57 mindən çox müxtəlif qida məhsullarının etiketində Azərbaycan dilində zəruri məlumatların qeyd olunmadığı aşkarlanıb.

İndex.az xəbər verir ki, bunu Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, muxtar respublikada keçirilən monitorinqlər zamanı bir sıra nöqsanlar müəyyən edilib:

“47 dönərxanada 96 halda monitorinq aparılıb, nöqsanlar aşkar olunub. Dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə 22 halda dönər və dönərdə istifadə olunan mayonez əsaslı sous məhsulundan nümunə götürülərək analiz olunması üçün laboratoriyaya təqdim olunub, keyfiyyət göstəriciləri üzrə müayinələr aparılıb. Nəticələrdə 19 halda uyğunluq, 4 halda isə uyğunsuzluqlar müəyyən edilib. Bununla əlaqədar sahibkarlara icrası məcburi göstərişlər verilib”.

Qeyd olunub ki, idxal olunan məhsulların üzərində Azərbaycan dilində zəruri məlumatların olub-olmaması ilə bağlı 301 qida obyektində monitorinq aparılıb. Nəticədə 57 min 524 ədəd müxtəlif növ qida məhsullarının etiketində Azərbaycan dilində zəruri məlumatların qeyd olunmadığı aşkarlanıb. Aşkarlanmış nöqsanların təsərrüfat subyektləri tərəfindən aradan qaldırılması təmin edilib.

Həmçinin 3 ət emalı müəssisəsində aparılmış monitorinq zamanı kolbasa və sosiska məhsullarından 13 halda nümunə götürülərək mövcud resurslar daxilində bəzi göstəricilər üzrə laborator müayinələri aparılıb və nəticələrin müsbət olduğu müəyyən edilib. Buna baxmayaraq, monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub, müəssisə rəhbərlərinə icrası məcburi göstərişlər verilib.