EN

Bağırsaq xərçənginin gözlənilməz simptomları açıqlandı

Kolorektal xərçəng ən geniş yayılan və təhlükəli onkoloji xəstəliklərdən biridir. Müasir müalicə üsullarının inkişafına baxmayaraq, xəstəlik gec aşkar edildikdə 5 illik sağ qalma ehtimalı 40%-dən aşağı olur.

 

Rusiyalı onkoloq, tibb elmləri namizədi Dmitri Belkov bu xəstəliyin hansı gözlənilməz simptomlarla özünü göstərə biləcəyini izah edib.

 

Onun sözlərinə görə, yaş artdıqca kolorektal xərçəngin yaranma riski artır.

 

“Üstəlik, kişilər bu xəstəliyə qadınlardan daha çox meyillidirlər. Genetik faktorlar şişin yaranma riskini 3-5 dəfə artırır. Bundan başqa, xəstəliyin təxminən 50%-i həyat tərzi və kanserogen maddələrlə uzunmüddətli təmasla əlaqəlidir. Bağırsaq xərçəngi çox vaxt poliplərdən inkişaf edir, lakin onların hamısı bədxassəli şişə çevrilmir”, – deyə o bildirib.

 

Həkimin sözlərinə görə, bu xəstəlik yavaş inkişaf etdiyi üçün uzun müddət simptomlar üzə çıxnaya bilər. “Xəstəliyin ilkin əlamətləri illər sonra ortaya çıxır və onların intensivliyi şişin yerləşdiyi nahiyədən asılıdır. Bağırsağın sağ tərəfində yerləşən şişlər aşağıdakı simptomlarla müşayiət oluna bilər: xroniki yorğunluq və halsızlıq, anemiya (qan azlığı), çəki itkisi, periodik qızdırma (bədən temperaturunun artması). Bağırsağın sol tərəfində yerləşən şişlər isə fərqli əlamətlərlə özünü göstərir: qəbizlik və ya ishal, qarnın ağrısı və köp (meteorizm), bağırsaq keçilməzliyi, nəcisdə qan və irin qarışıqları, defekasiya zamanı kəskin ağrılar”, – deyə həkim izah edib.

 

Onkoloq Belkov bağırsaq xərçəngindən qorunmağın ən effektiv yolunun müntəzəm kolonoskopiya olduğunu vurğulayıb.

 

“Kolonoskopiya zamanı polipləri dərhal çıxarmaq mümkündür. Bu, gələcəkdə xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər”, – deyə o bildirib.

Chosen
80
11
tribunainfo.az

10Sources