EN

Əmrah Həsənli: "Məktəblərdə tərbiyə deyil, təhsil verilir. Tərbiyə isə ailədən başlayır!"

    Son zamanlar məktəblərdə müəllimlə valideynlər arasında baş verən anlaşılmazlıqlar və hətta açıq mübahisələr təhsil ictimaiyyətini ciddi narahat edir. Bu kimi halların qarşısını almaq və təhsil ocaqlarında sağlam mühit yaratmaq üçün valideynlər öz məsuliyyətlərini dərk etməlidir. Gənc təhsil eksperti Əmrah Həsənli bu barədə fikirlərini TehsilForumu.Az-la bölüşüb.Əmrah Həsənli bildirir ki, müəllimlər cəmiyyətin əsas sütunlarından biridir və onlara hörmətin qorunması ümumi dəyərlərimizin bir hissəsidir:"Hesab edirəm ki, hər bir valideyn anlamalıdır: Əgər o, evdə övladını tərbiyə edə bilmirsə, məktəbdə müəllimdən tələb etməyə mənəvi haqqı yoxdur. Müəllimlər sadəcə bilik ötürən şəxslər deyil, onlar eyni zamanda övladlarımızı həyata hazırlayan fədakar insanlardır. Təəssüf ki, bəzi valideynlər müəllimlərə qarşı hörmətsiz davranır, hətta onlara təzyiq göstərməyə çalışır. Bu, təhsilin keyfiyyətinə birbaşa mənfi təsir edir."Ekspertin fikrincə, müəllimlərin cəmiyyətdə nüfuzunun qorunması üçün konkret addımlar atılmalıdır. O, xüsusilə qanunvericiliyin gücləndirilməsinin vacib olduğunu vurğulayır:"Müəllimlərə qarşı zorakılıq, təhqir və təzyiq hallarına qarşı sərt tədbirlər görülməlidir. Hüquqi bazanın gücləndirilməsi bu sahədə cəzasızlıq mühitini aradan qaldıracaq. Müəllimlərin məktəb daxilində təhlükəsizliyi təmin edilməli, valideynlərin nəzarətsiz hərəkət etməsi məhdudlaşdırılmalıdır. Valideynlərin müəllimlə mübahisə etməsi və ya dərs prosesinə müdaxilə etməsi yolverilməzdir."Ə.Həsənlinin sözlərinə görə, valideynlər də məktəb-müəllim münasibətlərində düzgün davranış qaydalarını öyrənməlidir:"Bir çox hallarda valideynlər övladlarının problemlərini özləri həll etmək əvəzinə, müəllimlərin üzərinə atır. Bu, təhsil mühitində qeyri-sağlam atmosfer yaradır. Valideynlər üçün mütəmadi maarifləndirici seminarlar və təlimlər təşkil olunmalıdır. Onlara həm övlad tərbiyəsi, həm də müəllimlə əməkdaşlıq etmə yolları öyrədilməlidir. Unutmayaq ki, məktəbdə təhsil verilir, tərbiyə isə ailədə başlayır. Valideynlər övladlarının davranışındakı problemləri ilk növbədə ailədə həll etməlidirlər.""Müəllimlərə hörmətsizlik cəmiyyətin gələcəyinə zərbədir"Ekspert vurğulayır ki, təhsil müəssisələrində müəllimlərə qarşı hər hansı fiziki və ya mənəvi təzyiq hallarında cəzasızlıq mühiti aradan qaldırılmalıdır:"Müəllimlərin nüfuzunu qorumaq cəmiyyətin gələcəyini qorumaq deməkdir. Əgər biz müəllimlərimizi müdafiə etməsək, gələcək nəsillərə keyfiyyətli təhsil vermək çətin olacaq. Müəllimlər rahat və təhlükəsiz mühitdə işləməlidir ki, bütün diqqətlərini tədris prosesinə yönəldə bilsinlər. Unutmayaq ki, müəllimə qarşı göstərilən hər bir hörmətsizlik, əslində, cəmiyyətimizin gələcəyinə vurulan zərbədir."Əmrah Həsənli təhsil sistemində baş verən problemlərin həlli üçün həm valideynlərin, həm də cəmiyyətin fəal rol oynamasının vacibliyini vurğulayaraq, bütün vətəndaşları müəllimlərə dəstək olmağa çağırır.Aymirə AğamirovaTehsilForumu.Az

Chosen
65
tehsilforumu.az

1Sources