EN

"Olan", "ədə", "qolay" sözləri hansı kökdən gəlir?

No
Dr. Abbasəli Əhmədoğlu
İngilis ədəbiyyatı üzrə fəlsəfə doktoru

Ağır, ağız dilimizi bilmədikcə yazdığımız romanlar, hikayələr, dramlar, senariolar, bir söz'lə ədəbi dilimiz şablonlaşmış kobud dilə çevrilib el içində yaşamaqda olan ana dilimizi kreollaşmış, ölü, qısır bir dilə çevirə bilər. Bu bəladan qaçmaq üçün ana dilimizdə yazıb oxumağı təbii insan haqları bilib, üstəlik sevib yazanlar bu durumu başa düşməli dir.

Örnək üçün, bir senarioda bir prezident rəsmi bir durumda bilyurdda (universitetdə) professorlara danışır. İş elə dolanır, eyni karakter (obraz) tam gizli bir durumda bir çoban ilə dağ başında danışmalı olur. Bu ortamda o adam prezident dili (ağır dil) danışmalı, yoxsa el içində danışılan ağız dilində?

Eyni karakterin heç olmasa neçə nəfər yaxın dostu, bir də öz əvindəkilər var. Fərz olunmuş senarioda prezident karakteri yaxın dostları, eləcə də əvindəkilər’lə prezident məqamında danışdığı ağır dili (rəsmi dil) danışmalı, yoxsa öz aramızdakı ağız dili? Örnək üçün əvdə oğluna, qızına, arvadına (yoldaşına) ayrı-ayrı danışarkən “Siz” işlətməli, yoxsa “Sən”?

Ədəbiyyat bu durumu yarada bilməsə, ədəbiyyat sayıla bilməz.Ana dilimizin el içində yaşamaqda olan incəliklərini tullayıb yadelli kobud sözcükləri qullanan ədəbiyyat qısır qalar. Qısır bir ədəbiyyat isə el içində alınmaz. M. H. Şəhriyarın Heydər baba poeması niyə onca el içində yayıldı? Ana dilimizdə, el içində işlək olan incəlikləri öz mətnində yaşadıb elin ürəġinə hakim olduğunu başardığına görə.

Örnək üçün bir dövlət işçisi dövlət tərəfindən millətin üyəsi olan bir dağbaşı adamının işindəki düġünü açmaq üçün görəv başında bir çobana belə danışır:

"Aqrar Təsərrüfat Nazirliġinin Kommunikasiya əlaqələri zabitlərinin verdiġi rapordan sizin aqrar mülkiyyətə xəsarət verdiġiniz müşahidə olunub."

O çoban bu durumda bilirsiz necə cavab verər?

"Olan! Dur ...dir görək! Heç özün bildin nə ... yeyirsən?"

Ədəbiyyatımız bu üç nöqtələr'lə hara çata bilər? Başqa söz’lə, ədəbiyyat sadəcə sevgi dəġil. Ədəbiyyatda da duyquların hamısı yerli yerində var. Hirslənib özündən çıxmış bir karakter “Qadan alım! Başıva dolanım!” deməz axı. Yeri gəldikdə haman o dövlət məmuru o çobandan yüz qat daha üzdəniraq söġüşlər işlətməġin ustası dır. İnanmırsız, istədiġini verməġin görün nə görürsüz! O üç nöqtələri biz ədəbiyyatda üç nöqtə ilə görsətsək də, oxuyan birisi nə olduğunu göġdə vurur. Haradan bilir? Zatən bilməsə, bu dili ana dili kimi yox, yad elli birisi olaraq dərsliklərdən örgənib.

Ədəbi dil yaxud ədəbiyyat dediġimiz, insanın doğal (təbii) duyqularını olduğu kimi görüntüləməġi bilməli dir. O da ana dilimizin zəngin sözcük dinizinin incilərindən yararlanmaq'la ola bilər. Dünya ədəbiyyatı bu sirri bilir, işlədir. Biz isə kəsib atırıq. Eliçi sözcükləri toplumun yuxarı qatı (russevər dildə desək: elitası) kəsib atmaq'la elin varlığını, insan haqlarını, mədəni irsini yoxa sayır. Bu da kimin zərərinə dir? Yanan bütövlükdə ana dilimiz, ədəbiyyatımız, varlığımız olur. Qərar dəġil, yuxarı, orta, aşağı qat kimi alınmış kəsimlər bir-birini dansın. Toplum bütün kəsimləri, ayrıntıları'yla zəngin, gözəl, sevimli və törədici olar. Zatən toplumcul kəsimləri (ictimai sektorları) bir-birindən ayıran da yerində danışmağı başarmaq çıxarından (qabiliyyətindən) irəli gəlmirmi? Elə isə toplumun ən azı üçdə ikisini heçə sayıb yox etmək’lə o yuxarı qat dediġimiz öz-özünə öz varlığını, dəġərini itirmiş olar. Ağ qaradan, qara ağdan, işıq qaranlıqdan, qaranlıq işıqdan doğulduğu kimi toplumdakı o nisbi aşağı-yuxarı, pis-yaxşı da bir-birindən doğulur.

