EN

Böyük savaş olacaq-Rusiyaya qarşı Avropa ORDUSU QURULUR

Türkiyə Ukraynaya ordu yeridir. Belə olan halda yeni reallıqlar meydana çıxır.

Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli ''Ajans.az''a bildirib ki, Türkiyənin Ukraynaya ordu yeritməsi geniş profilli bir ssenari kimi nəzərdən keçirildikdə, burada fərqli istiqamətlərdə suallar meydana çıxır:

‘’Əvvəla, NATO daxilində ciddi parçalanmalar müşahidə olunur. Ukraynaya münasibətdə Tramp hesab edir ki, NATO-da bəzi "hazır yeyən" ölkələr var. Onların əksəriyyəti Avropa ölkələridir və nə maliyyə, nə də hərbi-texnoloji yükü ədalətli şəkildə bölüşürlər. Bu yük daha çox Birləşmiş Ştatların üzərinə düşür. Tramp, NATO-nun yenidən qurulmasını və fərqli standartlarla təşkil edilməsini təklif edir. Digər tələblərdən biri də ABŞ-nin maliyyə xərclərinin azalması, lakin liderliyinin davam etməsidir. Bu isə NATO-nun gələcəyinin qeyri-müəyyən və çətin bir dönəmə girdiyini göstərir.

Lakin Ukrayna müharibəsi göstərdi ki, Avropanın təhlükəsizliyi təmin olunmayıb. Avropa, son üç əsrdə yaşadığı taleyin təkrarı ilə üz-üzədir. Qərbi Avropa Rusiya qorxusuna görə ABŞ-yə sığınmaq məcburiyyətində qalır. Şərqi Avropa isə həmişə olduğu kimi Rusiya təzyiqi altında əzilməkdədir. Mövcud geosiyasi ssenari də bu istiqamətə doğru irəlilədiyinə dair ipucları verir.

Üçüncü ssenari isə Böyük Britaniyanın və Avropada yeni, qeyri-NATO hərbi blokunun formalaşması ilə bağlıdır. Son on ildə Britaniya və Türkiyənin güclü hərbi alyans qurduğunu görürük. Eyni zamanda, Avropa İttifaqı çərçivəsində Fransa prezidenti Makron da alternativ hərbi strukturlar yaratmaq təşəbbüsü ilə çıxış edib. Son görüşlər də bu mövzuyla bağlı idi. Almaniyada hakimiyyət dəyişikliyi və anti-Amerika baxışlarına sahib siyasi liderlərin önə çıxması Avropa Silahlı Qüvvələrinin və ya Avropa Birgə Ordusunun qurulması məsələsini gündəmə gətirib.

Lakin reallıq ondan ibarətdir ki, İkinci Dünya Müharibəsindən sonra heç bir böyük müharibədə iştirak etməyən ölkələr bugünkü münaqişə şəraitində ciddi hərbi gücə sahib deyillər. Faktiki olaraq, döyüş qabiliyyəti yüksək olan qüvvələr, nə qədər Rusiya qarşısında zəif qələmə verilsə də, Türkiyə və Ukrayna ordularıdır. Bu baxımdan, üçüncü bir hərbi birləşmənin meydana çıxma ehtimalı mümkündür.
Bu ssenarilərin fonunda Ukraynanın aqibətinin necə olacağı siyasi-diplomatik anlaşmalarla müəyyən ediləcək. Birləşmiş Ştatlar Trampın simasında bu prosesi aparır. Rusiya müəyyən dərəcədə güzəştlərlə təmin edilərək Çinə qarşı ABŞ ilə birgə hərəkət etməyə təşviq olunur. Hazırda dünya iki gücün – ABŞ və Çin – qarşıdurması çərçivəsində formalaşır. Bu kontekstdə Ukrayna siyasi-diplomatik baxımdan məğlub sayılır.

Lakin Ukraynada sabitliyi təmin edəcək və münaqişə tərəfləri arasında nəzarəti saxlayacaq keçid qüvvələrinə ehtiyac var. Burada ən önəmli rol Türkiyəyə məxsusdur. Türkiyənin Ukraynaya daxil olması anti-Rusiya və ya anti-Qərb mövqeyi ilə bağlı deyil. O, münaqişənin tərəfi kimi deyil, atəşkəsin əldə olunmasına və sabitliyin təmin edilməsinə töhfə verən vasitəçi kimi çıxış edir’’.
Ə.Əlibəyli vurğulayıb ki, Türkiyənin bu prosesdə ön plana çıxmasının arxasında qlobal güclərin strateji planları dayanır:

‘’Bu güclər Ukrayna üzərindən Türkiyəni daha güclü qlobal oyunçuya çevirməyə çalışırlar.

Məsələn, "The Economist" jurnalında yeni dünya düzənini təmsil edən altı liderin fotosu yayımlandı. Burada Tramp, Putin, Səudiyyə Ərəbistanının lideri, Çin lideri, Ərdoğan və İsrailin baş naziri yer alırdı. Bu, Türkiyənin dünya siyasətində yüksələn güc olaraq qəbul edildiyini göstərir. Türkiyə prezidenti Ərdoğanın Lavrov və Zelenski ilə keçirdiyi görüşlər də bu strategiyanın bir hissəsidir. Rusiya bu prosesdə öz payını alacaq. Qərbə gəldikdə isə Ukraynadan tədricən çəkilmək məcburiyyətində qalması Avropanı zəiflədir. Bu vəziyyət Avropanı ya Böyük Britaniya ətrafında yeni blok qurmağa, ya da NATO çətiri altında ABŞ-nin tələblərinə boyun əyməyə vadar edir.Nəticə etibarilə, Türkiyənin Ukraynada iştirakı bölgədə balans yaratmaq məqsədi daşıyır və onu qlobal səhnədə daha güclü mövqeyə çıxarır’’

Chosen
21
1
paytaxt.org

2Sources