EN

“28 fevral sürəci”

28 fevral 1997-ci il, Türkiyədə “28 fevral sürəci” başlayır. Hadisələr 54-cü Türkiyə hökumətini (Rifah-Yol hökuməti) süqutu ilə yekunlaşdı.

1995-ci ilin dekabrında keçirilən parlament seçkilərində nəticələr belə oldu:

1.  Rifah Partiyası, sədri N. Ərbakan (21,38 faiz və 158 mandat)

2.  Doğru Yol Partiyası, sədri T. Çillər (19,18 faiz və 135 mandat)

3.  Ana Vətən Partiyası, sədri M. Yılmaz (19,65 faiz və 132 mandat)

4.  Demokratik Sol Partiya, sədri B. Ecevit (14,64 faiz və 76 mandat)

5.  Cümhuriyyət Xalq Partiyası, sədri D. Baykal (10,71 faiz və 49 mandat)

Prezident Süleyman Dəmirəl hökumət qurmaq səlahiyyətini seçkilərdə birinci olan partiyanın rəhbərinə verdi. Amma Rifah Partiyasının təkbaşına hökumət qurmaq üçün mandatı yox idi, dünyəvi partiyalardan isə kimsə onlarla koalisiya qurmadı. Hətta o zaman mətbuatda dolaşan iddialara görə, Məsud Yılmazın arvadı ona “Məsud, bu koalision olsa, mən boşanaraım” demişdi.

Dəmirəl bundan sonra mandatı Yılmaza verdi. ANAP və DYP koalisiya qurmaq barədə razılığa gəldilər.

Onların ikisinin mandatı yenə də 550 üzvü olan TBMM-də çoxluq təşkil etmirdi, amma Ecevitin DSP də hökumətdə iştirak etmədən dəstək verəcəyini bildirdi. Bununla belə, 1996-cı il martın 6-da işə başlayan 53-cü Ana-Yol hökumətinin ömrü üç ay oldu.

Yenidən hökumət qurma səlahiyyətini alan Ərbakan bu dəfə Tansu Çillərin razılığını ala bildi və iyunun 28-də 54-cü Rifah-Yol hökuməti quruldu. İslamçı Ərbakanın baş nazir olması Türkiyənin laikçi kəsimi və xüsusən də ordu tərəfindən narahatlıqla qarşılandı. Rifahçılar da bu narahatlığı sakitləşdirməyə çalışmaq əvəzinə daha da körüklədilər. Məsələn, baş nazir ilk xarici səfərini İrana etdi.

Ərbakan müsəlman birliyinin yaranmasına çalışırdı və bu zaman Türkiyəni bu birliyin lideri görürdü. Utopik yanaşma idi, nəzərə almırdı ki, başqa müsəlman ölkələri heç də bununla razı olmayacaqlar. Məsələn, şiə İranı sünni və dünyəvi Türkiyənin liderliyini istəməyəcək. Ərəb dünyasının ən güclü ölkələrindən biri Misir öz ölkəsində “Müsəlman qardaşlar” təşkilatını qadağan etdiyi halda, Türkiyədə oxşar ideologiyanın hakimiyyətə gəlməsindən məmnun deyildi. Səudiyyə Ərəbistanı kimi klerikal, Liviya kimi o zaman kəskin anti-qərb mövqe tutan ölkələrdən heç danışmağa dəyməz.

Ərbakanın oktyabrın 6-da Liviya səfəri ümumiyyətlə fiasko oldu. Çadırda keçirilən mətbuat konfransında Qəddafi gözünü yumub ağzını açdı və Türkiyəni açıq-aşkar aşağıladı. Onun müstəqil dövlət olmadığını, işğal altında olduğunu bildirdi, xarici siyasətini təftiş etdi. Ərbakan da buna “Türkiyə və Liviya qardaş dövlətlərdir” tipli dişsiz cavab verdi. Hadisə Türkiyədə böyük rezonans doğurdu.

Ərbakanın baş naziri olması ölkə daxilindəki şəriətçiləri ürəkləndirdi. Liviyada Qəddafi ilə görüşülən gün Ankara Qocatəpə camisində Aczmendi təriqətinin nümayəndələri “Şəriət istəyirik” şüarı ilə aksiya keçirdilər.

