EN

Azərbaycan-Pakistan əlaqələri daha da möhkəmləndirilir

Prezident İlham Əliyev: “…Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır”
Azərbaycan dövləti və xalqı 44 günlük Vətən müharibəsindən sonra Pakistanla əlaqələri daha da gücləndirib. Artıq yeni əməkdaşlıq istiqamətləri yaradılır. Müxtəlif sahələr üzrə mövcud vəziyyət öyrənilir, potensial imkanlardan istifadə edilir. Çünki Pakistan İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirmişdir. Həmin günlər Türkiyədən sonra Azərbaycana mənəvi dəstəyini əsirgəməyən ikinci ölkə Pakistan oldu. 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə yekdilliklə qəbul edilmişdir. Fevralın 24-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfəsi olacaq. Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşdə bildirib ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək: “Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır.
Təxminən bu yaxınlarda həmin layihələrin siyahısını artıq almışıq və heyətlərimiz onları dəyərləndirir. Beləliklə, hər bir məsələni yekunlaşdırmaq və hesabat vermək üçün bir ay müddət veririk. Münasibətlərimiz nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir”. Azərbaycan və Pakistan arasında olan möhkəm dostluq və əməkdaşlıq əlaqələri beynəlxalq səviyyədə də özünü göstərir. Hər iki ölkə, beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyərək, ortaq maraqlar əsasında əməkdaşlığı davam etdirir. Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ECO kimi beynəlxalq təşkilatlarda, həmçinin Pakistanın bu qurumlarda fəal iştirakı, qarşılıqlı dəstək və strateji yanaşmaların önəmli nümunəsidir.
Bu dəstək, yalnız ikitərəfli əlaqələrin inkişafı üçün deyil, həm də regional və qlobal məsələlərdə ortaq maraqların qorunması və inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. İki ölkə bir-birinə yaxın müttəfiqlər olaraq, həmçinin terrorizmə qarşı mübarizə, sülhün təmin edilməsi və iqtisadi inkişaf kimi sahələrdə də sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü çərçivəsində mətbuata bəyanatla çıxışında da deyib ki, beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqeyimiz və baxışlarımız tam üst-üstə düşür: “Bu gün zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdik. Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr etdik və birlikdə məyusluğumuzu ifadə etdik ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür. Bir sözlə, ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Bu gün çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir”. Göründüyü kimi, Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə, o cümlədən infrastrukturun inkişafı, energetika, mədən sənayesi və digər iqtisadi sahələrdə bir sıra layihələrin icrası planlaşdırılır. Bu layihələr iki ölkənin iqtisadi əlaqələrini gücləndirəcək və qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını artıracaq. Bu layihələr həmçinin iki ölkə arasında iqtisadi, ticarət və siyasi münasibətləri gücləndirəcək, daha çox iş yeri yaradacaq və regionda sabitlik və tərəqqiyə xidmət edəcək.
Azərbaycan və Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq da son illərdə mühüm inkişaf yoluna qədəm qoyub. Bu sahədə əməkdaşlıq, hər iki ölkənin təhlükəsizliyini gücləndirmək, müasir müdafiə texnologiyalarını tətbiq etmək və müdafiə sahəsində təcrübə mübadiləsini artırmaq məqsədi daşıyır.
Həm Azərbaycan, həm də Pakistan, müdafiə sahəsində müstəqil istehsal imkanlarını artırmağa və yüksək texnologiyalı silah sistemləri inkişaf etdirməyə çalışır. Bu əməkdaşlıq çərçivəsində hərbi təlimlər, silah və texnologiya mübadiləsi, o cümlədən hərbi aviasiya, zirehli texnika və digər müasir hərbi avadanlıqların tədarükü mövzularında razılaşmalar mövcuddur. Prezident bəyanatında Pakistanın baş naziri ilə müzakirələrində bu mövzuya da toxunulduğunu qeyd edib: “Bu gün müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq”. Pakistanın müdafiə sənayesi sahəsindəki təcrübəsi və Azərbaycanın hərbi sahədəki ehtiyacları bu əməkdaşlığın daha da inkişaf etməsi üçün yaxşı imkanlar yaradır. İki ölkənin bu sahədəki əlaqələri həm regional sabitlik, həm də iki ölkənin təhlükəsizliyi baxımından vacibdir.
Xatırladaq ki, baş nazir Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Pakistan biznes-forumun keçirilib. Prezident İlham Əliyev forumda geniş çıxış edərək yeni imzalanmış sənədlər və Pakistanla iktirəfli əlaqələrin perspektivinə toxunub: “Biz enerji sahəsində də maraqlıyıq. Enerji ilə bağlı infrastruktur sahəsinə maraq göstəririk və yeri gəlmişkən, bu gün bizim enerji şirkətlərimiz bir sıra sənədlər imzalamışdır ki, bu da praktik əməkdaşlıq elementinə çevriləcəkdir. Enerji sahəsində əməkdaşlıq, – bu gün bu sahəyə maye qaz daxildir, – əminəm ki, daha da genişlənəcək və növbəti sahələri əhatə edəcəkdir”.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana bu səfəri iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirmək üçün mühüm bir addımdır. Belə səfərlər, iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın inkişafına böyük təkan verə bilər. Bu səfər həmçinin, Azərbaycan ilə Pakistan arasındakı dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsi üçün əhəmiyyətli bir fürsət yaradır. Həmçinin, hər iki ölkənin qarşılıqlı maraqlarını nəzərə alaraq yeni layihələr və təşəbbüslər ortaya çıxarıla bilər.

Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Chosen
55
50
moderator.az

10Sources