EN

Robotlar artıq robot istehsal edəcək: İşçilərə dəstək olacaqlar

"Apptronik" şirkəti insanabənzər robotlarının istehsal xəttində özlərini qurmasına imkan verəcək bir razılaşma imzalayıb. 

Valyuta.az xəbər verir ki, Texas ştatının Ostin şəhərində yerləşən şirkət ötən həftə təchizat zənciri nəhəngi "Jabil" ilə bu çərçivədə tərəfdaşlıq etdiyini açıqlayıb. Şirkətin məlumatına görə, adətən elektron dövrə lövhələrinin istehsalı ilə tanınan "Jabil" "Apptronik"in "Apollo" robotlarının real şəraitdə sınaqdan keçirilməsi üçün zavod mühiti təmin edəcək.

"Apptronik" bildirir ki, "Jabil"in zavodlarında yerləşəcək "Apollo" robotları yoxlama, yığma, xəttlər arasında çatdırılma və montaj elementlərinin quraşdırılması kimi sadə və davamlı təkrarlanan tapşırıqlarda çalışacaq. Bundan əlavə, "Jabil" öz zavodlarında "Apollo" robotlarının istehsalını da öhdəsinə götürüb. Bu isə sınaqlar uğurlu olarsa, robotların gələcəkdə özlərini yığmağa kömək edəcəyi anlamına gəlir.

Bununla yanaşı, "Apptronik" bildirir ki, "Jabil"in zavodlarındakı robotlar mövcud işçilərə dəstək vermək üçün nəzərdə tutulub və bu, işçilərə robotların yerinə yetirə bilmədiyi layihələr üzərində işləmək üçün daha çox vaxt qazandıracaq. Məlumata görə, əvvəllər robotların icra etdiyi tapşırıqlarla məşğul olan işçilər indi vaxtlarını daha yaradıcı və düşüncə tələb edən layihələrə ayıracaqlar.

"Apptronik" ilk dəfə 2016-cı ildə Ostindəki Texas Universitetində yerləşən laboratoriyada fəaliyyətə başlayıb. Şirkət 2022-ci ildə insanabənzər robotların inkişafı üçün NASA ilə əməkdaşlıq müqaviləsi imzalayıb. İlk insanabənzər robotu olan "Apollo" isə 2023-cü ilin avqustunda təqdim edilib.

Həmin dövrdə "Apptronik"in baş direktoru Ceff Kardenas belə demişdi: "Buradakı əsas fikir insanabənzər robotun insanın yerləşə biləcəyi bütün məkanlara yerləşməsi və insanların istifadə etdiyi bütün alətlərdən istifadə etməsidir. Bu yanaşma robotlar üçün dünyanı dəyişmək əvəzinə, onları bizim üçün qurulmuş dünyaya uyğunlaşdırmağa imkan verir".

Bu, "Apptronik"in "Apollo" robotlarını zavod mühitində yerləşdirməsi ilə bağlı ikinci razılaşmadır. Şirkət 2024-cü ilin mart ayında "Mercedes-Benz" ilə istehsal xəttlərində sadə tapşırıqlarda "Apollo" robotlarını sınaqdan keçirmək üçün müqavilə bağlamışdı.

Qeyd edək ki, zavod mühitində insanabənzər robotlar yerləşdirən ilk şirkət "Apptronik" deyil. BMW 2024-cü ilin iyununda Kaliforniyada fəaliyyət göstərən "Figure" şirkətinin insanabənzər robotlarını Cənubi Karolinanın Spartanburq şəhərindəki zavodunda uğurla sınaqdan keçirdiyini açıqlamışdı.

BMW bildirib ki, "Figure 02" robotları bir neçə həftəlik sınaq müddətində metal lövhə detallarını uğurla yerləşdirib və daha sonra bunlar avtomobilin şassi və ya alt çərçivəsinin bir hissəsi kimi birləşdirilib.

Paşa Məmmədli

Chosen
32
valyuta.az

1Sources