camaat "bu uşaqların anası hara baxır?" deyib söz edər. Bütün günü top dalınca qaçanda əllərimiz necə təmiz ola bilərdi axı?
Belə sazaqlı, amma günəşli günlərdən birində "5 nömrəli"nin qarşısında böyük bir izdihamın olduğunu gördük. Dərhal "yuxarı siniflər dava edir" deyə düşündük, ancaq irəlidə nə məktəblərin "birinci şefləri" görünürdü, nə də müəllimlər. Ağdam camaatı kütləvi şəkildə Xankəndiyə doğru irəliləyirdi. İki gün bundan əvvəl ermənilər Ermənistana birləşmək tələbi ilə mitinqlərə başlamışdılar. Bir ovuc qorxaq erməni Qarabağı Ermənistana birləşdirmək istəyir?! Xatırlayıram ki, həmin qorxaq ermənilərin dərsini vermək üçün Ağdama Gəncədən, Yevlax və Bərdədən də yüzlərlə insan gəlmişdi. Bir neçə saatdan sonra onların qətlə yetirilməsi barədə xəbər bütün Ağdama yayıldı - ermənilər Bəxtiyarla Əlini öldürmüşdülər...
Bəxtiyar Quliyevlə Əli Hacıyev şəhid olarkən 23 yaşları var idi. Təbii ki, biz uşaq idik və onları nə görmüşdük, nə də tanıyırdıq. Ancaq bu hadisə hər birimizin yaddaşına ömürlük hopub və özümüz bilməsək də, gələcək həyatımıza damğa vuran hadisələrdən biri, bəlkə də birincisi olub. Ağdamdan didərgin düşəndə mənim 13 yaşım var idi. Həmyaşıdlarım, sinif yoldaşlarım, bizim nəslin nümayəndələri ilə bu barədə bu 33 il ərzində heç vaxt söhbət etməmişik, ancaq əminəm ki, 1988-92-ci illərdə şahidi olduğumuz hadisələr qarşıdakı illərimizə, təhsilimizə, dünyagörüşümüzə, həyat faciəmizə təsir göstərən ən ciddi amil olub. Əli ilə Bəxtiyarın şəhid olduqları gün bizim ilk həyat zədəsini aldığımız gündür.
Onların ölümü gördüyümüz ilk belə hadisə deyildi. Dayımoğlu Ruslan "bizi qorumaq" üçün gətirilmiş sovet hərbçilərinin yerləşdikləri internat məktəbinin həyətindən qumbara tapmışdı. Aparıb evə, baş tərəfindəki halqanı nə qədər çəkib, bir şey alınmayıb. Kəlbətinlə isə istədiyinə "nail" olub. Partlayan qumbara bir əlinin yarısını, digərində isə bir neçə barmaqlarını aparmışdı. Qəlpələr olduğu otağı dərmə-deşik etmişdi. Onlardan biri də Ruslanın anasının gözünə dəymişdi. Donara bibi özü göz həkimi idi...
Uşaq ki, uşaq - qorxu-hürkü yox idi. İndiki ürəyimiz o vaxt olsa idi, gördüklərimizin heç birinə tab gətirməzdi. Məktəbimizi Ruslanın müalicə aldığı mərkəzi xəstəxana ilə ayıran hasara bitişik morqa Qarabağda bir-bir işğal olunan kəndlərdən xüsusi amansızlıqla, əzazilliklə qətlə yetirilmiş insanlarımızın cənazələrini gətirirdilər. Biz də qorxmadan gedib baxırdıq. İndiyə kimi xatırlayıram, ya Quşçulardan idi, ya Qaradağlıdan, - morqa olduqca cüssəli bir şəxsin ermənilər tərəfindən yandırılmış cəsədini uzatmışdılar. Kişi idi. Hiss olunurdu ki, öldürülərkən cavan olub. Hətta yanmış, qapqara cəsədin sağlığında nə qədər zəhmli olduğu hiss edilirdi. Ermənilərin qətlə yetirdikləri soydaşlarımızın cənazələrinin gətirildiyi morqun qarşısındakı divara isə böyük transparant vurulmuşdu. Üzərində təsvir olunmuş Engels, Marks və Lenin gözümüzün içinə zillənirdilər. Sanki aşağıda yazılmış "КПСС - ум, честь и совесть нашей эпохи" (Sovet İttifaqının Kommunist Partiyası - dövrümüzün zəka, şərəf və vicdanı - red.) şüarını da bizə onlar deyirdilər...
Hərbi əməliyyatlar başlayan günlərdən bizdən böyük gənclər könüllü olaraq cəbhəyə yollandılar. O vaxt indiki kimi nizami ordu, maddi-texniki təchizat, savadlı zabit kontingenti yox idi. Ancaq vətənpərvərlik, döyüşmək həvəsi var idi ki, bu aşırı başıalovluluq da yüzlərlə gəncimizin həyatla vidalaşmasında başlıca rol oynamışdı. Qonşumuz Elbrus piyadanın döyüş maşınını (PDM) sürürdü. Özü də şəhərin ortasında elə şütüyürdü ki, anası komandirinin yanına gedib Elbrusu PDM-dən düşürməyi xahiş etmişdi. Birdən öz camaatımızdan kiməsə xəsarət yetirər deyə. Piyada kimi ilk döyüşdəcə şəhid oldu. Anasının aqibətini xatırlamıram, düzü, təsəvvür etmək belə çətindir...
