EN

Dmitri Peskov: Zəruri hallarda Rusiya və Türkiyə liderlərinin təmasları olacaq

Moskva, 3 mart, AZƏRTAC

Zəruri hallarda Moskva ilə Ankara arasında ən yüksək səviyyədə təmaslar olacaq. Rusiya ilə Türkiyə arasında münasibətlərin səviyyəsi bir neçə saat ərzində bunu razılaşdırılmağa imkan verir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, ötən həftə xarici işlər nazirləri səviyyəsində təmasların olduğunu, Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ankaraya rəsmi səfər etdiyini xatırladıb. Əlavə edib ki, bunlar ikitərəfli əlaqələrin fəallığını təsdiqləyir.

“Yüksək səviyyədə təmasların olmamasından danışmağa ehtiyac yoxdur. Həm işçi, həm də ekspert səviyyəsində dialoq var. Bu proses dayanmayıb və dayanmayacaq”, -deyə D. Peskov vurğulayıb.

Onun sözlərinə görə, zərurət yaranarsa, ən yüksək səviyyədə təmaslar baş tuta bilər, çünki Moskva ilə Ankara arasında əlaqələr sıxdır və onlar aktivdir.

“Lazım gələrsə, ən yüksək səviyyədə əlaqələr də olacaq. Münasibətlərimiz o qədər sıx və aktivdir ki, bütün lazımi təmaslar bir neçə saat ərzində razılaşdırılır”, -deyə Kreml nümayəndəsi qeyd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
27
2
azertag.az

3Sources