EN

Hüseynəli Quliyev: "Çalışacağıq ki, sonuncu pillədən qurtulaq"

"Səbail"in qapıçısı Hüseynəli Quliyev "Qarabağ"la son oyundan və bir sıra məsələlərdən danışıb.

Bundan sonra daha çox yerli futbolçuların legioner həyatı yaşayacağını düşünürəm.

Bunu "Səbail"in qapıçısı Hüseynəli Quliyev "Operativ Media" saytına müsahibəsində deyib 

- Azərbaycan Kubokunun 1/4 final mərhələsində hər iki oyunda "Qarabağ"a məğlub olaraq mübarizəni dayandırdınız. Son oyun haqqında fikirləriniz nədir?

- Rəqibimizin çox güclü olduğunu bilirdik. Hər iki oyunda əlimizdən gələni etməyə çalışdıq, ancaq təcrübəli rəqibimizə məğlub olduq.

- Premyer Liqada indiki vəziyyəti necə dəyərləndirirsiniz? Sonuncu pillədə olmağınızın səbəbi nədir?

- Liqada qalmaq şanslarımızın çox olduğunu düşünürəm, çünki komandadakı müsbət aura bunu deməyə əsas verir. Çalışacağıq ki, sonuncu pillədən qurtulaq.

- Komandanız sonuncu pillədə olsa da, qış fasiləsindən sonra oyun baxımından müsbət məqamlar çoxdur. Növbəti turda "Şamaxı" ilə qarşılaşacaqsınız. Bu oyun haqqında nə düşünürsünüz?

- Qış təlim-məşq toplanışını yaxşı keçirdiyimizi düşünürəm. Həm taktiki, həm də fiziki hazırlıq baxımından yüksəlişdəyik. "Şamaxı"ya qarşı oyunda da əlimizdən gələni edəcəyik ki, liqada qalmaq şansımız daha da artsın.

- Komandanızda hər iki qapıçı inamlı çıxış edir. Bəzən Əlirza Müştəbazadə, bəzən də siz qapını qoruyursunuz. Belə vəziyyətdə rəqabətdən çəkinmirsiniz?

- Əlirza ilə rəqabət həm ona, həm də mənə xeyir verir. Çünki sağlam rəqabətin olduğu yerdə inkişaf da olur. Biz həm meydanda, həm də meydandan kənarda bir-birimizə hər zaman dəstək oluruq və yaxşı dostluq münasibətimiz var.

- Gələn mövsümdən Premyer Liqada legioner limiti olmayacaq. Bu qərara münasibətiniz necədir? Sizcə, bu qərar Azərbaycan futboluna necə təsir edəcək?

- Qərar artıq verilib və Azərbaycan futboluna necə təsir edəcəyini zaman göstərəcək. Bundan sonra daha çox yerli futbolçuların legioner həyatı yaşayacağını düşünürəm. Bu, ölkə futbolu üçün müsbət ola bilər. Dediyim kimi, hər şeyi zaman göstərəcək.

Chosen
52
operativmedia.az

1Sources