Məhəlləmizin keşiyini çəkən, şikayəti, mübahisələri həll etmək üçün yanına qaçdığımız yaraşıqlı Ceyhun da döyüşə Elbrusla bir vaxtda yollanmışdı. Səhv etmirəmsə, Şelli istiqamətində şəhid oldu. Xatırlayıram, danışırdılar ki, Ceyhun qumbaraatan mərmisinə tuş gəlmişdi. Anası Şəndə xala Ceyhunla böyük qardaşı Hilalı tək böyüdüb boya-başa çatdırmışdı. Bir neçə il sonra Hilal da Rusiyada öldü, yaxud öldürüldü, bilmirəm. Şəndə xaladan bundan sonra heç bir xəbərimiz olmadı...
Bombardmanlardan birində hər gün futbol oynadığımız, şən və məzəli Vahid şəhid oldu. Onun Don Kixota "Donçixot" dediyi səsi indiyə qədər qulaqlarımdadır...
Öldürülən, qovulan, əsir götürülən şəxslərin müharibə qurbanları olduqları bizə Xocalı faciəsinin baş verdiyi gün çatdı. Müharibə... Bizi bilərəkdən, düşmənik deyə öldürürdülər. Həmin morqa, Ağdam məscidinə gətirilən cənazələrin növbətisi biz, bizim valideynlərimiz və yaxınlarımız ola bilərdi. Fevralın 26-sı səhər dərsə gedərkən şəhərin mərkəzinə yük maşınları ilə gətirilmiş yaralı, donmuş qadın, uşaq, ahıl insanlarımızı gördük. Xocalıda böyük bir qətliamın baş verdiyini artıq hamı bilirdi. Məktəbdə dərs də olmadı. Zəhmindən gizlənməyə yer axtardığımız Tahir müəllim stadionumuza yaralı və ölü ilə dolu növbəti helikopterin endiyini görəndə əlini bizə tərəf yelləyib "gedin evə" dedi. Əfqanıstanda döyüş yolu keçmiş fizika müəllimi Ağdamın son günlərinin qapı önündə olduğunu başa düşmüşdü.
Həmin gün ad günümü qeyd edəcəkdik. Anam həmişəki kimi çolpalı aş bişirəcəkdi. Ancaq nə atam evə gəlmişdi, nə anamın əhvalı var idi, nə də düzü, bizim. Uşaq olsaq da, şəhərdəki ab-hava bizə də təsirsiz ötüşməmişdi. İki gün sonra, axşam hava yenicə qaralmışdı ki, şəhəri bomba atəşinə tutdular. Aşağı mərtəbədən Rizvan əmi qaranəfəs dəhlizimizə girdi: "Yığışın, gedirik!" Anam atam gəlməsə, heç yana getməyəcəyimizi dedi. Rizvan əmi qohumumuz idi, ərkyana "siz toplanın, o da gələr" desə də, hətta mən belə uşaqlığımla hiss edirdim ki, söylədiklərinə özü də inanmırdı. Atam şəhərin digər başında işləyirdi, necə gəlib çatacaqdı? Ancaq gəlib özünü yetirmişdi. Sonra dəfələrlə ondan necə özünü çatdırdığını soruşsam da, bilmədiyini deyirdi.
Bomba altında qaçıb Rizvan əminin RAF-ına doluşduğumuz gecə Ağdamda keçirdiyimiz son anlarımız oldu. Binamızdan iki-üç yüz metr aralaşmışdıq ki, anam göyərçinlərimizin bağlı qaldıqlarını, acından öləcəklərini deyib, maşının saxlanmasını istədi. Heç kim dinmədi, o cümlədən atam da. Hamı canını qurtarırdı, ancaq qorxduğunu da dilə gətirmək istəmirdi. Maşın axınının ortasında dayanmalı olduq, anamla atam qaçıb göyərçinlərin yuvasını açdılar ki, səhər uçub özlərinə yem tapsınlar...
Bu gün Bakıda ədalət mühakiməsinə çıxarılmış erməni canilər ovaxtkı qanlı günlərimizin baiskarıdırlar. İndi bizdən üzr istəyən, olanları sovet xüsusi xidmət orqanlarının üstünə atan Arayik Arutyunyan 1988-ci ilin 22 fevralında Əli ilə Bəxtiyarla demək olar ki, eyni yaşda idi. Sonradan qardaşı ilə hərbi əməliyyatlara qatılmış və Əli ilə Bəxtiyar kimi yüzlərlə vətəndaşımızın qətlində iştirak etmişdi. Arutyunyanın baş separatçı olduğu illərində isə şəxsi saytından "döyüş yolu"nu vəsf edən foto-video görüntüləri paylaşırdı. O və onun kimiləri bu gün törətdikləri cinayətlərə görə Azərbaycan dövləti qarşısında cavab verirlər. Gün gələcək, mənim göyərçinlərimə görə də Tanrı qarşısında cavab verəcəklər...
Chosen
21
50
oxu.az

10Sources