Bir ay sonra Rifah Partiyasında Kayseri bələdiyyə başqanı “Tək partiya rejiminin kalıntısı, çağ dışı olmuş, insanları kölə kimi görən və rəy verib yönəticisini seçən insanlara heç sayan bu düzən mütləq dəyişməlidir! Və Müsəlmanlar, sakın ha içinizdən bu hirsi, bu kini, bu nifrəti, bu imanı əksik etməyin!” söylədi.

1997-ci il yanvarın 30-da Sincan bələdiyyəsi “Qüds gecəsi” keçirdi. Tədbirin keçirildiyi yerdə HƏMAS və “Hizbullah” liderlərinin portretləri asıldı. Dəvət olunan İran səfirinin  nitqi sonralar Türkiyənin daxili işlərinə qarışmaq kimi qiymətləndirildi. Fevralın 4-də Sincanda 20 tank və 15 başqa zirehli texnika küçələrə çıxarıldı. Hərbçilər bununla hökumətə əzələ nümayiş etdirdilər. Baş Qərargahın II başqanı orgeneral Çevik Bir ““Sincan'da demokratiyaya balans gətirdik” söylədi. Hərbi-dəniz qüvvələri komandanı oramiral Güvən Ərqaya fevralın 22-də “İrtica PKK-dan daha təhlükəlidir” dedi.

Həmin dövrdə Susurluq qalmaqalı da baş verdi. 1996-cı il noyabrın 3-də baş verən avtomobil qəzasında axtarışda olan mafiya lideri Abdulla Çatlı ilə birlikdə olan Polis məktəbinin müdiri Hüseyn Qocadağ öldü, hökumət ortağı olan DYP-dən millət vəkili Sədat Bucak isə yaralandı. Hadisə “Dövlət-polis-mafiya” əlaqələrinin gündəm olmasına səbəb oldu.

Milli Güvənlik Qurumunun 1997-ci il fevralın 28-də keçirilən və 9 saat davam edən toplantısında 28 fevral qərarları qəbul edildi:

8 illik məcburi təhsilə keçilməli.

Quran kursları Dəyanət İşləri Başkanlığına bağlanmalı, qaçaq kurslar qadağan olunmalı.

Təriqətlərin fəaliyyətlərinə son verilməli.

Geyim qanunu qeyd-şərtsiz uyğulanmalı.

Yaşıl sərmayəyə məhdudiyyət gətirilməli.

İrtica səbəbilə ordudan qovulanları müdafiə edənlər və ordunu din düşməni kimi göstərən media nəzarət altına alınmalı.

Tevhid-i Tədris uygulanmalı.

Qurban dəriləri dərnəklərə verilməməli.

Atatürk əleyhinə çağırışlar edənlər cəzalandırılmalıdır”

Mövzu haqqında səthi məlumata malik olanlar 28 fevraldan dərhal sonra Ərbakan-Çillər hökumətinin çökdüyünü düşünürlər, amma belə deyil. Hökumət daha 4 ay duruş gətirdi.

54-cü hökumət qurularkən belə razılığa gəlinmişdi ki, Ərbakan 2 il baş nazir olacaq, bundan sonra isə Çillər və Ərbakan hərəsi 1 il olmaqla növbə ilə baş nazir vəzifəsini tutacaqdılar. Ölkədə gərginliyin artması üzündən Ərbakan yerini Çillərə 1 il tez vermək qərarına gəldi və istefa etdi. Amma Dəmirəl hökumət qurmaq səlahiyyətini xeyli gözdən düşmüş Çillərə deyil, Məsud Yılmaza verdi. O da Ecevitin DSP-i və DYP-də ayrılan deputatların yaratdığı Demokratik Türkiyə Partiyası (Hüsaməddin Cindoruk) ilə koalisiya qurdu. CHP koalisiyanı hökumətdə iştirak etmədən dəstəklədi. Beləliklə, Rifah-Yol səhifəsi qapandı və 55-ci Türkiyə hökuməti quruldu.

Chosen
85
vaxt.az

1Sources