EN

Qərbin riyakarlığı

Son həftələr Vaşinqtonun Ukrayna müharibəsinə münasibətində açıq-aşkar dəyişikliklər baş verib. Əgər Bayden administrasiyası dövründə hadisələr tammiqyaslı Rusiya işğalı kimi təqdim olunurdusa, Trampın hakimiyyətə gəlməsi ilə ABŞ ritorikasında radikal düzəlişlər edilib: artıq bu “işğal” deyil, “Rusiya-Ukrayna münaqişəsi” adlandırılır.

Bundan da önəmlisi, Rusiya öz ənənəvi diplomatik mövqelərinə zidd olaraq, Vaşinqton tərəfindən irəli sürülən və məhz bu ifadəni təsbit edən qətnaməni dəstəklədi. Bu, təkcə termin dəyişikliyi deyil – bu, müharibəyə yanaşmada fundamental dəyişiklikdir, aqressoru və qurbanı eyni səviyyəyə qoymaq cəhdidir.

Ritorikadan anlayışların təhrifinə: ABŞ Ukraynanı “kompromisə” necə sürükləyir?

Ritorikanın dəyişməsi günahsız söz oyunu deyil. Beynəlxalq diplomatiyada terminlər gələcək addımları müəyyənləşdirir.

Münaqişə ikitərəfli adlandırılan kimi, bərabər əsaslarla danışıqlar üçün zəmin yaranır və bu, avtomatik olaraq kompromisi nəzərdə tutur.

Bəs aqressorla kompromis nə deməkdir? Bu, onun cinayətlərini qanuniləşdirmək deməkdir. Bu, Ukraynanın ərazilərinə Rusiya tərəfindən hüququn tanınması və Qərbin başqa hallarda israr etdiyi sərhədlərin toxunulmazlığı prinsipinin məhv edilməsi deməkdir.

 

Ukraynanın və Avropanın reaksiyası: ABŞ-ın yeni siyasətinə qarşı müqavimət

 

Ukrayna dərhal bu yeni ritorikanın təhlükəsini anladı və kəskin etiraz etdi. Kiyev başa düşür ki, əgər Qərb artıq Rusiyanı aqressor kimi görməzsə, Moskvaya təzyiq zəifləyəcək və bu, Ukraynaya kapitulyasiya şərtləri diktə olunmasına gətirib çıxaracaq.

Böyük Britaniya və Almaniya da narazılığını ifadə etdi. Almaniyanın xarici işlər naziri Annalena Birbok bildirdi: “Biz aqressorla qurbanı eyni tərəzidə qoya bilmərik. Əgər müharibəni “münaqişə” adlandırsaq, onu kimin başladığını unudacağıq”.

Avropa Birliyi (AB) da təhlükəni dərk edir. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bəyan etdi: “Bizim Ukraynaya dəstəyimiz sarsılmazdır və istənilən ritorik dəyişiklik yanlış siqnal verə bilər.”

Amma bu, Qərbin ilk dəfə ikili standart nümayiş etdirməsi deyil.

 

Azərbaycan artıq bu riyakarlığı yaşamışdı

 

Bu cür diplomatik hiylələr Azərbaycan üçün yenilik deyil. 25 ildən artıq bir müddət ərzində beynəlxalq ictimaiyyət Qarabağın işğalını “ərazi mübahisəsi”, yox, aqressiya aktı kimi dəyərləndirməkdən çəkinirdi.

1992-ci ildə Ermənistan silahlı qüvvələri Rusiyanın dəstəyi ilə Qarabağı və ətraf rayonları işğal edəndə, beynəlxalq təşkilatlar “neytral diplomatiya” nümayiş etdirərək Azərbaycanı və Ermənistanı münaqişənin “tərəfləri” kimi təqdim etdi.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874, 884) Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini açıq şəkildə qeyd edir və qoşunlarını oradan çıxarmağı tələb edirdi. Lakin bu sənədlər kağız üzərində qaldı.

İkili standartın sübutu: 1999-cu ildə NATO Yuqoslaviyanı “humanitar müdaxilə” adı altında bombalayanda, Qərb bunu aqressorun cəzalandırılması ilə izah edirdi. Lakin Qarabağın 30 illik işğalı zamanı eyni yanaşmanı tətbiq etməkdən boyun qaçırdı.

