28 fevral 2025-ci il tarixində “QAYIDIŞ” İctimai Birliyinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə “Vətən Fədailəri” layihəsinin rəhbəri, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü Manya Səxavətqızının tələbələrlə görüşü keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə ilk olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Həmkarlar İttifaqının sədri Şahmar Rəfili çıxış edərək bu kimi tədbirlərin və ərsəyə gələn kitabların gənclik və gələcək nəsillər üçün əhəmiyyətindən danışıb.
Tədbirdə Manya Səxavətqızı Xocalı faciəsi ilə yanaşı, Azərbaycan xalqının fevral ayında yaşadığı digər faciələr və ilk şəhidlərimiz barədə məlumat verib. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi və vətənpərvərliyin təbliği məqsədilə “Vətən Fədailəri” layihəsi çərçivəsində ərsəyə gələn kitablar haqqında layihənin rəhbəri Manya Səxavətqızı və layihənin ümumi dəstəkçisi, Qazi oğlu və şəhid qardaşı Şahin Məmmədov ətraflı məlumat verərək kitabları təqdim ediblər.
Tədbirdə iştirak edən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, şəhid mayor Vüsal Vəliyevin qardaşı, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu, şəhid Nicat Qasımlının atası Elşən müəllim atılan addımların mahiyyəti barədə çıxış ediblər. Görüşün sonunda tələbələrə hədiyyələr verilib və xatirə şəkli çəkilib.