EN

Müstəqil dövlətçilik və dövlət dili

Əvvəli burada

II MƏQALƏ

Aristotel demişdi ki...

Müasir mərhələdə dövlət dilinin hüquqi və ictimai funksiyalarının bir-birini tamamlamalı olması yönündə daha aydın təsəvvürə malik olmaq üçün qədim yunan filosofu Aristotelin dövlət haqqında fikirlərinə qısa nəzər salaq.

Aristotel əsrlərlə bundan öncə dövlətin yaranması və inkişafını kollektiv miqyasda ünsiyyətlə əlaqələndirmişdi. O “Politika” əsərində yazırdı ki, dövlət cəmiyyədə ünsiyyətin özüninkişaf etdirməsinin təbii yekun təzahürüdür. Yəni toplumun həyatında insanlar arasında münasibətlərin kommunikasiya aspekti, bütövlükdə, etnosun mövcudluq şərtlərinə həlledici təsir edir. Cəmiyyətin dövlət qurmaq kimi “təbii tələbatı” bundan qaynaqlanır. Kollektiv ünsiyyətin inkişafı özlüyündə cəmiyyətin idarə olunması tələbatını yaradır və dövlət bu tələbatın mükəmməl şəkildə yekun olaraq tam ödənməsini ifadə edir.

Aristotelə görə, dövlətin yaranması və funksiyasında ünsiyyət (indiki terminlə dil) aparıcı rol oynayır. Hətta qədim yunan filosofu hesab edir ki, dövlətin formalaşması “cəmiyyətin özünü tam rahatlaması, özünüyaratması, sakitliyi özündə tapmasıdır”. Bu mənada etnos öz dövlətində özünü tapır, sabitləşir və kollektiv varlıq kimi mövcud ola bilir. Eyni zamanda, onun davamlı inkişafı dövlətçilik vasitəsilə şəxsi varolmanın xüsusi təcrübəsinə çevrilir.

Deməli, hələ Aristotel iki min il öncə ünsiyyəti, bütövlükdə, cəmiyyətin, o cümlədən onun dövlətinin varolmasının əsas aparıcı faktoru kimi dərk etmişdir. Qərb fəlsəfi düşüncəsində dövlət haqqında Aristotelin bu fundamental anlamı hələ də ciddi dəyişikliyə uğramamışdır. Təbii ki, çoxlu sayda incəlikləri olan yanaşmalar meydana gəlmişdir. Lakin ümumi fəlsəfi fikir axını kimi Qərb dövlət fəlsəfəsi Aristotelin intellektual və metodoloji “sərhədləri”ndən kənara çıxmamışdır. Ancaq burada bir incə məqamı ayrıca vurğulamaq lazımdır.

Lulli layihəsi

Orta əsrlərdə Avropada Raymond Lulli adlı bir keşiş dünyanın təkamül xəttini korrektə edən layihə ortaya atdı. O, kriptotəlim yaradaraq əsaslandırmağa çalışdı ki, ümumiyyətlə, dünyanın mövcudluğu və təkamülü xristian dininin həqiqətləri üzərindədir. Ona görə də, bütövlükdə, insan elminin əsas məqsədi xristian həqiqətlərini bu və ya digər şəkildə əsaslandırmaqdan, təbliği və təşviqindən ibarət olmalıdır. Yəni bu həm də “elm” adlanan insan fəaliyyətinin əsas vəzifəsi olmalıdır.

Bu yanaşma çərçivəsində R.Lulli özünün ümumi tezislərdən başlayaraq, konkret müddəalara qədər geniş idraki fəaliyyəti əhatə edən kriptosistemini yaratdı. Ona elə mexanizm verdi ki, məntiqi olaraq elmi fəaliyyət hər ümumi tezisdən alttezislərə keçid etməyə imkan olsun. Bu proses nəticəsində Lulli layihəsinə əsasən, bütün dünyəvi dinlər (İslam, Buddizm, İudaizm) xristian həqiqətlərinin doğruluğunu qəbul etməli və ona uyğun yaşamalıdır.

Lulli layihəsinin sadə ifadəsi belədir: İnsanın intellektual fəaliyyətinin hər bir növü, ilk növbədə, elm, xristian həqiqətlərinin doğruluğunu sübut etməyə və onun bütün bəşəriyyət tərəfindən bilərək və ya bilməyərək qəbul etməsinə xidmət göstərməlidir. Xeyli absurd və “qeyri-obyektiv” görünən bu iddia, çox maraqlıdır ki, artıq neçə əsrlərdir elmin bütün sahələrinin arxa planında motivəedici rol oynayır. Yəni təəccüblənəcəksiniz, hətta riyaziyyat, fizika, biologiya, fəlsəfə belə Lullinin kriptolayihəsi üzrə inkişaf edir. Məsələnin bu tərəfinin sübutu geniş və dərin yanaşma tələb edir. Onun üzərində dayanmaq imkanı yoxdur. Lakin əsas sual bu məqalədə belədir: Lulli kriptolayihəsinin dövlət dilinə nə aidiyyəti var?

Bu günlərdə belə bir eksperiment aparmışıq. Süni intellektə tarixi yaddaşla bağlı sual verilmişdir. Onun cavabının məzmunu belədir: Avropada tarixi yaddaş Lullinin təlimi əsasında məzmunlaşmışdır. Hətta süni intellektin idraki funksiyalarının ilkin primitiv variantı kimi Lullinin müddəalarını götürmək olar! Buradan dövlətçilik və dövlət dili məsələsinə məntiqi keçid etmək maraqlıdır.

Cəmiyyət dil məkanı kimi

Sizcə, Aristoteldən Lullliyə hər hansı intellektual və məntiqi bir “yol” vardırmı? Aristotel deyir ki, dövləti ünsiyyət yaradır, Lulli iddia edir ki, hər hansı həqiqət xristian dinindən qaynaqlanır və indi Qərb cəmiyyətlərinin tarixi yaddaşı bu təməl tezis üzərində formalaşmışdır. Bu iki tezisi dil məkanında sintez edək.

Belə alınır ki, dövlətin mövcudluğunda həqiqətlərin ifadəsi prinsipial rol oynayır, həqiqətlər isə xristian dinindədir. Onda həqiqətlərin hansı dildə necə ifadə edilməsinin, ümumilikdə, fərdi və kollektiv səviyyədə toplum üçün prinsipial əhəmiyyəti vardır. O cümlədən təhsildə əldə edilən biliklər tarixi yaddaşın məzmununa ciddi təsir edir. Onda təhsil də dolayısı ilə xristian dini və Avropa dillərindən birinin fəaliyyət məkanında formalaşan özəl bir struktur-funksional vahiddir. Bu mənada, elmlə təhsilin inteqrasiyası xüsusi layihə təsiri bağışlayır.

Lullidən sonrakı əsrlərdə yaşayıb-yaratmış Qərb mütəfəkkirləri həmin tezisi çox fərqli formalarda, lakin mahiyyətcə fərqlənməyən məzmunda əsərlərində təqdim etmişlər. İndi hətta robotların ingiliscə danışması təsadüfi deyildir. İndi “ingiliscə yaradılmış” süni intellekt belə Lullini tanıyır, ona “yaddaş əcdadı” kimi baxır. Məhz bu məqamda “yaponca danışan” robotla, “çin dilində danışan robotun” ruhu “ingilis robotdan” fərqlənir.

Chosen
95
aznews.az

1Sources