 

Qərbin Ermənistanı necə müdafiə etməsi və aqressiyanı necə ört-basdır etməsi

 

Hətta Azərbaycanın 2020-ci ildəki 44 günlük müharibədə qələbəsindən sonra da Qərb eyni siyasəti davam etdirdi – Ermənistanın aqressiyasını legitimləşdirməyə çalışdı.

1. Müharibədən sonra Fransa Azərbaycana sanksiyalar tətbiq etməyi təklif etdi, lakin 30 il ərzində Ermənistanı işğala görə heç vaxt sanksiyalarla təhdid etmədi.

2. AB erməni silahlı qüvvələrinin Qarabağda qalmasını “erməni əhalisinin hüquqlarının qorunması” adı altında müdafiə edirdi.

3. Qərb siyasətçiləri, o cümlədən Emmanuel Makron, “Qarabağ ermənilərinin təhlükəsizliyi”ni Azərbaycanın ərazi bütövlüyündən üstün tuturdu.

Rusiya Ukraynaya hücum edəndə Qərb sərhədlərin toxunulmazlığından danışırdı. Bəs niyə Ermənistan Azərbaycanın 20 faizini işğal edəndə bu prinsip işləmirdi?

Cavab sadədir: Çünki Azərbaycan Qərb üçün “rahat ölkə” deyil – o, müstəqil siyasət yürüdür.

 

ABŞ Ukrayna məsələsində Qərbin əvvəlki səhvlərini təkrarlayır

 

Bu gün Vaşinqton Ukraynaya qarşı eyni strategiyanı tətbiq edir, hansı ki, Qərb illərlə Azərbaycana qarşı istifadə etmişdi:

Ritorikanı dəyişir, anlayışları təhrif edir və Rusiya ilə Ukraynanı “münaqişənin bərabər tərəfləri” kimi təqdim edir.

Kiyevə sərf etməyən danışıqları qəbul etdirməyə zəmin hazırlayır.

Rusiyanın hərbi cinayətlərini görməzdən gəlir – eynilə Qərbin Ermənistanın cinayətlərini gözardı etdiyi kimi.

 

Bu nə ilə nəticələnə bilər?

 

1. Ukraynaya dəstəyin azalması. ABŞ Rusiyanı artıq aqressor kimi tanımadığı an, Konqres Kiyevə hərbi yardımın azaldılmasını gündəmə gətirəcək.

2. Moskva ilə “kompromisin” diktə edilməsi. Ukrayna ərazilərindən imtina etməyə məcbur olacaq.

3. Digər aqressorlar üçün nümunə. Əgər Rusiya ilə güzəşt normaya çevrilsə, Çin bunu Tayvan məsələsində öz xeyrinə istifadə edəcək.

ABŞ odla oynayır. Necə ki, Azərbaycan məsələsində Ermənistanı “münaqişə tərəfi” kimi təqdim edərək Azərbaycana xəyanət etdi, indi də Ukraynaya xəyanət edərək müharibəni “münaqişə” adlandırır.

 

ABŞ və AB beynəlxalq hüquq prinsipini məhv etdi

 

Azərbaycan 30 il ədalət tələb edəndə Qərb bunu “münaqişə” adlandırdı.

İndi Ukrayna ədalət tələb edir – ABŞ eyni aləti işə salıb, məsuliyyəti yayındırır.

Rusiyanın aqressor kimi tanınmaması Ukraynaya qarşı ilk xəyanət addımıdır – eynilə Ermənistanın “münaqişə tərəfi” kimi tanınması Azərbaycana qarşı xəyanət idi.

Əgər aqressiyanın qurbanı ədalət əldə etməsə, aqressorlar daha da cəsarətlənir.

Qərb Ermənistanı müdafiə etdi – nəticə: 30 illik müharibə.

İndi Qərb Rusiyanı müdafiə edir – Ukraynanı nə gözləyir?

Dünya seçim etməlidir: O, güc prinsipini qoruyacaq, yoxsa ədaləti?

Azərbaycan bu suala cavab verdi – o, öz ədalətini güc yolu ilə əldə etdi.

Kiyev görünür, öz növbəsini gözləyir...

Chosen
44
vaxt.az

1Sources