Bu yazıda ana dilimizdə işlənən üç sözcüġün işləv durumuna göz salacağıq. Arazın güneyində "Qolay", "Ədə!", "Olan!" sözcüklərini ata-babadan qalmış sözlər olaraq bizlərişlədirik. Yaxın dost, ya səndən yaşda kiçik, yaşıd olan ailə üzvünə gecikdikdə deyirik:
- "Olan! Bə sən harda qalıbsan?"

Eyni cümləni tam səmimiyyət, hətta sevgi görsətmək üçün belə də işlədirik:
"Gədə/Ədə! Bə sən harda qalıbsan?"

Eyni cümlənin tonun (ləhnin) dəġişib biraz acıqlı bir səs’lə, yaxud hisrli bir səs’lə dedikdə danışıq tərəfin kim olduğu dəġişir. Başqa anlamda bir örnək:

"Olan/Ədə/Gədə! Bə sən niyə adam olmursan?"

"Olan!", "Gədə!", "Ədə!" ağız dili (qeyri rəsmi dil) dir, ağır dildə (rəsmi dildə) işlənməz.
"Ədə" Qərə Ziyyəddin şəhərinin, yaxın kəndlərində "Ata" yerinə işlənir. Bu qələmin sahabının Qərə Ziyyəddinin indi şəhərə qarışmış Bəġcuvan kəndindən olan yaxın dostu, eləcə də ailəsi atalarına "Ədə" deyirlər. O kəndin bütün əhalisi atalarını “Ədə” çağırır.Başqa bir qonşumuz da atasını "Ədə" səsləyərdi. Biz də uşaqkən onu lağa qoyardıq. Adı Zeynal idi. Ancaq hamı onu "Ədə! Mənə sarı çişmiş" çağırardı.

"Dədə"nin sayqısından utanıb çəkinən ailələr "Dədə" sözcüġünü qısaldıb "Ədə" işlətməġi çıxış yolu seçiblər. Yeri gəlmişkən, Bəġcuvan kəndi düz Ağ çayın quzey qıyısında yerləşir. “Cuvanlıq” işi əkinçilik yaşamında əkinçilər arasında adil bir insana verilmiş bir məqam idi. O adil insan suyu əkinçilər arasında ədalət’lə hamını razı saxlayaraq bölüşdürərdi. Bizim ata-baba qonşumuz “Cuvan məş Əhbər” əmi qəhvəxanaya gedəndə- kimsəyə borclu olmasın deyə - heç kəsin çayını içməzdi. Neçə il bundan qabaq dünyasını dəġişdikdə məhəlləmizdən ay ürəkli bir ata rəhmətə qovuşaraq məhəlləmizin dadı-duzu qaçıb getdi.

"Qolay" sözcüġü isə örnəġin belə cümlələrdə işlənir:

Kefsiz birinin sağlıq durumunu soruşanda:

- Səlam ... Necəsən? Bir qolay düzəlibsən?

- Hə, şükürlər olsun! Bu gün bir qolay yaxcıyam.

Başqa anlamda çətin bir işə girişdikdə belə işlənir:

"Bu işin qolay yolları var.

Vahid Çəmənli yazır: “Bu sözləri 60-larda atamdan eşitmişəm”! Bu sözü bir yazar, publisist, şair yazırsa, deməli rəhmətlik atasının danışdığı dil bu gün artıq danışılmır. Bu da ana dilimizin indiki durumunu gərçək anlamda görüntüləyir.

Xalid Kazımlı isə yazır: “Arazın bu tayında, Füzulidə isə “qolay” sözünü belə işlədirik: "Filankəs qoluma qolay dır". Yəni ona gücüm çatar.”

Türküstan qəzetinin baş yazarı, Aqil Camal yazır: Biz tərəfdə (Kəlbəcər) "filankəs qolay adamdı" yəni, yaxşı adam deyil anlamında işlənirdi.”

Eyni anlamda bizim tərəfdə də işlənir. “Qolay adam” söz birləşimi “pis adam” anlamında işlənməsinin çox dəġərli fəlsəfi bir anlamı var. Pis adam olmaq qolay olduğuna görə “qolay adam” anlamı yaranıb. Onun qarşısında yaxşı adam olmaq çətin həm də çox çətin dir. Biz dilimizin belə dərin incəliklərini qələmə almadıqca qoruya bilmərik. Qələmin gücünə inanmalıyıq. Qələmin özünə, yazdığına and içmiş Allaha inandığımız kimi.

Chosen
18
turkustan.az

1Sources