EN

Tələbə biletləri ilə bağlı universitetlərə çağırış

Rəqəmsal tələbə biletləri ilə bağlı ali təhsil müəssisələrinə çağırış edilib.

Ölkə.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü Osman Gündüz danışıb. O, ötən il  İRİA, ETN və Azərbaycan Texniki Universitetinin birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadə layihəsinə start verildiyini xatırladıb:

“İRİA və ETN mövcud datalardan istifadə etməklə yeni dəyər formalaşdıraraq tələbə biletlərini "myGov" tətbiqi üzərindən rəqəmsal formada təqdim etmək imkanı yaradıb. 
Yəni tələbələr SİMA imza ilə myGov tətbiqinə daxil olmaqla burada tələbə məlumatlarının əks olunduğu “tələbə kartı”nı əldə edirlər. Bununla da tələbələr alternativ olaraq, fiziki formada tələbə kartı olmadan da tələbə məlumatlarını lazım olan yerlərə təqdim edə bilirlər.
İRİA myGov-dakı tələbə məlumatlarının oxunması üçün də “MyGov Checker” tətbiqi yaradıb və  qurumlar öz səlahiyyətli şəxsləri vasitəsilə bu tətbiqdən istifadə  etməklə tələbə məlumatlarının oxunmasını həyata keçirirlər.  

Ötən il qısa müddətdə AzTU-nun 10 mindən çox tələbəsi mvGov mobil tətbiqini telefonlarına yükləyib və SİMA imza ilə qeydiyyatdan keçiblər. Universitetin Mühafizə xidmətinə İRİA əməkdaşları təlim keçib.

Hazırda AzTU-da tələbələrin qeydiyyataı alternativ olaraq həm də myGov üzərindən aparılır. Universitet rəhbərliyi və Mühafizə xidməti bununla da gündəlik olaraq tələbələrin məlumatlarının yoxlanılması və tarixçə haqqında, həm də hansı səlahiyyətli şəxslər tərəfindən yoxlanılması haqqında məlumatlı olur.

Düşünürəm ki, belə bir layihənin digər Universitetlər tərəfindən də reallaşdırılması çox faydalı olardı”.

O.Gündüzün sözlərinə görə, bununla bağlı universitetlərdə məsul şəxslərin ayrılması və İRİA  ilə əlaqə saxlanılması yetərlidir:
“Layihənin qısa zamanda reallaşması üçün İRİA və ETN tərəfindən bütün imkanlar yaradılıb, öyrədici materiallar hazırlanıb və zəruri dəstək göstərilir. Bütün xidmətlər pulsuzdur.
Universitetlər sadəcə myGov tətbiqini tələbələrin telefonlarına yüklənməsinə təşəbbüs göstərməli  və  tələbə məlumatlarını yoxlayacaq şəxslərə checker.e-gov.az portalında səlahiyyətlər verməlidir.

Düşünürəm ki, yüz minlərlə tələbənin rəqəmsal hökumət həllərinə, “rəqəmsal tələbə kartı”, “rəqəmsal şəxsiyyət vəsiqəsi” və digər rəqəmsal sənədlərə,  SİMA imzaya sahib olması ölkədə rəqəmsal transformasiyanın inkişafına ciddi təkan verəcək.
Universitetlərin “rəqəmsal tələbə kartı” layihəsinə qoşulması və bunu təşviq etməsi çox vacib və faydalı olardı.

Universitetlər üçün aşağıdakı faydalı məlumatları da diqqətinizə çatdırıram :

1. Tələbələr myGov mobil tətbiqini “APP Store” və “Play Store”dan yükləyə bilərlər.
2. Tətbiqi yüklədikdən sonra “Digital Login” vasitəsilə tətbiqə giriş etmək lazımdır. Digital Login sistemdə qeydiyyat üçün SİMA və ya Video qeydiyyat imkanı mövcuddur və köməkçi materiallar da orada yerləşdirilib.
3. Universitet rəhbərliyi, mühafizə xidməti paylaşılan sənəd və məlumatların doğruluğunu yoxlamaq üçün myGov Checker-dən istifadə edirlər, “app” və veb versiyalar mövcuddur.
4. Layihə ilə bağlı İRİA-da Tural Həsənovla ([email protected]) əlaqə saxlamaq olar”, - deyə o əlavə edib. 

Billurə

Chosen
48
1
olke.az

3Sources