Son vaxtlar zəif təsir bağışlayan "Qalatasaray"da baş məşqçi Okan Burukun istefası tələb olunur.
Offsideplus.az xəbər verir ki, bununla əlaqədar azarkeşlər sosial mediada hətta #istifa həşteqi yaradıblar.
Məsələ ilə bağlı danışan Okan Buruk isə təmkinini pozmayıb: "İstefa çağırışlarına önəm vermirəm. Sosial mediada bunları yazanların çoxu "Fənərbağça" azarkeşləridir. "Qalatasaray"ın fanatları məni tanıyır və sevir".
51 yaşlı çalışdırıcı "Cim Bom"un son 6 rəsmi matçda cəmi 1 qələbə qazanmasının da səbəblərini açıqlayıb: "Komandanın nəticələrindəki durğunluğun səbəblərini hərə bir tərəfə çözür. Guya futbolçulara gecə həyatı maneçilik törədir. Axırıncı 1 ayda 9-10 matça çıxmışıq. Bu vaxt ərzində oğlumla birgə klubun bazasında yaşadım. Nə futbolçuların, nə də mənim nəfəs almağa halmız var. Heç kim bu kluba haqsızlıq etməsin. Superliqada məğlubiyyətə uğramayan yeganə komandayıq. Rəqiblər hər nə etsələr də, sonda çempion biz olacağıq".
Qeyd edək ki, "Qalatasaray" Avropa Liqasında mübarizəni dayandırmasına baxmayaraq, çempionatda liderliyini davam etdirir.